Misirin “Əl-Əxbar” qəzetində Azərbaycan Respublikasının Müstəqillik Günü ilə bağlı məqalə dərc edilib
Azərbaycan Respublikasının Müstəqillik Günü ilə əlaqədar Misirin nüfuzlu “Əl-Əxbar” qəzetinin sabiq baş redaktoru Məhəmməd Həsən Bənnanın “18 oktyabr - Müstəqillik Günü” sərlövhəli məqaləsi dərc edilib.
Dördüncü Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən müəllif Azərbaycan Respublikasının dünyəvi dövlət olduğunu xüsusi vurğulayıb. O, əhalisinin böyük əksəriyyətinin müsəlman olduğu Azərbaycanda digər dinlərə və millətlərə mənsub xalqların nümayəndələrin tolerantlıq mühitində yaşadıqlarını bildirib.
Müəllif Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayevə istinad edərək Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi, Azərbaycan Respublikasının 1991-ci il oktyabrın 18-də müstəqilliyini bərpa etdiyini bildirib. Yazıda, həmçinin Azərbaycanın müstəqilliyin ilk illərində üzləşdiyi problemlərdən söhbət açılıb, Ermənistanın ölkəmizə hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunması barədə məlumat verilib.
Məqalədə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizdə qısa müddətdə daxili çəkişmələrin aradan qaldırıldığı, respublikamızın davamlı inkişaf mərhələsinə qədəm qoyduğu, “Əsrin müqaviləsi”nin imzalandığı, yeni neft strategiyasının həyata keçirilməsinə başlandığı oxucuların diqqətinə çatdırıb.
Azərbaycanın Misir ilə sıx əməkdaşlıqda maraqlı olduğunu vurğulayan müəllif xüsusən enerji, turizm və digər sahələrdə əlaqələrin daha da inkişafının əhəmiyyətini bildirib. Yazıda, həmçinin ölkələrimizin səfirliklərinin ikitərəfli münasibətlərin inkişafında böyük rol oynadığı xüsusi qeyd olunub.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə