Misirin nüfuzlu “Əl-Məsəiyyə” qəzetində Xocalı soyqırımı ilə bağlı məqalə dərc edilmişdir
Bakı, 15 mart (AZƏRTAC). Misirin nüfuzlu “Əl-Məsəiyyə” qəzetində bu ölkənin ən aparıcı təhsil ocaqlarından olan Ayn-Şəms Universitetinin müəllimi, azərbaycanşünas alim Əhməd Sami Əl-Aydının “Xocalı faciəsi: Müasir Azərbaycan tarixinin ağrılı-acılı səhifəsi” sərlövhəli məqaləsi dərc olunmuşdur.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, məqalənin müəllifi 1992-ci il fevralın 26-da erməni faşistləri tərəfindən törədilmiş Azərbaycan tarixinin və XX əsrin ən qəddar faciələrindən biri olan Xocalı soyqırımı barədə yazmışdır. Alim vurğulamışdır ki, ermənilər keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının dəstəyi ilə Azərbaycanın Xocalı şəhərini yerlə-yeksan etmiş, 613 nəfəri qətlə yetirmişlər. Bu faciə nəticəsində 1000-dən artıq dinc sakin müxtəlif dərəcəli güllə yarası alaraq şikəst olmuş, 1275 nəfər girov götürülmüşdür. Onlardan 150 nəfərinin taleyi bu gün də məlum deyildir. 106 qadın, 63 uşaq və 70 qoca isə xüsusi qəddarlıqla qətlə yetirilmişdir.
Yaxın tarixə nəzər salan müəllif qeyd etmişdir ki, 1991-ci il oktyabrın 18-də müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın hərbi təcavüzünə məruz qalmışdır. Bu hərbi təcavüz nəticəsində Azərbaycan ərazisinin 20 faizi - Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı yeddi rayon işğal edilmiş, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.
Məqalədə Xocalının soyqırımı üçün seçilməsinin səbəbləri şərh olunmuş, bu şəhərin coğrafi mövqeyi və strateji əhəmiyyətindən bəhs edilmişdir. Yazıda, həmçinin Xocalı soyqırımını törətmiş ermənilərin “Xocalı şəhərinə hücumun əsas məqsədi bu şəhəri yerlə-yeksan etməklə Əsgəran-Xankəndi yolunu boşaltmaqdan ibarət idi” etirafı yer almış, bu faciədən əvvəl erməni faşistlərin addımları ilə bağlı ətraflı məlumat oxucuların diqqətinə çatdırılmışdır.