Mingəçevirlilər “Azərbaycanlıların soyqırımı və deportasiyası” abidə-kompleksini ziyarət ediblər
Mingəçevir, 31 mart, AZƏRTAC
31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Mingəçevirdə ümumşəhər tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, şəhər icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının, idarə müəsissə və təşkilatların kollektivləri, təhsil, səhiyyə və mədəniyyət işçiləri, gənclər “Azərbaycanlıların soyqırımı və deportasiyası” abidə-kompleksinin önünə əklil və gül dəstələri düzüb, şəhid soydaşlarımızın xatirəsini ehtiramla yad ediblər.
Sonra Mingəçevir Şəhər İcra Hakimiyyətinin və Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialının təşkilatçılığı ilə “Tarixin qan yaddaşı” mövzusunda tədbir keçirilib.
Əvvəlcə soyqırımla bağlı film nümayiş olunub.
Tədbirdə çıxış edənlər xalqımızın tarixən qarşılaşdığı çətinliklərdən söz açıb, erməni millətçilərinin zaman-zaman Azərbaycan torpaqlarında törətdikləri qanlı cinayətləri yada salıblar.
Bildirilib ki, “böyük Ermənistan” yaratmaq kimi sərsəm xülya ilə yaşayan daşnaklar təkcə 1918-ci ilin mart qırğınları zamanı on minlərlə azərbaycanlını qəddarcasına qətlə yetirib, kənd və şəhərlərimizi viran qoyaraq tarixi abidələrimizi məhv ediblər. Təəssüf ki, sovet hakimiyyəti illərində də imperiya rəhbərlərini ələ almağa bacaran ermənilər məkrli siyasətlərini davam etdirərək soydaşlarımızı bir neçə dəfə deportasiyaya məruz qoyublar. Yalnız ümummilli lider Heydər Əliyevin qətiyyəti sayəsində xalqımızın başına gətirilən soyqırımı hadisələri barədə həqiqətlər üzə çıxarılıb, bu dəhşətli faciələrə hüquqi və siyasi qiymət verilib.
Ümumşəhər anım mərasimində ictimaiyyətin nümayəndələri, Mingəçevirdə məskunlaşmış məcburi köçkünlər çıxış edərək erməni vandalizmini qətiyyətlə pisləyiblər.
Tədbirdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün dövlətimizin və Heydər Əliyev Fondunun həyata keçirdiyi tədbirlər yüksək qiymətləndirilib.