Azərbaycan Dövlət İnformasiya Agentliyi

MODERNLƏŞMƏ XƏTTİ YENƏ DƏ GÜNDƏLİKDƏDİR (2)

AZƏRBAYCANIN YENİ VƏZİYYƏTİ

“Bizim məqsədimiz ölkəni möhkəmləndirmək, onun gücünü artırmaqdır, məqsədimiz ondan ibarətdir ki, Azərbaycan xalqı daha yaxşı yaşasın, ölkənin qarşısında duran bütün məsələlər öz həllini tapsın, regionda mövqelərimiz güclənsin”.

                                                                                          İlham ƏLİYEV

Azərbaycanın müstəqilliyi real tarixi faktdır. Özünəməxsus zəngin dövlətçilik ənənələrinə malik olan xalqımız bütün çoxəsrlik tarixi boyunca mürəkkəb sınaqlardan keçərək, dövlət suverenliyinə doğru irəliləmişdir. 1991-ci ildə dünyanın ən iri fövqəldövlətinin dağılması nəticəsində qazanılmış müstəqillik Azərbaycan dövlətinin yetkin regional aktor kimi inkişaf etməsi üçün geniş imkanlar yaratmışdır. Lakin ölkənin əsaslı şəkildə və heç də birmənalı olmayan yenidən qurulması yolundakı çətinlikləri aradan qaldırmaq, demokratiya və bazar kimi baza dəyərləri xeyrinə etdiyimiz seçim çərçivəsində dəyişikliklərin sürətini və dərinliyini müstəqil şəkildə müəyyən etməyi öyrənmək üçün xeyli vaxt və qüvvə sərf etmək lazım gəldi. Səmərəli inkişafa və dünyada layiqli yer tutmağa iddia edən müasir cəmiyyət və dövlət bu dəyərlər təmin edilmədən mövcud ola bilməz.

Biz, eyni zamanda, ölkənin iqtisadi və siyasi inkişafının mümkünlüyünü təmin edən dərin və bəzən birmənalı olmayan islahat transformasiyalarını başlamalı və həyata keçirməli olduq. Yeni siyasi və iqtisadi struktura doğru yoldakı hər bir hərəkət çox gərgin zəhmət və həyata keçirilən təşəbbüslərin uğurla nəticələnəcəyinə olan qəti inam sayəsində təmin edilirdi. Bununla yanaşı, əvvəlki siyasi sistemdən miras qalmış bütün siyasi və iqtisadi nizamsızlığı aradan qaldırmaq lazım idi. Transformasiyanın mürəkkəbliyi onda idi ki, 1991-ci ilin axırlarından 1993-cü ilin ortalarına qədər, Azərbaycanın formal baxımdan müstəqil dövlət olduğu vaxtda qlobal sosial gerçəkliyin ən mühüm amilləri nəzərə alınmamışdı. Məsələ bundadır ki, XXI əsrin astanasında transformasiya proseslərində aparıcı rol “insan amilinə” - sosial baxımdan fəal şəxslərə, onların iradələri və mentalitetləri ilə bağlı olan keyfiyyətlərinə və potensiallarına məxsus idi. Demokratik transformasiyanın sosial aktorlarının formalaşması isə həmin illərdə hakimiyyət sükanı arxasında olanları hər şeydən az maraqlandırırdı. Onlar yeni dövlət quruculuğu proseslərinin nə qədər mürəkkəb və dərin olmasını dərk etmirdilər. Onlar qarşıdakı siyasi və iqtisadi islahatların mahiyyətini və mexanizmini cəmiyyətə izah etməklə də məşğul olmur, ölkə vətəndaşlarının demokratik maarifləndirilməsi onları narahat etmirdi, təşkilatlar yaratmaqla kütləvi sosial qruplar arasında əlaqələrin möhkəmlənməsinin qeydinə qalmırdılar ki, həmin qruplar bu təşkilatlar çərçivəsində demokratik dəyərlər əsasında öz mənafelərini dərk edə və qoruya bilsinlər.

Əslində, müstəqilliyin ilk illərində ölkədə demokratik liderlərin yol verdiyi siyasi səhvlərdən daha çox, ümumiyyətlə, bu cür liderliyin olmadığını desək, daha düzgün olardı. Kommunist hakimiyyətinin və sosializm rejiminin iflasından irəli gələn taleyüklü tarixi dönüş anında ölkədə demokratik yenidənqurma işlərinə başçılıq etməyə qadir olan real və hətta potensial mütəşəkkil siyasi qüvvələr yox idi. Bunun da səbəbi, ilk növbədə, bütün dövlət həyatının Mərkəzin ciddi nəzarətində olduğu SSRİ-də totalitar sistemin tarixən uzun müddət mövcud olması ilə bağlı idi. O dövrdə müttəfiq respublikalarda həyat quruculuğuna, iqtisadi və sosial-siyasi proseslərin idarə edilməsinə yalnız Moskvadan təkan verilirdi. Buna görə də 70 illik kommunist rejimi dövründə insanlar müstəqil ictimai-siyasi fəallıq imkanlarından tamamilə məhrum edilmişdilər. Dövlət idarəçiliyinin bu sadə həqiqətləri müstəqilliyin ilk illərində nəzərə alınmamışdı. Lakin tanınmış fransız iqtisadçısı Jak Leon Ryuefin vaxtilə dediyi kimi, “hər bir mərhələdə hökumətin əsas vəzifəsi keçmişin müasir dövrdə saxlamaq mümkün olan payını və müasir dövrün gələcəyə miras qoya biləcəyi payı düzgün qiymətləndirməkdir”.

Sovet sistemindən və 1992-1993-cü illərdə hakimiyyətdə olanlardan məyuslaşmış Azərbaycan cəmiyyəti başa düşürdü ki, ölkə rəhbərliyinə müstəqil Azərbaycan dövləti quruculuğunun mürəkkəb məsələlərini həll etməyi bacaran yeni qüvvələr gəlməlidir. Çünki “cəmiyyət yalnız əməli işdə sübut olunmuş məziyyətləri qəbul edir və onlara hörmət edir. Hər kəs özünün həqiqi qiymətini bilmək istəyirsə, bunu yalnız xalqdan öyrənə bilər və deməli, özünü xalqın mühakiməsinə verməlidir” (Helvetsi).

1993-cü ilin ortalarında Heydər Əliyev başda olmaqla siyasi elita qrupu siyasi həyatın ön səhnəsinə çıxdı. Bu elitanın əsas funksiyası ölkəni siyasi və iqtisadi tənəzzüldən, milli sosiostrukturun qiymətdən düşməsi, siyasi hərc-mərclik, xarici siyasətdə tarazsızlıq və “boş piştaxtalar” vəziyyətindən çıxarmaqdan ibarət idi. Prezident Heydər Əliyev sonrakı bir neçə ildə olduqca mürəkkəb şəraitdə işləyərək sabit fəaliyyət göstərən sosial-iqtisadi və ictimai-siyasi struktur yaradılmasına dair radikal tədbirlər kompleksini həyata keçirmək, ölkənin anarxiyaya doğru sürüklənməsinin qarşısını almaq üçün qətiyyətli hərəkət etməli olmuşdur. Prezident Heydər Əliyevin apardığı siyasət, həyata keçirdiyi siyasi və iqtisadi islahatlar əvvəlki bir neçə ildə (1988-1993-cü illər) ölkədə real mövcud olmuş hakimiyyətsizliyin ağır sosial nəticələrini bu illərdə bir qədər yumşaltmağa imkan verdi. Bu gərgin fəaliyyət illəri ölkəyə həm siyasi həyatın sabitləşməsində, həm də iqtisadiyyatda ciddi uğurlar qazanmağa imkan verdi.

Həyata keçirilən islahatlar 1998-ci il üçün hiss edilən müsbət nəticələr verməyə başladı. Bu dövrdə artıq müstəqil Azərbaycan dövlətinin həqiqətən formalaşması faktını təsdiq etmək olardı. Bunu beynəlxalq təşkilatlar da, xarici dövlətlərin ölkəmizə gələn yüksək vəzifəli nümayəndələri də etiraf edirdilər. Prezident Heydər Əliyev müasir dövlət yaratmaqla bərabər, onun gələcək illərə hesablanmış inkişaf strategiyasını da müəyyən etmişdi. O, öz zəmanəsini qabaqlamışdı və Azərbaycanın qarşısında duran strateji vəzifələri dəqiq göstərmişdi. Heydər Əliyev Azərbaycanı mühüm strateji meydan və dünya dövlətləri birliyinin sərfəli iqtisadi tərəfdaşı kimi görürdü.

2003-cü ildən etibarən ölkənin daxili inkişafının nəticələri təbii şəkildə regional və beynəlxalq səviyyədə milli mənafelərin dəstəklənməsi üçün artan maliyyə-iqtisadi və siyasi imkanlara çevrilməyə başladı. Azərbaycan regional liderlik üçün möhkəm zəmin əldə etməyə başladı, ölkə beynəlxalq münasibətlərin əzmli və etibarlı subyektinə çevrildi.

Heydər Əliyevin “neft strategiyasının” nəticələri ölkənin intensiv inkişafına və onun regional proseslərin əsas inteqratoruna çevrilməsinə imkan verdi. Azərbaycan nəinki Şərq və Qərbi birləşdirən mühüm nəqliyyat qovşağına çevrildi, həm də iri transmilli layihələrin həyata keçirilməsi üçün mühüm geoiqtisadi və geosiyasi məkan kimi çıxış etməyə başladı. O, dünya birliyinə sübut etdi ki, ardıcıl tərəfdaşdır, onunla iş qurmaq olar və iş qurmağa dəyər.

Təbii ki, Azərbaycan daxili və xarici məsələlərdə əsas diqqəti iqtisadi xarakterli işlərə yetirməyə başladı. Çünki rəqabətin hökm sürdüyü dünya məkanında öz layiqli yerini tutmaq üçün əvvəlcə, sadəcə olaraq, ayaq üstə dayanmağı bacarmaq lazımdır. Buna görə də nəzərə almaq vacib idi ki, milli demokratik keçidin mahiyyətini və uğurunu məhz iqtisadi firavanlıq müəyyənləşdirir. İlham Əliyevin prezidentliyinin birinci dövründə məhz bu postulat əsas tutuldu, iqtisadiyyat onun həyata keçirdiyi islahatların öncül istiqaməti oldu. Məsələyə bu cür yanaşma əsaslı idi, çünki dövlət müstəqilliyinin iqtisadi bazisini möhkəmlətmək, cəmiyyətin davamlı inkişafı üçün şərait yaratmaq zəruri idi. Eyni zamanda, yeni cəmiyyətin siyasi məsələləri də həll edilirdi və onlar təkamül xarakteri daşıyırdı. Beynəlxalq təşkilatlar qarşısında götürülmüş öhdəliklər yerinə yetirilir və bunlar siyasi məkanı demokratikləşdirir, dövlətin iqtisadi strukturunu təkmilləşdirirdi.

Hazırda həyata keçirilən siyasi və iqtisadi islahatlar bir qədər başqa çalar alır. Bu, ölkənin inkişafında artıq yeni mərhələ olacaqdır. Deməli, iqtisadi islahatların ünvanı da yeni məna kəsb edir və onların məqsədi postsənaye cəmiyyətinin səciyyəvi cəhətlərini tam şəkildə mənimsəməkdən ibarətdir. Bununla bərabər, siyasi və iqtisadi islahatlar paralel şəkildə həyata keçiriləcək, çünki növbəti illər üçün əsas vəzifə Azərbaycan cəmiyyətinin demokratik konsolidasiyasıdır. Əslində bu istiqamətdə işlər artıq görülür. Prezident İlham Əliyev deyir: “İslahatlar paralel şəkildə həyata keçirilir, hüquqi dövlət qurulması, cəmiyyətin demokratikləşməsi məsələlərinə çox böyük əhəmiyyət verilir. Güclü siyasi sistem yaradılması bizim bütün gələcək uğurlarımızın rəhnidir, çünki möhkəm demokratik təsisatları olmayan heç bir cəmiyyət inkişaf edə bilməz...

Bununla paralel olaraq, çox ciddi və əsaslı iqtisadi islahatlar həyata keçirilir. Bütün bunlar əhalinin maddi rifahının yüksəlməsinə, habelə iqtisadi potensialımızın möhkəmlənməsinə, bütövlükdə beynəlxalq aləmdə ölkəmizin mövqelərinin möhkəmlənməsinə öz təsirini göstərir” (“Azərbaycan” qəzeti, 25 may 2008-ci il).

F.D.Ruzveltdən nə qədər çox sitat gətirməli olsaq da, onun “ehtiyac və azadlıq bir araya sığışmaz” kəlamı iqtisadi və siyasi inkişafın bir-birindən asılı olması ideyasını çox yaxşı ifadə edir. Biz bu ideyanın real təcəssümünü Prezident İlham Əliyevin fəaliyyət strategiyasında görürük. Eyni zamanda, M.Mandelbaum eyni məsələyə toxunaraq, “Foreign Affairs” jurnalında haqlı olaraq yazır: “İşlək demokratiyanın qurulması və xüsusən, azadlıq təsisatının yaradılması üçün vasitə həmişə sərbəst bazar iqtisadiyyatı olmuşdur. Bu cür iqtisadiyyatın fəaliyyətinin təmin edilməsi üçün zəruri təsisatlar, vərdişlər və dəyərlər siyasi sahədə demokratiyanı təşkil edənlərlə eynidir”.

