MİLLİ MƏCLİSİN NÜMAYƏNDƏ HEYƏTİ STRASBURQA GƏLMİŞDİR
İlham Əliyev başda olmaqla Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti AŞPA-nın yanvarın 20-25-də keçiriləcək növbəti sessiyasında iştirak etmək üçün Strasburqa gəlmişdir. Nümayəndə heyətinə deputatlardan Əli Abbasov, Bəxtiyar Əliyev, Səməd Seyidov, Vaqif Vəkilov, Nairə Şahtaxtinskaya, Gültəkin Hacıyeva, Nazim İbrahimov, Qulamhüseyn Əliyev, Əli Hüseynov, Rəfael Hüseynov və Milli Məclis Aparatının Beynəlxalq münasibətlər şöbəsinin müdiri Azər Qasımov daxildirlər.
Sessiyanın gündəliyinə Bosniya-Herseqovinanın Avropa Şurasına üzv qəbul edilməsi, Kiprdə vəziyyət, ATƏT-in Parlament Assambleyasının sədri Adrian Severinin məlumatı, terrorizmə qarşı mübarizə və insan hüquqları, hava nəqliyyatı və terrorizm, mühacir və köçkün ailəsinin yaşayış hüququ, elmi əlaqələr və s. ilə yanaşı, Azərbaycanla bağlı məsələ də çıxarılmışdır.
Azərbaycan nümayəndələri səfərin ilk günü müxtəlif komitələrin iclaslarında iştirak etmişlər.
X X X
AŞPA-nın yanvarın 21-də günün ikinci yarısında keçirilmiş sessiyasında bu beynəlxalq təşkilatın yeni prezidentinin seçilməsi və Avropa ölkələrində ölüm hökmünün ləğv edilməsi məsələləri müzakirə olunmuşdur.
Azərbaycan nümayəndə heyətinin rəhbəri İlham Əliyev və digər deputatlarımız sessiyanın gedişində fəallıq göstərmiş, müzakirə olunan məsələlər barədə öz fikirlərini bildirmişlər.
Sessiyada iştirak edən deputatlar AŞPA-nın yeni prezidenti, Avstriya nümayəndəsi Piter Şiniderə yekdilliklə səs verdilər.
Azərbaycan nümayəndə heyətinin üzvləri Gültəkin Hacıyeva və Əli Hüseynov sessiyada çıxış etdilər. Onlar Azərbaycan Prezidenti Heydər Əliyevin Fərmanı ilə respublikamızda ölüm hökmünün Avropanın bir çox ölkələrindən xeyli əvvəl ləğv edildiyini bir daha xüsusi vurğuladılar.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq