MİLLİ OLİMPİYA KOMİTƏSİNİN VİTSE-PREZİDENTİ MOKA-NIN BAŞ MƏCLİSİNDƏ İŞTİRAK EDƏCƏKDİR
Olimpiya hərəkatında Beynəlxalq Olimpiya Komitəsindən (BOK) sonra ən böyük və nüfuzlu təşkilat olan MOKA-nın iclasında iştirak etmək üçün Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə martın 30-da Seula yola düşmüşdür. Baş məclis çərçivəsində qurumun İcraiyyə Şurasının iclası keçiriləcək, qitə olimpiya komitələrinin hesabatları dinləniləcək, müzakirələr aparılacaqdır.
İclasda 2008-ci ildə Pekində keçiriləcək XXIX Yay Olimpiya Oyunlarına lisenziya qaydaları BOK-un, MOKA-nın və beynəlxalq idman federasiyaları nümayəndələrinin iştirakı ilə müzakirə olunacaqdır. Müxtəlif idman növləri üzrə olimpiada lisenziyalarının qazanılması, lisenziya yarışlarının əsas cədvəlinin müəyyənləşdirilməsi, habelə xüsusi dəvətnamələrin verilməsi qaydaları da həllini tapacaqdır.
Baş Məclis çərçivəsində milli olimpiya komitələri, BOK-un Olimpiya Həmrəyliyi İdarəsinin rəhbərliyi və komissiya üzvləri ilə görüşlər keçiriləcək və Pekin Olimpiadasına lisenziya qazanmağa namizəd olan idmançılara BOK-un təqaüdlərinin təyin olunması ilə bağlı qərar qəbul ediləcəkdir. Ç.Hüseynzadə idmançılarımızın təqaüdçülər siyahısına daxil edilməsi üçün beynəlxalq federasiyaların nümayəndələri ilə işgüzar görüşlər keçirəcəkdir.
Vitse-prezident həmçinin Azərbaycan Milli Olimpiya Komitəsinin Afina Olimpiadasından sonrakı müddətdə gördüyü işlər barədə BOK-un, MOKA-nın və Avropa Olimpiya Komitəsinin rəhbərliyinə məlumat təqdim edəcəkdir.