2008-2013-cü illər güclü sənaye istehsalının yaradılması və sənayenin şaxələndirilməsi dövrüdür. İntensiv iqtisadi inkişaf imkan yaradır ki, sənaye potensialının artması bizim üçün ölkənin inkişafının mühüm prioritet istiqamətinə çevrilsin, sənayeləşmə prosesi yüksək sürətlə getsin. Bunun üçün zəruri valyuta ehtiyatları vardır. Sonrakı illərdə təzə iş yerləri açılacaq, postindustrial cəmiyyətə keçid üçün yeni zəmin yaradılacaqdır.

Eyni zamanda, iqtisadiyyatın aqrar sektoru yeni güclü təkan alacaqdır. Hazırda ölkə əhalinin kənd təsərrüfatı məhsullarının bütün növləri ilə təmin edilməsinə istiqamətlənir, bununla bərabər, ərzaq təhlükəsizliyi məsələsi də prioritet xarakter alır.

İqtisadiyyatla siyasətin səmərəli qarşılıqlı əlaqəsi son illərdə Azərbaycanın postsovet məkanında mühüm və ən intensiv inkişaf edən ölkəyə çevrilməsinə imkan yaratmışdır. Beynəlxalq təşkilatların məruzələrinə görə, Azərbaycan rəqabətə davamlılıq baxımından nəinki regionda liderdir, hətta postsovet məkanında rəqabətə davamlı əsas dövlətlər sırasındadır. Beynəlxalq Valyuta Fondunun məlumatına görə, qarşıdakı 6 ildə Azərbaycanda adambaşına gəlir dünyada ən yüksək sürətlə (252,6 faiz) artacaqdır. Belə ki, Azərbaycanda adambaşına ÜDM-in həcmi 2007-ci ildəki 3.663 ABŞ dollarından 2013-cü ildə 12.915 ABŞ dollarına çatacaqdır. Beləliklə, əgər 2003-cü ildə Azərbaycanda adambaşına milli gəlirin həcmi (888 ABŞ dolları) Ermənistandakı müvafiq göstəriciyə (873 ABŞ dolları) təxminən bərabər idisə, 2013-cü ildə Azərbaycan həmin göstərici üzrə qonşu dövləti 3 dəfədən çox qabaqlayacaqdır. 2013-cü ildə Azərbaycan adambaşına ÜDM üzrə BVF-nin hesabatında təmsil olunmuş 181 ölkə arasında 56-cı yeri tutacaqdır. Beləliklə, Azərbaycan sıyahıda Avropa İttifaqı ölkələri, Şimali Amerika və Asiyanın inkişaf etmiş ölkələri və Yaxın Şərqin neft hasil edən ölkələrindən sonra gələcəkdir. Hazırda (2007-ci il üçün olan hesabata görə) Azərbaycan cari göstəricilərə əsasən 91-ci yeri tutur.

Bizim vəzifəmiz ondan ibarətdir ki, gələcəkdə də milli iqtisadiyyatın artımını təmin edək və keçmiş ittifaq respublikaları arasında onun lider mövqeyini qoruyub saxlayaq. İqtisadi determinantların təfərrüatına varmadan vurğulayaq ki, son beş ildə Azərbaycan postsovet transformasiyasının çətinliklərindən xeyli dərəcədə yaxa qurtara bilmiş, liberal iqtisadiyyatın əsaslarının məqsədyönlü şəkildə formalaşmaqda olduğu məkana rəvan şəkildə keçmişdir.

İqtisadi inkişafla yanaşı, biz açıq və demokratik cəmiyyət qurulmasını inkişafımızın prioriteti kimi müəyyən etmişik. Bu, bizim strateji seçimimizdir, dövlət siyasətinin ən mühüm vektorudur. Azərbaycan vətəndaşların bütün hüquq və azadlıqlarının, qanunun aliliyinin təmin edilməsinin zəruriliyi və özünün çoxəsrlik ənənələrinə hörmət bəslənilməsi nəzərə alınmaqla çox dərin dəyişikliklər yoluna qədəm qoymuşdur. Lakin onu da yadda saxlamaq lazımdır ki, Azərbaycan hələ bu yolun başlanğıcındadır. Bütün bunlara baxmayaraq, ölkəmiz islahatlar prosesinin uğurla nəticələnməsi üçün əsas şərtlərdən birinə - qarşıya qoyulmuş məqsədə doğru mərhələlər üzrə irəliləməyimizi təmin edən daxili siyasi və iqtisadi sabitliyə nail olmuşdur.

Milli demokratik tranzit Azərbaycan cəmiyyətində müasir vəzifələri müəyyən edən tələblər və qlobal transformasiyanın şərtləri əsasında islahatlar aparmağa imkan vermişdir. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, təmsilçi siyasi demokratiyanın əsasını iqtisadi demokratiya və azad bazar təşkil edir. Ona görə biz də bu şərti əsas götürürük ki, “demokratiyanı möhkəmləndirməyin ən yaxşı üsulu azad bazarların genişlənməsinin təşviq edilməsidir”. Bəhsləşməyə və alternativliyə əsaslanan ictimai inkişafı şərtləndirən fəaliyyət qabiliyyətli demokratik rejimi, açıq vətəndaş cəmiyyətini və ənənələri formalaşdırmağa yalnız azad bazar imkan verə bilər.

Yeri gəlmişkən, liberal iqtisadiyyat qurulması sahəsində bizim yüzillik təcrübəmiz də bunu göstərir. Keçmişə müraciət etsək, milli tarixdə iqtisadi amilin xalqın ictimai-siyasi şüurunun transformasiyasına necə təsir göstərdiyinə aid çoxsaylı nümunələr görə bilərik. Məlum olduğu kimi, 1828-ci ildə Azərbaycan Rusiya imperiyasına birləşdirilmişdir. Lakin regionun iqtisadiyyatını idarə etmək üçün çar hökuməti zəruri vasitələrə malik deyildi. Bu səbəbdən Azərbaycanın neft sektorunda icarə sistemi deyilən bir sistem yaradılmışdı. Həmin sistemə uyğun olaraq, çar hökuməti bütün neft quyularının idarə edilməsini ayrı-ayrı şəxslərə icarəyə vermişdi. Bu siyasətin nəticəsində Azərbaycanda varlı neft sənayeçilərindən ibarət sosial təbəqə, yəni milli burjuaziya formalaşmışdı. Məhz onların dəstəyi sayəsində XIX əsrin axırlarında Azərbaycanda milli qəzetlər nəşr edilməyə başlayır, sənaye infrastrukturu yaranır, ən yaxşı xarici universitetlərdə təhsil alan bir qrup tələbənin təhsil haqqı ödənilirdi. Sonradan məhz həmin tələbələr sırasından görkəmli ictimai-siyasi xadimlər çıxmışdır. Kapitalizmin yayılması tədricən ictimai-siyasi fikrin inkişafına təsir göstərməyə, milli mənlik şüurunun formalaşmasına kömək etməyə başladı, ictimai şüurun demokratikləşməsinə imkan yaratdı.

