Milli Mətbuat Günü münasibətilə Qaradağ rayonunda jurnalistlər mükafatlandırılıb
Bakı, 22 iyul, AZƏRTAC
İyulun 22-də Milli Mətbuat Günü münasibətilə Qaradağ Rayon İcra Hakimiyyətində tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov milli mətbuatımızın yaranmasından 147 il ötdüyünü bildirib, bu müddətdə Azərbaycan mediasının cəmiyyətin ayrılmaz hissəsinə çevrildiyini bildirib və mətbuat nümayəndələrini təbrik edib.
Rayon İcra Hakimiyyəti başçısının müavini Nadir Muradov çıxış edərək, ulu öndər Heydər Əliyevin siyasi iradəsi və səyləri nəticəsində mətbuata, söz azadlığına yaradılan bütün süni maneələrin aradan qaldırıldığını, kütləvi informasiya vasitələrinin işini tənzimləyən, beynəlxalq standartlara uyğun qanunvericilik bazasının təkmilləşdirilərək “Kütləvi İnformasiya Vasitələri haqqında Qanun”un təsdiq olunduğunu vurğulayıb. Bu gün də Prezident İlham Əliyevin diqqəti və qayğısı sayəsində mətbuatın maddi-texniki bazasının gücləndirildiyini, mətbuatda çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlərin həyata keçirildiyini qeyd edən icra başçısının müavini mətbuatın yaşadığımız illərin ən böyük salnaməçisi olduğunu qeyd edib.
Rayon İcra Hakimiyyətinin başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov çıxışında mətbuatımızın inkişafına, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl surətdə və daha geniş miqyasda davam etdirildiyini vurğulayıb.
Çıxış edənlər, həmçinin mətbuat nümayəndələrinin 44 günlük Vətən müharibəsində Azərbaycanın apardığı haqlı müharibəni və Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuzun şanlı Qələbəsini, xalq-ordu birliyini, eyni zamanda, dövlətimizin başçısının apardığı daxili və xarici siyasəti ətraflı işıqlandırmaq istiqamətində səylə çalışmalarından bəhs ediblər.
Tədbirdə iştirak edən KİV təmsilçiləri fəaliyyətlərinin yüksək qiymətləndirilməsinə görə təşəkkürlərini bildiriblər.
Sonda Qaradağ Rayon İcra Hakimiyyəti adından media nümayəndələrinə hədiyyələr təqdim olunub.