REGİONLAR
Mingəçevir Dövlət Universiteti yeni “ERASMUS+” layihəsinin icrasında iştirak edəcək
Mingəçevir, 1 sentyabr, Rauf Hacıyev, AZƏRTAC
Mingəçevir Dövlət Universiteti (MDU) Avropa İttifaqının “Erasmus+” proqramı çərçivəsində qalib elan edilmiş “Sahil ekosistemlərinin iqlim dəyişikliyinə uyğunlaşması üçün geoməkan mühəndisliyi üzrə yeni kurslar” ("New Courses in Geospatial Engineering for Climate Change Adaptation of Coastal Ecosystems" – GEOCLIC) layihəsinin tərəfdaşlarından biridir.
Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ali təhsildə potensialın gücləndirilməsinə xidmət edən yeni layihənin 2020-2023-cü illərdə icra edilməsi nəzərdə tutulur.
Layihənin koordinatoru qismində Əl-Fərabi adına Qazaxıstan Milli Universiteti çıxış edəcək. Layihənin benefisiarları arasında Azərbaycan, Qazaxıstan və Türkmənistanı təmsil edən ali təhsil müəssisələri və müvafiq təşkilatlar yer alıb. Layihənin icrası çərçivəsində Almaniya, Niderland, Litva və Rumıniya universitetlərinin müsbət təcrübəsi öyrəniləcək.
Layihənin əsas məqsədi “GEONET Cast və GIS–ILWIS” proqram təminatı, uzaqdan zondlama və modelləşdirmə texnologiyalarından istifadə etməklə mövcud tədris proqramlarını yeniləməkdən, bununla da sahil ekosistemlərinin ekoloji təhlükəsizliyinin təmin edilməsinə töhfə verməkdən ibarətdir. Layihə çərçivəsində tərəfdaş universitetlərdə müvafiq ixtisaslar üzrə kurrikulumların təkmilləşdirilməsi, eləcə də “GEOLAB” təchizatlı innovasiya laboratoriyalarının və virtual otaqların yaradılması nəzərdə tutulub.
Layihənin yerli tərəfdaşları arasında MDU ilə yanaşı Bakı Dövlət Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Beynəlxalq Ekoloji Enerji Akademiyası da yer alıb.
Hazırda MDU-nun “Erasmus+” proqramı çərçivəsində həm potensialın gücləndirilməsi, həm də tələbə və müəllim mübadiləsi layihələrində fəal iştirakına xüsusi diqqət yetirilir.