MİLLİ MƏCLİSDƏ QƏBUL
Milli Məclisin sədri Murtuz Ələsgərov martın 23-də Malayziyanın, Finlandiyanın, Taylandın, Danimarkanın, Meksikanın, İrlandiyanın, Cənubi Afrika Respublikasının, Yəmənin və Sloveniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirlərini qəbul etmişdir.
Yeni təyin olunmuş səfirləri səmimiyətlə salamlayan parlamentin spikeri dedi ki, Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra dünyanın bir çox ölkələri ilə diplomatik əlaqələr yaratmışdır. O, ölkəmizin 1991-ci ildən yeni inkişaf yoluna qədəm qoyduğunu, müstəqil dövlət kimi bir sıra beynəlxalq təşkilatların üzvü olduğunu, onlarla sıx əməkdaşlıq etdiyini vurğulamışdır. Parlamentin sədri onu da bildirdi ki, 1993-cü ildə Heydər Əliyev Azərbaycan Prezidenti seçildikdən sonra ölkəmiz demokratik inkişaf yolu ilə inamla irəliləyir, müstəqil dövlət kimi öz nailiyyətlərini ilbəil artırır.
Ötən illər ərzində referendum yolu ilə Azərbaycanın yeni konstitusiyası qəbul edilmiş, Milli Məclis ölkəmizin bazar iqtisadiyyatı yolu ilə inkişaf etməsi üçün zəruri qanunlar qəbul etmişdir.
Söhbət zamanı səfirlərə ölkəmizdə hüquqi islahatlar barədə məlumat verildi, Milli Məclisin qəbul etdiyi qanunların Avropa Şurasının mütəxəssisləri tərəfindən ekspertizadan keçirildiyi vurğulandı.
Sonra Murtuz Ələsgərov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəbləri barədə danışdı və ölkəmizin ərazi bütövlüyünün təmin olunması, bu münaqişənin ədalətli yolla, beynəlxalq hüquq normaları əsasında həll edilməsi məqsədilə Azərbaycan dövlətinin apardığı siyasətdən söz açdı.
Milli Məclisin sədri həmçinin Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, ölkəmizə xarici investisiyaların cəlb edilməsi, neft müqavilələrinin həyata keçirilməsi sahəsində görülən işlərdən də danışdı.