Müasir Azərbaycan cəmiyyəti demokratikləşməni milli inkişafın ən mühüm sosial amili kimi qəbul edir. Bu yanaşma yeni dəyərlərin və demokratik transformasiyaya xas olan davranış normalarının mərhələlər üzrə, təkamül yolu ilə tədricən ictimai, kütləvi şüura tranzitinin başa düşülməsi və dərk olunmasını ehtiva edir.

Lakin hər bir proses kimi, Azərbaycan cəmiyyətinin demokratikləşməsi də milli tarixin mədəni və tarixi reallıqları nəzərə alınmaqla baş verir. Biz bu məqamı heç cür nəzərə almaya bilmərik. Başa düşmək lazımdır ki, uzun illər boyu dəyişməz siyasi imperativlərə əsaslanan cəmiyyətdə sosial mühitin hər hansı şəkildə dəyişməsi yalnız yeni oriyentirlərin ictimai qavrayışı və nəsillərin dəyişməsi amilləri nəzərə alınmaqla həyata keçirilə bilər və keçirilməlidir.

Azərbaycanda demokratikləşmə uzun bir prosesdir və bir neçə tarixi konteksti əhatə edir. Nəzərə almaq lazımdır ki, əvvələn, bu proses sovet sistemindən “üçüncü demokratik dalğanın” genişlənməsi şəraitində müstəqil birgəyaşayış sisteminə keçid, ikincisi, demokratikləşmənin başlanğıcı üçün bazis əsaslar yaradılması, üçüncüsü, demokratikləşmə üçün zəruri şəraitin yaradılması və nəhayət, dördüncüsü, dövlətin iqtisadi inkişafı ilə qarşılıqlı əlaqəli şəkildə ictimai şüurun mərhələlər üzrə transformasiyası deməkdir. Son 15 ildə bütün bu kompleks mərhələlər üzrə bir-birini əvəz etməklə həyata keçirilir. Milli inkişafın yalnız bu cür ardıcıllığı Azərbaycan cəmiyyətinin demokratikləşməsinə uğur qazandıra bilər.

Qloballaşmanın təsiri altında iqtisadi və sosial strukturların modernləşməsi çox vaxt qloballaşma şəraitində demokratikləşmənin əsas amili sayılır. Çünki müasir texnologiyaya əsaslanan iqtisadi inkişaf maddi rifahın artmasına doğru aparır ki, bu da demokratiyaya yol açır. S.Hantinqton hələ 1984-cü ildə yazırdı: “Millətin maddi rifahı ilə onun demokratikləşməsi arasında qarşılıqlı əlaqə kifayət qədər möhkəmdir” (Huntington S.P. Will More Countries Become Democratic? //Political Science Quartely. 1984, N.99, p.199). S.M.Lipset dövlətin inkişaf səviyyəsi ilə onun siyasi quruluşu arasında əlaqələri məxsusi araşdıraraq bu qənaətə gəlmişdir ki, demokratikləşmə çox amillərdən asılıdır, lakin sosial-iqtisadi inkişafın səviyyəsi onun “əsas və zəruri şərtidir”. Onun hesablamalarına görə, iqtisadi inkişafın ən aşağı səviyyədə olduğu ölkələrin 74 faizində avtoritar rejim, 24 faizində “yarımdemokratik” rejim və yalnız bir ölkədə - Hindistanda demokratik rejim hökm sürür. İqtisadi inkişaf baxımından orta səviyyədən aşağı olan ölkələrin 11 faizində, bu səviyyədən yuxarı olan ölkələrin 39 faizində demokratik rejim mövcuddur, əvəzində, bazar iqtisadiyyatının inkişaf etdiyi bütün ölkələr bu kateqoriyaya aiddir (Липсет С.М. и др. Сравнительный анализ условий, необходимых для становления демократии// Международный журнал социальных наук. 1993, №3, c.9).

İqtisadi və siyasi inkişaf arasındakı qarşılıqlı əlaqə bizim belə bir tezisimizi bir daha təsdiqləyir ki, demokratikləşmə intensiv iqtisadi inkişafın tərkib hissəsidir. Lakin bununla yanaşı, bizim seçdiyimiz yol Azərbaycan cəmiyyətinin öz hüquq və azadlıqlarının təmin olunmasına mədəni-tarixi və mənəvi-əxlaqi baxımdan yanaşmasının kompleksini təcəssüm etdirir. Biz gizlətmirik ki, bəzən Azərbaycanda demokratiyanı tənqid edirlər, lakin onun çatışmazlıqlarının nədən ibarət olmasını əməlli-başlı izah etmirlər. Siyasi və sosial-iqtisadi sahədəki, o cümlədən vətəndaşların rifahının təmin edilməsi sahəsində ümdə problemlərin həllindəki uğurları, habelə iqtisadiyyatın liberallaşmasını nəzərə almadan tənqid edirlər. Bununla bərabər, unudurlar ki, bizim demokratiya, obrazlı şəkildə desək, yeniyetməlik mərhələsindədir, halbuki, Qərb demokratiyası artıq postindustrial cəmiyyət şəraitində yaşayır, siyasi texnologiyalar dövrünə qədəm qoymuşdur. Azərbaycan hələ post-modernə keçid dövrünü genişləndirməli və dərinləşdirməli, sonra onu başa çatdırmalıdır. “Yeni demokratiyaların” demokratikləşməsi prosesində coğrafi determinizmin xüsusiyyətləri də nəzərə alınmır, hərçənd, demokratiyanın İraqa və Əfqanıstana “ixrac edilməsi” prosesləri “beşinci elementin” (demokratiyanın “beşinci elementinin” - müəllifin qeydi) zor vasitəsilə tətbiqinin mürəkkəbliyini çox yaxşı nümayiş etdirir.

Bu baxımdan Frensis Fukuyama tamamilə haqlı olaraq yazır: “Səddamdan sonra İraq haqqında hədsiz nikbin təsəvvürlər müharibədən sonrakı cəmiyyətin tələbləri və milli quruculuq haqqında düşünməyin mümkünsüzlüyünə gətirib çıxarmışdır. Rejimin dəyişdirilməsinə liberal və demokratik təsisatların tədricən və ağır zəhmətlə qurulması yolu ilə deyil, sadəcə, köhnə rejimdən yaxa qurtarmaq kimi mənfi bir vəzifənin qarşıya qoyulması yolu ilə nail olunmuşdur” (Ф.Фукуяма. Америка на распутье. М., 2007, c.90).

Bəli, Azərbaycanda demokratiyadan söz düşəndə hərdən bizi ittiham edirlər ki, bizim demokratiya yetərli və mükəmməl deyildir. Bəzən belə qənaətlər üçün subyektiv dəlillər gətirilir, onları demokratiya prinsiplərindən kənara çəkilməyin əsası kimi irəli sürürlər. Ölkəmizdə demokratiyanı qiymətləndirənlər belə bir faktla hesablaşmaq istəmirlər ki, yuxarıda qeyd etdiyimiz kimi, o, hələ də formalaşmaq, təsis olunmaq, inkişaf etmək mərhələsindədir. Bizə lap əvvəldən məqbul olmayan, bu və ya digər səbəblərdən başqa dövlətlərdə gündəliyə çıxarılmayan və ya ümumiyyətlə müzakirə predmeti olmayan standartları zorla qəbul etdirməyə çalışırlar. Demokratik mədhiyyələrlə pərdələnən bu cür ayrı-seçkilik bizi heyrətləndirməyə bilməz. Əgər demokratiya universal anlayışdırsa, ona yanaşma da belə olmalıdır. Axı, üzərində monarxın təsviri olan poçt markasını baş-ayaq yapışdırmış insanı dövlət xaini hesab edən qanunun hələ də mövcud olmasına, yaxud Milad bayramı günlərində kişmişli şirin qoğal yeməyin orada tam rəsmi şəkildə qadağan edilməsinə görə heç kəs Britaniyanı qeyri-demokratik ölkə adlandırmaz. Bu cür cəfəng nümunələr əyani şəkildə göstərir ki, bir ölkədə məqbul sayılan hərəkətlər başqa bir ölkədə demokratiyadan uzaqlaşma nümunəsi ola bilməz. Təsəvvür etməyə çətinlik çəkirik ki, səsvermənin nəticələrinin saxtalaşdırılmasına etiraz edənlərin nümayişinin dağıdılması nəticəsində 28 adamın qətlə yetirildiyi, fövqəladə vəziyyətin elan olunduğu, kütləvi informasiya vasitələrinin fəaliyyətinin məhdudlaşdırıldığı, parlament üzvlərinin həbs edildiyi ölkədə seçkilər necə demokratik hesab edilə bilər? 2008-ci ilin martında Ermənistanda prezident seçkiləri zamanı demokratiyanın ən adi normalarının real şəkildə pozulması göz qabağındadır. Lakin demokratiya normalarını müəyyən edənlər bu barədə başqa fikirdədirlər. Paradoksal da olsa, bu, reallıqdır. Bu cür hərəkətlər belə bir fikri daha da möhkəmləndirir ki, demokratiyadan getdikcə daha çox yalnız “yeni demokratiyalara” geosiyasi təzyiq vasitəsi kimi, konkret məqsədə nail olmağın mexanizmi kimi istifadə edirlər.

Prezident İlham Əliyev bununla əlaqədar demişdir: “...Son illər ərzində bəzi hallarda demokratiya mövzusu süni şəkildə ortalığa atılır və bəzi ölkələrin dairələrinin maraqlarının təmin olunması üçün bu və ya digər ölkə ya demokratik, ya da qeyri-demokratik ölkə kimi qələmə verilir. Biz bəzi hallarda ikili standartlar elementləri ilə də qarşılaşırıq.

Cənubi Qafqazda yerləşən üç ölkədə gedən siyasi proseslər bəzi hallarda qeyri-obyektiv şəkildə təhlil olunur. Bəzi hallarda biz görürük ki, Azərbaycanda gedən quruculuq işlərinə, müasir yanaşma elementlərinin inkişafına qısqanclıqla yanaşılır. Bəzi hallarda üç Cənubi Qafqaz ölkəsini müqayisə etmək üçün yanlış meyarlar seçilir. Biz özümüzü heç vaxt heç kimlə müqayisə etməmişik və belə fikrimiz yoxdur. Biz Azərbaycan xalqının rifah halının yaxşılaşmasına çalışırıq, Azərbaycanın möhkəmlənməsinə çalışırıq. Amma müqayisəyə gəldikdə, onu da deyə bilərik ki, qonşularımızdan fərqli olaraq, Azərbaycanda nə fövqəladə vəziyyət elan olunur, nə siyasi opponentlər həbs edilir, nə senzura tətbiq olunur, nə də ki, bütün mətbuat, müstəqil mətbuat orqanları bağlanır və Ermənistandan fərqli olaraq, Azərbaycanda dinc əhaliyə qarşı zor tətbiq olunmur və onlarca günahsız insan qətlə yetirilmir.

Mən nə üçün bunu xüsusilə qeyd edirəm, çünki əfsuslar olsun ki, bəzi siyasətçilər üç ölkədə gedən prosesləri müqayisə edərkən subyektivliyə üstünlük verirlər və başqa ölkədə dəhşətli hadisələrə göz yumub, Azərbaycanda xırda məsələləri böyük bir hadisəyə çevirməyə çalışırlar” (“Azərbaycan” qəzeti, 9 may 2008-ci il).

Gördüyümüz kimi, demokratik ideya və baxışlar qloballaşdıqca, onların real və son məqsədləri ilə bağlı bir sıra suallar meydana çıxır. Getdikcə daha aydın olur ki, çox vaxt demokratiyadan və onun ideallarından siyasi bəlağət və beynəlxalq münasibətlərin subyektlərinə, daha dəqiq desək, suveren dövlətlərə açıq-aşkar təzyiq göstərmək üçün istifadə edilir. Həm də bəzən öz baxışlarını qəbul etdirməyə o dövlətlər cəhd göstərir ki, onlar demokratiyaya kifayət qədər uzun və ziddiyyətli yol keçərək gəlib çatmışlar. AŞPA-nın Böyük Britaniyadan olan üzvü Mayk Hankok yazır: “Kədərli haldır ki, bir sıra nüfuzlu beynəlxalq strukturların üzvü olan bizim ölkəmiz (Böyük Britaniya - müəllifin qeydi) səbəb göstərmədən öz vətəndaşlarının uzun müddətə həbsxanaya salınmasını tamamilə normal hal hesab edir... İnsanları izahat vermədən 90 günlüyə həbsxanaya atan ölkənin Azərbaycana gəlməsi və ona sən bunu etməlisən, sən o hərəkəti etməlisən, deyə göstəriş verməsi məqsədəuyğun deyildir” (“Zerkalo” qəzeti, 12 aprel 2008-ci il).

Formalaşmaqda olan dünyada təhlükəsizlik arxitekturasının və qlobal demokratik strukturun fəal aktoru kimi Azərbaycan bu məsələnin prioritetliyini özünün məqbul saydığı mənada əsas götürür. Biz başa düşürük ki, Azərbaycanda demokratikləşmənin öz xüsusiyyətləri var və o, Azərbaycan xalqının arxetipləri ilə, bizim milli mentalitetimizlə bağlıdır. Azərbaycanda ictimai, kütləvi şüuru postindustrial cəmiyyətlərə xas olan yeni dəyərlərə, stereotiplərə və davranış normalarına tam həcmdə transformasiya etmək üçün demokratikləşmə hələ dəfələrlə yetkinlik imtahanından çıxmalı olacaqdır. Demokratikləşmənin, daha doğrusu, onun konsolidasiyasının tammiqyaslı olması və möhkəmlənməsi üçün biz hələ müəyyən yol keçməliyik.

Milli demokratik tranzit təcrübəsi demokratiyanın tarixi dinamikasına həm sivilizasiyalı, həm də mərhələli yanaşmanın əsaslandırıcı olmasını təsdiq edir. Azərbaycanın demokratik inkişaf səviyyəsi xeyli dərəcədə kapitalist modernləşməsinin və sənaye cəmiyyətinin genezisinin erkən mərhələlərində Avropa ölkələrinin çoxu üçün səciyyəvi olmuş səviyyəyə oxşayır. Buna görə də Azərbaycanda demokratik keçid barədə danışanda, bu proseslərin tarixən təkrarlanan olmasını xatırlamağa dəyər. Bu, demokratik transformasiyanın mahiyyətini üzə çıxaran tarixi məntiqdir.

Qlobal demokratikləşməyə həsr olunmuş çoxsaylı elmi məqalələrdə deyilir: “Corc Buş administrasiyası üçün demokratiyanın inkişaf etdirilməsi həm terrorizmə qarşı mübarizə baxımından, həm də ümumi strategiya çərçivəsində başlıca vəzifədir”. Bu strategiya kontekstində “Şər oxu” - ABŞ-ın mənafelərinə və dünyada təhlükəsizliyə potensial təhdid mənbəyi olan dövlətlər oxu yaranmışdır. Qəribə də olsa, bundan çox-çox əvvəl - 1945-ci ilin avqust ayında Yaponiya imperatoru Hirohito hakimiyyətdən imtina edərək demişdi: “Biz Amerikaya və Böyük Britaniyaya müharibə elan edərkən Yaponiyanın salamat qalmasını və Şərqi Asiyada vəziyyətin sabitliyini təmin etməyi ürəkdən arzulamağımızı əsas götürmüşdük və biz başqa dövlətlərin suverenliyinə qəsb etmək və ya ərazi ələ keçirməyə çalışmaq fikrindən uzaq idik”. Nasizmin aparıcı nümayəndələrindən biri Martin Haydeggerin 1935-ci ildə söylədikləri daha maraqlı görünür. O, elan etmişdi ki, indi Almaniya ölkə hüdudlarından kənarda yaranan “ümumdünya zülmət təhlükəsi”nin qarşısını almalıdır. Almaniya “bəşəriyyətin mövcud olması üçün hələ yunanların təsdiqlədiyi imkanların ən alisini qarşısına çıxan hər şeyi məhv edən, dünyamızı yaratmış ruhun hər hansı impulslarını məhv edən güclü hücumdan” qoruyur. Böyük Britaniya Hindistanda və Çində ən ağır cinayətlər törədəndə Con Stüart Mill humanitar müdaxilə haqqında klassik esse yazmışdı. O, iddia edirdi ki, geridə qalmış avropalılar İngiltərənin “dünyada yenilik” olmasını, onun “yalnız başqalarının rifahı naminə çalışan”, bütün əməllərində “heç bir tamahkar məqsəd güdməyən” mələk kimi bir dövlət olmasını başa düşmək iqtidarında deyillər və onların “əngəl törədən dedi-qodusuna” baxmayaraq, Britaniya bu yolla getməlidir (Н.Хомский. Несостоятельные штаты. М., 2007).

Tarixi misallardan göründüyü kimi, dünyanı öz mülahizələrinə görə dəyişməyə can atanların həqiqi məqsədlərindən asılı olmayaraq, dünyada təhlükəsiz və demokratik qayda yaradılması ətrafında bəlağətli sözlər həmişə olmuşdur. Bu, sərfəli Realpolitik pərdəsi idi. Amma nəticələrdən söhbət gedəndə, tamam başqa mənzərə yaranırdı.

Mən demokratik keçid barədə tez-tez düşünürəm və heç vaxt belə bir fikirdən xilas ola bilmirəm ki, 1974-cü ildə başlanmış “üçüncü demokratik dalğa” prosesi XXI əsrin birinci onilliyində gizli geosiyasi və geoiqtisadi niyyətlərlə, “dövlətin suverenliyi” anlayışının məzmunundan total uzaqlaşma ilə eyniləşdirilməyə başlamışdır. Hələ keçən əsrin axırlarında saysız-hesabsız beynəlxalq qeyri-hökumət təşkilatları yaranmış və onların rolu yalnız postsovet məkanında insan hüquq və azadlıqlarının təhlilindən ibarət olmuşdur. Bu təşkilatların insan hüquqları sahəsində vəziyyət barədə məruzələri çox vaxt ərazisində olduqları dövlətin siyasətini müəyyənləşdirir və ya sonradan siyasi alver etmək üçün mövqeləri ifadə edir. Belə hallarda mən tez-tez M.Bulqakovun qəhrəmanlarından birinin aşağıdakı sözlərini xatırlayıram: “Yuxuda İspaniyanı, Madrid şəhərini görürəm. Orada olmamışam. Amma əminəm ki, daldabucaq yerdir!”.

Beynəlxalq qeyri-hökumət təşkilatlarının hökumətlər tərəfindən qərarlar qəbul edilməsinə təsir göstərməsi praktikası qismən çox uğurlu olmuşdur. Buna görə də qeyri-hökumət təşkilatlarının bir vəzifəsi də transformasiya mərhələsində olan və hələ bərkiməmiş cəmiyyətlərə “ritorik” təzyiq yolu ilə təsir göstərməyin yeni bir vasitəsini yaratmaqdan ibarətdir. Həmin təşkilatlar bu gün geosiyasi və geoiqtisadi səmərələr baxımından “yararlı” və “yararsız” rejimlərin aşkar olunmasına kömək edirlər. Bununla bərabər, demokratiya Qərbə münasibətdə loyallığın barometrinə çevrilir, yəni mondializm və monosentrik qayda şəraitində demokratik inkişafın səviyyəsi geosiyasi və geoiqtisadi asılılığın dərəcəsi ilə qiymətləndirilir. Bu şəraitdə yanaşı mövcudluğun yeni şərtləri formalaşır və planetdə bərqərar olan qayda getdikcə daha aşkar şəkildə özünü Pax Oeconomicana - geoiqtisadi qayda kimi göstərir. Getdikcə aydın olur ki, qlobal iqtisadiyyat əsrimizin artıq baş vermiş dünya inqilabıdır və o, hər yerdə hakim sistemə çevrilməkdədir.

