Mingəçevirdə “Azərbaycan tarixində adı əbədi yaşayan tarixi şəxsiyyət” mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir
Mingəçevir, 6 may (AZƏRTAC). Mingəçevir şəhər İcra Hakimiyyəti və YAP şəhər təşkilatı mayın 6-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə “Azərbaycan tarixində adı əbədi yaşayan tarixi şəxsiyyət” mövzusunda elmi-nəzəri konfrans keçirmişlər.
Şəhər icra hakimiyyətinin başçısı Mübariz Ağayev Azərbaycanda müasir, müstəqil və demokratik dövlətin qurulmasında, inkişafında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərdən, qazanılmış uğurlardan danışmışdır.
Mingəçevir Turizm Kollecinin direktoru, professor Əyyub Əyyubovun “Ümummilli lider Heydər Əliyevin keçdiyi şərəfli həyat yolu əsl vətəndaş, böyük şəxsiyyət və qüdrətli liderin formalaşmasına nümunədir”, Azərbaycan Müəllimlər İnstitutu Mingəçevir filialının
kafedra müdiri Zenfira Əzizovanın “Ulu öndər Heydər Əliyev Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət modelinin müəllifidir”, YAP Mingəçevir şəhər təşkilatı idarə heyətinin üzvü, texnika elmləri namizədi Təhmasib Hüseynovun “Heydər Əliyevin zəngin irsi dövlətçilik təcrübəsi məktəbidir”, Mingəçevir Politexnik İnstitutunun kafedra müdiri Ülkər Aşurovanın “Azərbaycanda həyata keçirilən siyasət Heydər Əliyev xəttinin uğurlu davamıdır” mövzularında məruzələri dinlənilmişdir.
Konfransın sonunda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında film nümayiş etdirilmişdir.