Mingəçevirdə qadınlara qarşı soyğunçuluq edən şəxs saxlanılıb
Bakı, 22 mart, AZƏRTAC
Mingəçevirdə qadınlara qarşı soyğunçuluq etməkdə şübhəli bilinən vətəndaş Etibar Məmmədov şəhər polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, araşdırma zamanı həmin şəxsin şəhər ərazisində qadının bankomatdan pul çıxardığını gördükdən sonra onu izlədiyi və zərərçəkən yaşadığı binaya daxil olduqda ona fiziki güc tətbiq edərək cibində olan pulu götürdükdən sonra hadisə yerindən uzaqlaşdığı məlum olub.
Saxlanılan şəxslə bağlı davam etdirilən istintaq-əməliyyat tədbirləri ilə onun şəhərin 20 Yanvar küçəsində daha bir qadının pul qabını da soyğunçuluq yolu ilə ələ keçirdiyi müəyyən edilib.
E.Məmmədov törətdiyi cinayət əməlini etiraf edib və ələ keçirdiyi pulları xərclədiyini bildirib.
Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, zəruri istintaq tədbirləri davam etdirilir.
Həmin şəxsin digər analoji cinayətlər etdiyi istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə, bölmələrinə, habelə 102 - Zəng Mərkəzinə məlumat verə bilərlər.