MİLLİ MƏCLİSİN İCLASINDA
22-də Milli Məclisin növbəti iclası olmuşdur.
İclasın əvvəlində Milli Məclisin sədri Murtuz Ələsgərovun təklifi ilə İsa Nəcəfovun Konstitusiya Məhkəməsinin hakimi təyin olunması haqqında qərar müzakirə edildi. Parlament Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin birinci hissəsinin 10-cu bəndinə və 130-cu maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən İsa Nəcəfovun Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsini qərara aldı.
Sonra deputatlar “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsini müzakirə etməyə başladılar. Iqtisadi siyasət daimi komissiyasının sədri Səttar Səfərov deputatları qanun layihəsinin əsas müddəaları ilə tanış etdi. O bildirdi ki, “Əsas müddəalar” maddəsinə dövlət borcları və balanslar haqqında daxil edilmiş əlavə bəndlər qanun layihəsini daha da təkmilləşdirmişdir. Bundan əlavə, layihənin yeni variantında göstərilmişdir ki, Naxçıvan Muxtar Respublikası büdcəsinin yerinə yetirilməsinə Naxçıxan MR Ali Məclisi nəzarət edir.
Maliyyə Nazirliyinin nümayəndəsi və deputatlar müzakirələrdə çıxış edərək vurğuladılar ki, qanun layihəsinin indiki variantı əvvəlkilərdən xeyli fərqlənir. Bundan sonra büdcə göstəriciləri bütün səviyyələrdə Milli Məclisə təqdim olunacaq, büdcənin yerinə yetirilməsinə isə bilavasitə bütün büdcə göstəricilərinə sərbəst surətdə müdaxilə etmək hüququna malik olan Azərbaycan Respublikasının Hesablama Palatası nəzarət edəcəkdir. Qeyd olundu ki, bu qanun layihəsinin qüvvəyə minməsi büdcə proqnozlarının dəqiq yerinə yetirilməsi mexanizmini təkmilləşdirməyə imkan verəcəkdir.
Müzakirələrdən sonra deputatlar səs çoxluğu ilə qanun layihəsini birinci oxunuşda təsdiq etdilər.