Milli Qəhrəman Polad Həşimovun xatirəsinə həsr olunmuş intellektual yarışın qalibləri mükafatlandırılıblar
Sumqayıt, 7 iyul, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtdakı Heydər Əliyev Mərkəzində mövcud pandemiya qaydalarına uyğun olaraq Milli Qəhrəman, general-mayor Polad Həşimovun xatirəsinə həsr edilmiş intellektual yarış keçirilib. Yarış Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsi və Sumqayıt Regional “ASAN xidmət” Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.
Yarışın məqsədi “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramından irəli gələn məsələlərin həlli, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsinin, şəhid general-mayor Polad Həşimovun şərəfli döyüş yolunun, Azərbaycan tarixinin, ordu quruculuğunun və mədəniyyətinin təbliği, eləcə də gənclərin bilik və bacarıqlarının üzə çıxarılması, intellektual səviyyəsini, dünya görüşünü və zehni inkişafını stimullaşdırmaqdır.
AZƏRTAC xəbər verir ki, əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yarışda Sumqayıt və Bakı Regional Asan Xidmət Mərkəzlərini, habelə Sumqayıt şəhərinin müxtəlif sahələrini təmsil edən gənclər təşkilatlarından ibarət hər birində 3 oyunçu olmaqla 10 komanda, ümumilikdə isə 30 nəfər iştirakçı öz bilik və bacarıqlarını sınayıb.
Gərgin və maraqlı bilik mübarizəsi şəraitdə keçən yarışın sonunda birinci yerə 1 saylı “ASAN xidmət” Mərkəzinin “Şuşa”, II yerə Sumqayıt Gənclər Klubunun eyni adlı, III yerə isə Sumqayıt Regional “ASAN xidmət” mərkəzinin “Polad” komandası layiq görülüb.
Qaliblərə Baş İdarənin və Sumqayıt Regional “ASAN xidmət” mərkəzinin kubok, medal, fəxri fərman və hədiyyələri təqdim edilib.
Silsilə xarakterli tədbirlərin növbəti mərhələlərində şahmat, futbol, basketbol və voleybol idman növləri üzrə yarışların da təşkili nəzərdə tutulur.