Qlobal dəyişikliklər kontekstində Vestfaliya prinsiplərinə əsaslanan demokratik nəzəriyyə və praktika tədricən, lakin məqsədyönlü şəkildə tarixi təftişə məruz qalır. (1648-ci ildə bağlanmış Vestfaliya sülhü beynəlxalq münasibətlərin təkamülündə mühüm mərhələ olmuşdur. Otuzillik müharibə başa çatandan sonra Vestfaliya sülh müqaviləsinin imzalanması “milli dövlət” (nation-state) ideyasına əsaslanan yeni beynəlxalq siyasi sistemin yaradılmasının başlanğıcını qoymuşdur. XVII əsrin ortalarında baş vermiş transformasiyaların müstəsna əhəmiyyəti ondan ibarətdir ki, yeni münasibətlər sistemi yarandı və onun əsas prinsipləri, çox mühüm dəyişikliklər və bəzi qeyd-şərtlərlə də olsa, indiyə qədər mövcuddur və işləyir). “Siyasətin qloballaşması” milli suverenlik amilinin yerini dəyişməklə, bütün milli dövlətləri qlobal dəyişikliklərin və axınların daha iri modelinin funksional hissələrindən asılı vəziyyətdə qoyur. Bununla bərabər, “qlobal siyasət” ideyası hamılıqla qəbul edilmiş “siyasi” konsepsiyalarda kök salmış dövlətdaxili və beynəlxalq, daxili və xarici, ərazi və ərazidənkənar siyasət arasındakı fərqlər haqqında ənənəvi təsəvvürləri dəyişir. Lakin başa düşmək lazımdır ki, bəşəriyyət hamının eyni fikirdə ola bilməyəcəyi Babil qülləsidir və belə də qalacaqdır.

Lakin yaranmaqda olan dünya nizamı beynəlxalq münasibətlərin hamılıqla qəbul edilmiş, əsasını dövlət təşkil edən Vestfaliya sisteminə və qlobal siyasi qayda haqqında təsəvvürlərə realizm mövqeyindən meydan oxuyur. Vətəndaş cəmiyyəti strukturlarının, dünyəvi əhval-ruhiyyənin, tez-tez heç də demokratik olmayan siyasət üçün kamuflyaj kimi istifadə edilən demokratik prinsiplərin və prosedurların yox olması baş verir. Bütün bunlar ona gətirib çıxarır ki, hər hansı dövləti yalnız o, öz ərazisini hərbi bazalar yerləşdirilməsi üçün təqdim edəndə, geosiyasi nüfuz üçün start poliqonu olanda, Qərb dövlətlərinin hərbi-siyasi blokuna daxil olanda, “dünyanın güclülərinin” bütün göstəriş və tələblərini sakitcə yerinə yetirəndə demokratik dövlət kimi tanıyırlar. Buna görə də dünyanın yeni, postdemokratik dövrə qədəm qoyduğunu deyənlərin bəyanatları aktual səslənir, çünki müasir dövrün qeyri-adiliyi bundadir ki, onun sələfi olmamışdır, çünki demokratiya olmamışdır, yalnız demokratiya illüziyası olmuşdur.

Beləliklə, qlobal səviyyədə demokratiya anlayışı getdikcə daha çox hallarda postindustrial dəyərləri və siyasi-iqtisadi oriyentirlər məkanına yenicə qədəm qoyan bir qrup dövlətə müəyyən strateji xəttin zorla sırınması forması kimi assosiasiya edilir. Məsələn, çoxlarının yadındadır ki, Türkiyə hökuməti hamını heyrətləndirərək, ölkə əhalisinin 95 faizinin iradəsini həqiqətən həyata keçirməyi qərara alandan və Vaşinqtonun Türkiyədə İraq əleyhinə cəbhə açmasına icazə verməyəndən sonra birdən-birə Türkiyənin hakim elitasının “antidemokratik” olması məsələsi müzakirə edilməyə başlandı. Amerika mətbuatında türkləri “demokratiyanın əsas əlamətlərinin” olmaması səbəbindən kəskin qınayırdılar. Tanınmış tarixçi Noam Xomski özünün “Baş tutmayan ştatlar” adlı əsərində bu cür demokratik sayıqlamalar barədə Venesuelanın timsalında çox aydın yazır: “2002-ci ildə ABŞ Uqo Çaves başda olmaqla, Venesuelanın qanuni seçilmiş hökumətini devirmək üçün hərbi çevrilişi dəstəklədi. Lakin Vaşinqtondan fərqli olaraq, demokratiyanı nə isə “qondarma” və “köhnəlmiş” bir şey hesab etməyən Latın Amerikasının ümumi qınağı ilə üzləşən ABŞ oradan sakitcə getməli oldu. Xalq üsyanı nəticəsində hökumət hakimiyyəti özünə qaytarandan sonra Vaşinqton “demokratiyanı dəstəkləmək” pərdəsi altında onu devirməyə başladı - yaxşı tanış olan ssenaridir” (səh.214).

Bütün bunlar ona gətirib çıxardı ki, yeni dünya nizamı artıq “ikili standartlar” sistemi kimi başa düşülür, yəni həyata keçirilən beynəlxalq tədbirlər artıq qərarlaşmış norma və prinsiplərlə ziddiyyət təşkil edir. Lakin belə bir qayda var: bir şeyi sındırmağı təklif edəndə haqlı olaraq soruşurlar, bəs bunun əvəzində nə təklif edirlər? Əvvəlcə sındırın, “sonra bir şey fikirləşərik” çağırışı etimad doğurmur. Son onillikdə bir sıra uğursuz beynəlxalq təşəbbüslərin nümunəsi beynəlxalq hüququn bu cür disfunksiyasını nümayiş etdirmişdir. Dünya birliyi getdikcə daha tez-tez şahidi olur ki, demokratikləşmə prosesi bu və ya digər siyasi konseptin iradəsinin müəyyən edilməsinə necə çevrilir, bu isə son nəticədə davamlı və sabit regional və qlobal təhlükəsizlik arxitekturasının qurulması ideyasını sarsıdan yeni dövlətlərarası ziddiyyətlərə gətirib çıxarır. Eyni zamanda, qlobal dünya nizamını formalaşdırarkən bəziləri belə bir adi həqiqəti unudurlar ki, demokratiya, ilk növbədə, hər bir xalqın öz inkişafının strategiyası və yolunu müəyyən etməkdən ibarət suveren hüququdur. O, xalqın rifahı naminə, onun dolğun həyatı naminə demokratik təsisatların mövcud olmasını və fəaliyyət göstərməsini nəzərdə tutur, onlardan xarici məqsəd və vəzifələr naminə istifadə etmək niyyətini qarşısına qoymur.

