Mingəçevir teatrı tamaşaçılarına 4 yeni səhnə əsəri təqdim edəcək





Mingəçevir, 18 fevral, Vüsalə Cənnətova, AZƏRTAC
Mingəçevir Dövlət Dram Teatrı tamaşaçılarına yeni səhnə əsərləri təqdim edəcək.
Teatrdan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, fevralın 26-da XX əsrin qanlı faciəsi - Xocalı soyqırımına həsr edilmiş “Xocalıdan Xocalıya” adlı ədəbi-bədii kompozisiya nümayiş etdiriləcək. Hazırda məşqləri gedən ədəbi-bədii kompozisiyanın ideya müəllifi Əməkdar artist İntiqam Soltan və Aynur Eldənizqızıdır.
Mart ayında Georgi Xuqayevin "Qocaların məhəbbəti" adlı pyesi əsasında hazırlanan tamaşa da teatrsevərlərə təqdim olunacaq. İki hissəli tragikomediya janrında olan səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist İntiqam Soltan, baş rol ifaçısı Xalq artisti Ella Yaqubovadır. İlqar Rəhimovun quruluş verdiyi, xalq nağılı motivləri əsasında ssenariləşdirilən "Tülkü və Leylək" tamaşası da balaca tamaşaçılar üçün gələn ay nümayiş etdiriləcək. Aprel ayında isə teatrın səhnəsində Xalq artisti Valeh Kərimovun quruluşunda Tufan Minullinin "Ərməvanlı Əlməndar" pyesi əsasında yeni tamaşanın təqdimatı olacaq.