MİLLİ MƏCLİSİN İCLASINDA
Parlamentin sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli Qanuna təklif edilən dəyişikliklər barədə məlumat verərək demişdir ki, onlar, əsasən, qəbul olunmuş normativ-hüquqi sənədlərdə əksini tapmış tapşırıqların icrası, məcburi dövlət sosial sığortası sahəsində idarəetmənin, inzibatçılığın təkmilləşdirilməsi və redaktə ilə əlaqədardır. Burada məcburi sosial sığorta haqları hesabına sosial ödəmələrin gələn ildən müəssisə və təşkilatlardan alınaraq, Dövlət Sosial Müdafiə Fondunun orqanlarına verilməsi, işləyən pensiyaçıların pensiyalarının, digər müavinətlərin (uşaqların doğulmasına, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, dəfn və sairədən ötrü verilən müavinətlər) də DSMF tərəfindən ödənilməsi nəzərdə tutulur. Dəyişikliklərə görə, Azərbaycanda çalışan əcnəbilər məcburi dövlət sosial sığortasına cəlb olunacaqlar. Belə ki, qanunda gəlir mənbəyi Azərbaycan Respublikası olan və 183 gündən çox bu ölkədə yaşayıb işləyənlərin məcburi dövlət sosial sığorta haqları təsbit olunmuşdur. Amma dəyişiklik “Hasilatın Pay Bölgüsü Sazişi” və “Əsas boru kəməri” üzrə Sazişlər çərçivəsində çalışan əcnəbilərə şamil olunmayacaq. Hazırda ölkəmizdə digər sahələrdə 2000 nəfərə yaxın daimi işləyən əcnəbi vardır. Hesablamalara görə, onların orta aylıq əmək haqlarına əsasən, 25 faizlə ödəyəcəkləri sosial sığortanın məbləği gələn il üçün təqribən 25 milyard manat təşkil edəcəkdir. Buna müvafiq olaraq, Azərbaycan Respublikası həmin şəxslərə pensiya ödəyəcəkdir. Pensiya ödənişi dünyada qəbul olunmuş proporsional pensiya ödənişi qaydasında həyata keçiriləcək. Hazırda bütün ölkələr pensiyaların təyinatının ərazi prinsipindən imtina edərək, bu prinsipi qəbul etdiyinə görə, həmin qayda Azərbaycan üçün problem yaratmayacaq. Məsələ ilin sonunadək Azərbaycan qanunvericiliyində də öz əksini tapacaqdır. Amma bu pensiyaların ödənişi özləri də onlarda çalışan azərbaycanlılar üçün adekvat şərait təmin etmiş ölkələrin vətəndaşlarına şamil olunacaqdır.
Müzakirələrdən sonra qanun qəbul edilmişdir.
Azərbaycan Respublikasının bəzi qanunlarına, normativ-hüquqi aktlarına əlavə və dəyişikliklər də edildikdən sonra “Azərbaycan Respublikası Milli Məclisinin 2006-cı il üçün xərclər smetası haqqında” qanun layihəsi müzakirəyə çıxarılmışdır. Parlamentin işlər idarəsinin müdiri Firudin Hacıyev bildirmişdir ki, Milli Məclisin və onun aparatının 2006-cı il üçün xərclər smetası 9 milyon 192 min 172 manat müəyyən edilmişdir.
Günün ikinci yarısında keçirilən iclasda deputatlar Azərbaycan Respublikası Milli Məclisinin 2006-cı il üçün xərclər smetası haqqında məsələnin müzakirəsini davam etdirdilər, öz fikir və mülahizələrini, təklif və iradlarını bildirdilər.
Sonra Milli Məclis Azərbaycan Respublikası Hesablama Palatasının 2006-cı il üçün xərclər smetası haqqında məsələni müzakirə etdi. Bu barədə Hesablama Palatası sədrinin müavini Abbas Allahverdiyev qısa məlumat verdi.
İclasda “Azərbaycan Respublikası və Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond arasında Borc Sazişi”nin (Şimal-Şərq İnkişaf Layihəsinin) təsdiq edilməsi haqqında məsələ müzakirəyə çıxarıldı. Bu barədə parlamentin iqtisadi siyasət daimi komissiyası sədrinin müavini Əli Əlirzayevin məlumatı dinlənildi.
Deputatlar gündəlikdəki Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr edilməsi barədə məsələni də nəzərdən keçirdilər. Həmin məsələ barədə hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov izahat verdi. Regional məsələlər daimi komissiyasının sədri Zahid Qaralov da bu məsələyə münasibətini bildirdi.
Milli Məclis “Ünvanlı dövlət sosial yardımı haqqında” qanun layihəsi barədə (ikinci oxunuş) sənədi də müzakirə etdi. Bununla bağlı sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəblinin qısa məlumatı dinlənildi. Qeyd olundu ki, Milli Məclisin növbəti iclasında həmin məsələ həm ikinci və həm də üçüncü oxunuşda müzakirə edilə bilər.
Beləliklə, gündəlikdə duran məsələlər yekunlaşdırıldı. 2006-cı ilin dövlət büdcəsi və ona daxil olan paket məsələlərin müzakirəsi başa çatdırıldı.