MİLLİ MƏCLİSƏ SEÇKİLƏR ŞİRVAN BÖLGƏSİNDƏ DƏ SEÇİCİLƏRİN FƏALLIĞI ŞƏRAİTİNDƏ KEÇMİŞDİR
Bölgə üzrə ayrı-ayrı dairə seçki komissiyalarından AZƏRTAC-ın müxbirinə verilən məlumatlar səsvermənin seçicilərin fəallığı şəraitində keçdiyini göstərir. Bütün dairələrdə seçkiləri yerli və beynəlxalq qurumları təmsil edən çoxsaylı müşahidəçilər izləmiş, exit-pollar keçirilmişdir.
50 SAYLI QOBUSTAN-XIZI-QUBA
SEÇKİ DAİRƏSİ
Dairə seçki komissiyasının sədri Ağamahmud İsmayılovun verdiyi məlumatda bildirilir ki, dairəyə daxil olan 60 məntəqədə səsvermə uğurla başa çatmışdır. Dairə üzrə 32508 nəfər seçicidən 15597-si və ya səsvermə hüququ olanların 48 faizi məntəqələrə gələrək, öz namizədlərinə səs vermişlər.
57 SAYLI KÜRDƏMİR SEÇKİ DAİRƏSİ
Dairə seçki komissiyasının sədri Vaqif Alıyev bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin Milli Məclisə seçkilərin azad, demokratik və şəffaf keçirilməsi ilə bağlı məlum sərəncamları səsvermədə seçicilərin yüksək fəallığı üçün stimul olmuşdur. Dairə üzrə səsvermə hüququ olan 41077 seçicidən 19363 nəfəri və ya 47,1 faizi səs vermişdir. Yaradılmış 45 məntəqənin hamısında səsvermə müvəffəqiyyətlə keçmişdir.
85 SAYLI ŞAMAXI SEÇKİ DAİRƏSİ
Dairə seçki komissiyasının sədri Vahid Xanəliyev səsvermə prosesinin uğurla başa çatdığını bildirərək demişdir ki, təşkil olunmuş 64 məntəqədə 21194 nəfər səs vermişdir ki, bu da qeydə alınmış 43338 seçicinin 48,9 faizini təşkil edir. Bütün məntəqələrdə səsvermənin gedişini 296 nəfər yerli, beynəlxalq qurumları təmsil edən 12 nəfər müşahidəçi izləmişdir.
86 SAYLI İSMAYILLI SEÇKİ DAİRƏSİ
Dairə seçki komissiyasının sədri Əflatun Ağayev bildirmişdir ki, lazımi şərait yaradılmış 58 məntəqədə səsvermə müvəffəqiyyətlə aparılmışdır. Çoxsaylı yerli və xarici müşahidəçilərin izlədikləri səsvermədə qeydə alınmış 38887 seçicidən 23408-i və ya 62 faizi iştirak etmişdir.
87 SAYLI AĞSU-İSMAYILLI SEÇKİ DAİRƏSİ
Dairənin sədri Azad Dursunəliyevin məlumatında bildirilir ki, təşkil olunmuş 61 məntəqənin hamısında səsvermə prosesi müvəffəqiyyətlə keçmişdir. Qeydə alınmış 39685 nəfər seçicidən 19463-ü səsvermədə iştirak etmişdir. Bu da ümumi seçicilərin 49,04 faizini təşkil edir.
88 SAYLI GÖYÇAY SEÇKİ DAİRƏSİ
Dairə seçki komissiyasının sədri Eldəniz Həmidov bildirmişdir ki, yaradılmış 38 məntəqənin hamısında səsvermə uğurla başa çatmışdır. Səsvermədə 17870 nəfər seçici iştirak etmişdir ki, bu da ümumi seçicilərin 50,7 faizi qədərdir.
89 SAYLI GÖYÇAY-AĞDAŞ SEÇKİ DAİRƏSİ
Dairə seçki komissiyasının sədri Nizam Məhərrəmov demişdir ki, səsvermə müvəffəqiyyətlə başa çatmış, 18820 nəfər seçici 34 məntəqəyə gələrək, öz namizədlərinə səs vermişdir. Ümumiyyətlə, səsvermədə dairə üzrə seçici hüququ olanların 50 faizi iştirak etmişdir. Seçkilərin gedişini 181 nəfər yerli, ATƏT-dən və digər beynəlxalq təşkilatlardan olan 10 nəfərdən çox müşahidəçi izləmişdir.
90 SAYLI AĞDAŞ SEÇKİ DAİRƏSİ
Dairə seçki komissiyasının sədri Şahid İbrahimovun məlumatında bildirilir ki, səsvermədə seçki hüququ olanların 59,4 faizi, yəni 22556 nəfər iştirak etmişdir. Seçicilər dairə üzrə yaradılmış 40 məntəqədə səs vermişlər. Səsvermə prosesini yerli və xarici təşkilatları təmsil edən müşahidəçilər izləmişlər.
91 SAYLI UCAR SEÇKİ DAİRƏSİ
Dairə seçki komissiyasının sədri Abdulrazaq Abbasov demişdir ki, rayondakı 36 məntəqədə səsvermə prosesi seçicilərin böyük fəallığı şəraitində başa çatmışdır. Səsvermə hüququ olan 36793 nəfər seçicinin 19685-i seçkidə iştirak etmişdir. Bu da ümumi seçicilərin 53,5 faizi qədərdir.
92 SAYLI ZƏRDAB-UCAR SEÇKİ DAİRƏSİ
Dairə seçki komissiyasının sədri İsmayıl Əhmədov bildirmişdir ki, bölgədə səsvermə prosesi uğurla yekunlaşıb. Səhər saat 8.00-dan 19.00-dək məntəqələrə 22202 nəfər seçici gəlmişdir ki, bu da səsvermə hüququ olanların 62 faizini təşkil edir. Səsverməni 46 məntəqədə yerli və xarici qurumları təmsil edən müşahidəçilər izləmişlər. Hər bir seçici sərbəst və demokratik surətdə seçim etmişdir.