Milli qiymətləndirmənin nəticələri təhlil edilib
Bakı, 24 fevral, AZƏRTAC
Təhsil İnstitutu tərəfindən onlayn keçirilmiş milli qiymətləndirmənin nəticələri təhlil edilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, ölkədə fəaliyyət göstərən 3 min 500-ə yaxın məktəbdə aparılan tədqiqatda IV, VI və IX siniflərdə təhsil alan 189 min 445 şagird iştirak edib. Məktəblilər tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə qapalı test suallarını cavablandırıblar. Qiymətləndirmədə iştirak edən şagirdlərin 53 faizini oğlanlar təşkil edib. İştirakçıların 88 faizi Azərbaycan bölməsi üzrə təhsil alanlar olub. Gender üzrə müqayisəyə nəzər salsaq, qızlar bütün fənlər üzrə daha yaxşı nəticə göstəriblər. Siniflər üzrə müqayisədə isə IV sinif şagirdləri (37 faiz) daha fəal olub.
Ərazi vahidləri üzrə müqayisə zamanı şəhər məktəblərində təhsil alan şagirdlərin nəticələrinin rayon məktəblərində təhsil alan şagirdlərlə müqayisədə daha yüksək olduğu qeydə alınıb. Belə ki, şəhər məktəbləri üzrə orta müvəffəqiyyət göstəricisi 73,7 faiz, rayon məktəbləri üzrə 64,7 faiz olub. Rayon və şəhərlər ayrı-ayrılıqda müqayisə edildikdə isə ən yaxşı nəticəni Sumqayıt şəhəri (76,8 faiz), ən aşağı nəticəni Saatlı rayonu (54 faiz) göstərib.
Xatırladaq ki, milli qiymətləndirmə 2020-ci il dekabrın 19-da onlayn qaydada keçirilib.