İDMAN
Millinin futzalçısı: Azərbaycan bayrağı olan hər yerdə qalib gəlməyi düşünürük - MÜSAHİBƏ
Bakı, 16 dekabr, AZƏRTAC
Azərbaycan millisinin futzalçısı Tofiq Mikayılov dünya çempionatının elit-raund mərhələsində Rumıniya yığması ilə 5:5 hesablı heç-heçə etdikləri oyundan sonra AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik:
- Əvvəlcə matçla bağlı təəssüratlarınızı bilmək istərdik...
- Oyun çox gərgin alındı. Hər iki hissə bizim üstünlüyümüzlə keçdi. Təəssüf ki, sonda buraxdığımız qolla məğlub olduq. Milliyə gənc oyunçular cəlb olunub. İnanıram ki, gələcəkdə daha yaxşı olacaq.
- Oyunun gedişində iki top fərqi ilə öndə olsanız da, üstünlüyü qoruya bilmədiniz. Bunun səbəbini nədə görürsünüz?
- Rumıniya millisi dünya futzalında ən yaxşı komandalardan biridir. Hər hücumda qapımız önündə təhlükə yaradırdılar. Hesabı qoruya bilmədik. Gələcək oyunlara daha yaxşı hazırlaşmalıyıq.
- Qrup mərhələsinin ilk oyunlarında millinin heyətində yer almamağınız nə ilə bağlı idi?
- Bəli, əvvəlki oyunlarda yığmada yox idim. Amma uşaqlar həmin matçlarda mənsiz də yaxşı mübarizə aparmışdılar. Baş məşqçi Vitali Borisov mənə hazır olmağımı və hər an milliyə çağırıla biləcəyimi demişdi. Ölkənin bayrağını beynəlxalq arenada təmsil etmək qürürvericidir.
- Növbəti oyununuz dekabrın 20-də səfərdə Niderland millisinə qarşı olacaq. Həmin qarşılaşma barədə nə deyə bilərsiniz?
- Rumıniya ilə oyuna hansı məsuliyyətlə çıxmışdıqsa, Niderlandla matça da eyni yanaşacağıq. Baş məşqçi bildirdi ki, səfərdəki görüşdə gənclərə də şans verəcək. Bütün fikrimizi qələbəyə kökləmişik. Azərbaycan bayrağı olan hər yerdə qalib gəlməyi düşünürük.