SİYASƏT
MİLLİ MƏCLİSİN İCLASINDA
Martın 1-də Milli Məclisin növbəti iclası olmuşdur. Parlamentin sədri Murtuz Ələsgərov Azərbaycan Prezidenti Heydər Əliyevin müalicəsini uğurla başa çatdırması və vətənə qayıtması ilə əlaqədar deputatları və xalqımızı təbrik etdi. O, deputatlar adından dövlətimizin başçısına möhkəm cansağlığı və gələcək fəaliyyətində uğurlar arzuladı.
Sonra Murtuz Ələsgərov iclasın gündəliyini elan etdi. Parlament nümayəndə heyətimizin tərkbində Brüsseldə Avropa Birliyi və Azərbaycan arasında parlament əməkdaşlığı Komitəsinin növbəti iclasında iştirak etmiş deputat Asəf Hacıyev gündəlik ətrafında diskussiya zamanı həmin iclasda qəbul edilmiş Tövsiyənin məzmunu barədə həmkarlarına məlumat verdi. Parlamentin sədri bu məsələnin əhəmiyyətini vurğulayaraq bildirdi ki, çox böyük maliyyə və siyasi vasitələri olan Avropa Birliyi strukturlarına Azərbaycanın inteqrasiyası ölkəmizə mühüm fayda gətirəcəkdir. Azərbaycanın böyük iqtisadi imkanları və coğrafi-siyasi əhəmiyyəti olduğunu nəzərə alaraq, bu təşkilatda da bizimlə yaxınlaşmağa çalışırlar.
Sonra deputatlar “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqlnda” Əsasnamənin müzakirəsinə başladılar. Bu barədə hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyası sədrinin müavini Əli Hüseynov çıxış etdi. Deputat sənədin birinci oxunuşda müzakirəsi zamanı fikir ayrılığına səbəb olmuş bəndləri şərh edərək dedi ki, Şuranın qərarı məcburi qüvvəyə malik olmayacaq, ancaq tövsiyə xarakteri daşıyacaqdır. O, xüsusi vurğuladı ki, ictimai əsaslarla işləyəcək bu Şuranın fəaliyyətinin Prezidentin Fərmanı ilə yaradılan dövlət qulluğunu idarəetmə orqanı ilə heç bir əlaqəsi yoxdur.
Deputatlar Əsasnaməni ikinci oxunuşda səs çoxluğu ilə qəbul etdilər.
İclasda “Azərbaycan Respublikası Milli Məclisinin Aparatı və İşlər İdarəsi haqqında” Əsasnamə də ikinci oxunuşda təsdiq olundu.