MİLLİ MƏCLİSİN YAZ SESSİYASI İŞİNƏ BAŞLAMIŞDIR
Fevralın 1-də ikinci çağırış Milli Məclisin yaz sessiyasının birinci iclası olmuşdur.
Iclas başlamazdan əvvəl Azərbaycan Respublikasının dövlət himni səsləndi.
Milli Məclisin sədri Murtuz Ələsgərov payız sessiyasının işinə yekun vuraraq bildirdi ki, sessiya zamanı 76 qanun və qərar, o cümlədən 1 Konstitusiya Qanunu qəbul olunmuş, 38 qanuna dəyişikliklər və əlavələr edilmiş, bir sıra konvensiyalar və sazişlər təsdiqlənmişdir. Milli Məclis qanunvericilik səlahiyyətlərindən istifadə edərək ,Azərbaycan Prezidenti Heydər Əliyevin rəhbərliyi ilə ardıcıl surətdə həyata keçirilən siyasi və iqtisadi islahatların hüquqi bazasının möhkəmləndirilməsi sahəsində mühüm iş görmüşdür.
Parlamentin sədri dedi ki, yaz sessiyasında 1988-ci il Sumqayıt hadisələrinə siyasi qiymət verilməsi ilə bağlı məsələ müzakirə euiləcəkdir.
Murtuz Ələsgərov Milli Məclisin yaz sessiyasının səmərəli keçəcəyinə əmin olduğunu bildirərək, bütün deputatları parlamentin qanunvericilik fəaliyyətində yaxından iştirak etməyə çağırdı.
Birinci iclasın gündəliyi təsdiq olunduqdan sonra deputatlar Milli Məclisin 2002-ci il yaz sessiyasının qanunvericilik işləri planının müzakirəsinə başladılar. Plan səs çoxluğu ilə qəbul edildi.
Deputatlar intizam və hesablayıcı komissiyaların yeni tərkibini təsdiq etdilər və daimi komissiyaların tərkibində dəyişikliklər etdilər.
Sonra Azərbaycan və Latviya hökumətləri arasında “Beynəlxalq avtomobil əlaqələri haqqında”, Azərbaycan və Belarus hökumətləri arasında “Malların /işlərin, xidmətlərin/ ixracı və idxalı zamanı vasitəli vergilərin tutulması prinsipləri haqqında”, “Yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyası sahəsində əməkdaşlıq haqqında” sazişlər nəzərdən keçirildi.