MƏDƏNİYYƏT
Milli Xalça Muzeyində “Şuşanın tanınmış soyları - Mehmandarovlar” adlı tədbir təşkil olunub
Bakı, 16 noyabr, AZƏRTAC
Milli Xalça Muzeyi “Şuşa İli” çərçivəsində xalqımız üçün müstəsna mənəvi dəyərə malik bir şəhərin məşhur soylarını, nəsillərini, onların tarixdəki rolunu təbliğ etmək məqsədilə həyata keçirdiyi silsilə tədbirləri davam etdirir. Bununla əlaqədar olaraq muzeydə “Şuşanın tanınmış soyları - Mehmandarovlar” adlı mühazirə dinlənilib.
AZƏRTAC xəbər verir ki, mühazirədə Mehmandarovlar nəslindən olan, Kərim bəy Mehmandarov şəcərəsinin davamçısı, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinın dirijoru Mustafa Mehmandarov və “Şuşa” qəzetinin redaktoru, publisist, tədqiqatçı, “Mehmandarovlar” kitabının müəllifi Vasif Quliyev mövzu ətrafında ətraflı çıxış ediblər.
Natiqlər Azərbaycan xanlıqlarının idarəetmə sistemində bir çox mülki və hərbi vəzifələri yerinə yetirən Mehmandarovlar nəsli, o cümlədən Sankt-Peterburq Tibb Cərrahlıq Akademiyasının məzunu, tanınmış həkim, "Difai" təşkilatının Şuşa şöbəsinin sədri olmuş Kərim bəy Mehmandarov haqqında maraqlı tarixi faktları diqqətə çatdırıblar.
Bildirilib ki, Mehmandarovlar soyadı Azərbaycan Milli Xalça Muzeyi üçün xüsusilə doğmadır. Çünki Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin (indiki Azərbaycan Milli Xalça Muzeyi) Şuşa filialı 1987-ci ilin mayın 19-da Mehmandarovlar ailəsinə məxsus olmuş malikanə kompleksində fəaliyyətə başlayıb.
Tədbirdə eyni zamanda sözü gedən malikanənin tavanında XIX əsrin tanınmış Azərbaycan rəssamlarından olan Usta Qənbər Qarabaği tərəfindən çəkilmiş rəsm əsasında toxunmuş “Ləçək-turunc” kompozisiyalı xalçasının qədim ənənələrə uyğun hanadan kəsimi mərasimi də keçirilib.
Mərasimdə vurğulanıb ki, XVIII əsrin tarixi-memarlıq abidəsi olan malikanə kompleksində aparılan təmir-bərpa işləri yekunlaşdıqdan sonra bu xalça Mehmandarovların evinə hədiyyə olunacaq.
Muzeyin Ənənəvi texnologiya şöbəsində hazırlanan xalçanın eskizinin müəllifi, muzeyin baş rəssamı Taryer Bəşirovdur.