MİNGƏÇEVİR TEATRI 35 YAŞINI QEYD ETMƏYƏ HAZIRLAŞIR
Bu münasibətlə teatrda ümumşəhər toplantısı və musiqili-ədəbi gecə keçiriləcəkdir. Yaradıcı kollektiv Milli Ordu hissəsində, məcburi köçkünlərin məskunlaşdığı çadır şəhərciyində, eləcə də şəhid, əlil, qaçqın uşaqları üçün bu əlamətdar hadisəyə və Novruz bayramına həsr edilmiş konsertlərlə çıxış edəcəkdir.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Cəfər Cabbarlının “Almaz” pyesinin premyerası ilə ilk dəfə qapılarını tamaşaçıların üzünə açan teatrda 200-dən çox tamaşaya səhnə həyatı bəxş edilmiş, kollektiv bütün əlamətdar bayramlarda, tarixi günlərdə müxtəlif səpgili tədbirlərlə şəhər sakinlərinin görüşünə gəlmişdir. Kollektivin hazırladığı tamaşalar respublikamızın bütün guşələrində müvəffəqiyyətlə göstərilmiş, dəfələrlə mötəbər festivalların qalibi olmuş, fəxri diplomlara layiq görülmüşdür. Mingəçevirdə dövlət tərəfindən qorunan yeganə arxitektura abidəsi olan teatr binası ötən il respublika büdcəsi hesabına əsaslı təmir olunaraq öz simasını təzələmişdir.