MİSİRİN BİRİNCİ XANIMI SUZANNA MÜBARƏK BEYNƏLXALQ SAMMİTDƏ İŞTİRAK ETMƏK ÜÇÜN AZƏRBAYCANA GƏLƏCƏK
Misirin birinci xanımı Suzanna Mübarək sentyabrın 24-dən 27-dək Bakıda keçiriləcək Gənclərin Məşğulluq Sammitində iştirak etmək üçün Azərbaycana gələcəkdir.
Misir Mədəniyyət Mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, bu münasibətlə qurum xanım Mübarəkin Misir cəmiyyətinin inkişafında fəaliyyəti haqqında ən yaxşı məqalə üçün müsabiqə elan etmişdir.
Mərkəz Qədr gecəsinin fəziləti haqqında yazılmış məqalə üçün də müsabiqə təşkil edəcəkdir. Azərbaycan universitetlərində ərəb dili öyrənən tələbələrə kömək məqsədi ilə ərəb dili kurslarının açılması da mərkəzin fəaliyyət proqramına daxildir. Burada ərəb dilini universitetlərin müəllimləri tədris edəcəklər.
Mərkəz bu ilin qarşıdakı aylarında Azərbaycala Misir arasında mədəni əlaqələrin genişləndirilməsi sahəsində fəaliyyətini daha da artıracaqdır. Belə ki, qurum məktəblərdə, universitetlərdə müvafiq sərgilər açmağı, dekabda ölkəmizdə Misir filmləri həftəsi, Azərbaycan Tibb Universiteti, Azərbaycan Beynəlxalq Universiteti ilə birgə elmi konfranslar keçirməyi nəzərdə tutmuşdur.
Bundan başqa, Azərbaycan musiqisevərləri və kino həvəskarlarının Mərkəzdə dünya şöhrətli Misir rejissoru Yusif Şahin və ifaçı Umm Kulsumun həyat və yaradıcılığından bəhs edəcək seminarlara qatılmaq imkanları da olacaqlar.