SİYASƏT
Misirli jurnalist Azərbaycanın Vətən müharibəsindəki şanlı Qələbəsindən yazıb
![Misirli jurnalist Azərbaycanın Vətən müharibəsindəki şanlı Qələbəsindən yazıb](/files/2020/3/1200x630/160864525128018367_1200x630.jpg)
Qahirə, 22 dekabr, AZƏRTAC
Misirli jurnalist, “Asiaelyoum” informasiya agentliyinin baş redaktoru Əbubəkir Əl Məcd Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ordu quruculuğu sahəsində misilsiz xidmətlərinə və Vətən müharibəsində Qələbəmizə həsr olunan məqalə ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, məqalədə 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə torpaqlarımızı işğaldan qurtaran və düşmən ordusunu darmadağın edən Azərbaycan Silahlı Qüvvələrinin məhz dahi siyasi xadim Heydər Əliyevin əsəri olduğu vurğulanır. Müəllif qeyd edir ki, hələ sovet hakimiyyəti illərində Cəmşid Naxçıvanski adına Hərbi Liseyi yaradan, milli zabit kadrlarının yetişdirilməsinə xüsusi diqqət yetirən müdrik siyasi xadim qüdrətli ordunun dövlət müstəqilliyinin təminatçısı olduğunu deyirdi. Heydər Əliyev qürur hissi ilə vurğulayırdı: “Sizə səmimi deyirəm, Cəmşid Naxçıvanski adına Hərbi Lisey mənim üçün bir övladdır. Ona öz övladım kimi baxıram və nə qədər yaşayıramsa, ona, bax bu cür baxacağam”. Ümummilli Lider, həmçinin gənclərin hərbi vətənpərvərlik ruhunun artırılmasına da böyük əhəmiyyət verirdi.
Məqalədə ulu öndər Heydər Əliyevin hər bir azərbaycanlının Vətənin müdafiəsinə hazır olması, torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün təmin olunması ilə bağlı müdrik kəlamlarına da yer verilib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə