Misirdə yeni növ koronavirusdan ölənlərin sayı 146 nəfərə çatıb
Qahirə, 12 aprel, AZƏRTAC
Misirdə koronavirusdan (COVID-19) ölənlərin sayı 146 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Nazirliyin mətbuat katibi Xalid Meqahed qeyd edib ki, son bir sutkada xəstəlikdən 11 nəfər dünyasını dəyişib. Həyatını itirənlərin hamısı Misir vətəndaşlarıdır.
X.Meqahed bildirilib ki, aprelin 11-da ölkədə koronavirusa 145 yoluxma halı qeydə alınıb və beləliklə, xəstələrin ümumi sayı 1939 nəfərə çatıb.
Misir Səhiyyə Nazirliyinin məlumatına görə, son bir sutkada 37 pasiyent, o cümlədən 5 əcnəbi müalicə olunaraq evə buraxılıb. İndiyədək ölkədəki 12 karantin xəstəxanasında 398 koronavirus xəstəsi tam sağalıb. Misir hökumətinin göstərişi ilə universitet xəstəxanalarında koronavirusa yoluxanlar üçün 2 min çarpayılıq palatalar hazırlanıb və onlar 346 süni nəfəs aparatı ilə təchiz olunub.
Bundan başqa, Misir Səhiyyə İşçiləri Sindikatı koronavirus xəstələrini müalicə edən 3 həkimin həyatını itirdiyini, 43-nün isə COVID-19 virusuna yoluxduğunu bildirib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə