SİYASƏT
MİLLİ MƏCLİSİN İCLASINDA
Məclisin martın 12-də keçirilmiş növbəti iclası gündəliyin təsdiq edilməsi ilə başlanmışdır.
Sonra Milli Məclisin sədri Murtuz Ələsgərovun təklifi ilə ATƏT-in Parlament Assambleyasının qış sessiyasında və MDB Parlamentlərarası Assambleya Şurası komissiyalarının işində iştirak etmiş parlament nümayəndə heyətlərinin hesabatları dinlənildi. İqtisadi siyasət daimi komissiyasının sədri, nümayəndə heyətinin üzvü Səttar Səfərov ATƏT PA-da müzakirə edilmiş məsələlərdən danışaraq dedi ki, onlardan başlıcası terrorizmlə mübarizə problemi olmuşdur. Azərbaycan nümayəndə heyətinin üzvləri də bu barədə çıxış edərək məlumat vermişlər. Onlar Avropa ölkələri parlamentləri üzvlərinin diqqətini işğal olunmuş Azərbaycan ərazilərini ermənilərin terrorçular və narkobiznes üçün tranzit məntəqəsinə çevirməsinə cəlb etmişlər. Azərbaycan nümayəndə heyətinin məlumatını İngiltərə və Almaniya parlamentlərinin üzvləri maraqla qarşılamışlar. Milli Məclisin nümayəndə heyəti Dağlıq Qarabağ üstündə münaqişənin nizama salınması üzrə yardımçı qurum yaradılması məsələsinin müzakirəsində də fəal iştirak etmişdir. ATƏT PA-nın sədri Adrian Severin həmin məsələ barəsində çıxış etmişdir. Lakin belə bir struktur perspektivsiz olduğuna görə, onun yaradılması məqsədəuyğun sayılmamışdır.
Deputatlar Milli Məclisin nümayəndə heyətinin MDB Parlamentlərarası Assambleya Şurası komissiyalarının işində iştirakı haqqında parlamentin üzvü Fəzail Ağamalının məlumatını da dinlədilər. Nəzərə çarpdırıldı ki, komissiyaların iclaslarında əsas mövzu terrorizmə qarşı mübarizə ilə bağlı idi və bununla əlaqədar müvafiq sənəd qəbul edilmişdir. MDB ölkələri parlamentləri üzvlərinin iştirakı ilə may ayında forum və “dəyirmi masa” görüşü də keçirmək qərara alınmışdır.
Murtuz Ələsgərov Milli Məclisin üzvlərini voleybolçu qızlarımızın Avropa “Top-komanda” kuboku uğrunda yarışda qələbəsi münasibətilə təbrik etdi, ölkədə idmanın inkişafına daimi qayğısına görə Milli Məclisin deputatı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə deputatlar adından təşəkkürünü bildirdi.
Gündəlik ətrafında müzakirələrdən sonra deputatlar “Ətraf mühitə dair informasiya almaq haqqında” Azərbaycan Respublikası Qanununun layihəsini nəzərdən keçirməyə başladılar. Milli Məclisin təbii ehtiyatlar və ekologiya daimi komissiyasının sədri Asya Manafova qanun layihəsinin məzmunu və birinci oxunuşdan sonra edilmiş dəyişikliklər barədə qısa məlumat verdi. Müzakirələr başa çatdıqdan sonra deputatlar səs çoxluğu ilə layihəni ikinci oxunuşda qəbul etdilər.
Günortadan sonra deputatlar “İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında” qanun layihəsinin müzakirəsinə başladılar. Elm və təhsil məsələləri daimi komissiyasının sədri Şahlar Əsgərov layihə haqqında məruzə etdi. Deputatlar dəvət olunmuş ekspertlərin məlumatını dinləyərək, qanun layihəsinin ikinci oxunuşda qəbul edilməsinə səs verdilər.