Qlobal transformasiyaların bu mürəkkəb şəraitində Azərbaycan beynəlxalq münasibətlərin ardıcıl aktoru, daxili və xarici siyasətin gündəliyini sabit şəkildə formalaşdıran dövlət kimi çıxış edir. Bu gündəlikdə əsası Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Prezident İlham Əliyev tərəfindən həyata keçirilən müstəqil dövlətçiliyin qurulması idealı öz əksini tapır. Mahiyyət etibarilə bu, modernləşdirilmiş iqtisadiyyatı, vətəndaş cəmiyyəti və liberal ənənələri olan suveren ölkə qurmaq istəyini ifadə edən yeni siyasətdir. Bu yol postindustrial cəmiyyətə, informasiya cəmiyyətinə doğru aparan yoldur. Hazırda Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş demokratik inkişaf yolu ölkədə hər bir vətəndaşın özünü səmərəli dövlətçilik qurulması prosesinin bir hissəsi hesab etdiyi davamlı, konsolidasiya olunmuş demokratik sistem yaradılmasına yönəlmişdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvləri TBMM-də olub

Departament rəisi: SOCAR metan emissiyalarının azaldılmasına çox ciddi yanaşır

BƏƏ politoloqu: Bakı və Əbu-Dabi ikitərəfli əməkdaşlığın yeni gündəliyini formalaşdırır

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 8,2 faiz artıb

Azərbaycanın enerji strategiyası milli gücü qlobal təsirə çevirən uğurlu modeldir – ŞƏRH

Nazir müavini: Azərbaycan üçün metan emissiyalarının azaldılması həm ekoloji prioritet, həm də mühüm fürsətdir

Coğrafiya İnstitutu: Bayıl və Badamdarda sürüşmə təhlükəsi tam aradan qalxmayıb

Amerikalı ekspert: ABŞ ilə Azərbaycan arasında münasibətlər dəyişir və inkişaf edir

Bariz Mehdiyev: FAO dəyər zənciri boyunca inteqrasiya olunmuş həllər təqdim edir

“Beşiktaş”ın yeni baş məşqçisi məlum olub

® Bakıda yeni “Xiaomi 17T” seriyasının təqdimatı olub

Şəki-Zaqatala bölgəsi üzrə monitorinqə 7489 şagird cəlb edilib

ADU və Mərmərə Universitetinin əməkdaşlığı çərçivəsində “İspan dili - akademik dil” adlı tədbir təşkil olunub

Marianxeles Belluşi: “El Calor en Baku” festivalı azərbaycanlıları Argentina mədəniyyəti ilə tanış edəcək

Baş katib: Azərbaycan gimnastlarından Dünya Kubokunda uğurlu nəticələr gözləyirik

Serbiyalı nazir: Metan emissiyalarının azaldılması qlobal istiləşməni yavaşlatmaq üçün ən sürətli və səmərəli imkanlardan biridir

İqtisadiyyat Nazirliyinin xidmətlərinə müraciətlərin 93 faizi elektron formada olub

AMB və Macarıstan Mərkəzi Bankı arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycanın U-17 millisinin heyətində dəyişiklik edilib

BMU və YAP-ın təşkilatçılığı ilə Şuşada “Yay məktəbi” təşkil olunub

Dövlət Agentliyi “Azərişıq”ın regional bölmələrinin rəhbər şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Keçmiş voleybolçu: Azərbaycan millisinin İsveçlə oyunda yaxşı nəticə qazanacağına inanıram

Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir YENİLƏNİB VİDEO

Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir YENİLƏNİB VİDEO

“Səfəvi tarixinə dair Florensiya Dövlət Arxivinin sənədləri” kitabı təqdim olunub

Azərbaycanın enerji siyasəti ölkənin ərazi bütövlüyünün təmin olunmasında strateji vasitələrdən biri olub ŞƏRH

Astronomlar qalaktikamızın mərkəzindəki qara dəlikdən gələn küləyi kəşf ediblər

Azərbaycan enerji təhlükəsizliyini yalnız neftlə deyil, bərpaolunan enerji ilə də təmin etmək niyyətindədir - ŞƏRH

Bazar günü Bakıda yağış yağacaq - XƏBƏRDARLIQ

İtaliya Avropada yeni müdafiə alyansının yaradılmasını təklif edir

BMT-nin nümayəndəsi: Metan emissiyalarının təxminən 75 faizinin qarşısı mövcud texnologiyalar vasitəsilə alına bilər

Azərbaycan Avrasiyanın əsas enerji mərkəzlərindən birinə çevrilib ŞƏRH

Ekoloji aksiya: BDU-nun həyətində müxtəlif çiçəklər əkilib

Neft qiymətləri həftəni itkilərlə tamamlayır

Yeni təmayül tədris modelinin tətbiq olunacağı məktəblərə şagird qəbulu elan edilir

Beynəlxalq Türk Akademiyası elmi layihələrini təqdim edib

Birinci vitse-prezident Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik edib

Ukraynada yaşayan azərbaycanlıların problemləri Ali Radada qaldırılıb

Dövlət orqanlarında 16 vəzifə üzrə daxili müsahibə elan olunub

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2012-ci il 29 noyabr tarixli 24-N nömrəli qərarı ilə təsdiq edilmiş “Məhkəmə ekspertizası mərkəzində məhkəmə eksperti ixtisasının verilməsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiya QƏRARI

İcraçı direktor: Metan emissiyalarının azaldılması üçün təcili və tamamlayıcı tədbirlər görməliyik

Baş prokuror Şəmkir rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb

Hesabat: May ayında qlobal ərzaq qiymətləri aşağı düşüb

Livan Respublikasının Baş naziri Nəvaf Salamdan

Kənd təsərrüfatı naziri Türkiyədə səfərdədir

Su təsərrüfatı və meliorasiya işçilərinin təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Minifutbol Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərpoçt” Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə poçt markası hazırlayıb

FAO: Qlobal ət tədarükü son altı onillikdə dörd dəfə artıb

Bakıda aerobika və akrobatika gimnastikası üzrə Dünya Kuboku start götürüb

Süni intellekt texnologiyaları xaricdə təhsil almaq istəyən tələbələr üçün hansı yeni imkanlar yarada bilər?

Toral Bayramov “Bursaspor”a keçidinin səbəbini açıqlayıb

ADA Universitetində 40-dan çox ölkənin mədəniyyəti nümayiş olunub VİDEO

ADA Universitetində 40-dan çox ölkənin mədəniyyəti nümayiş olunub VİDEO

Almaniyada yeni rəy sorğusunun nəticələrinə əsasən AfD birinci yerdədir

Kreml: Putin Zelenskinin açıq məktubu barədə məlumatlandırılıb

BDYPİ rəsmisi: Yuxulu sürücünün idarə etdiyi avtomobil nəzarətsiz təhlükəyə çevrilir

Veteran qapıçı: Minifutbol millisindəki uğurların əsas açarı baş məşqçidir

Rəsmi Bakı: CNN-dən əsassız iddiaların yayıldığı məqalənin təkzib edilməsini gözləyirik

Almaniyanın XİN başçısı BMT-yə maliyyə töhfələrinin azaldılması ilə bağlı fikirlərə etiraz edib

İsraildən olan tibb mütəxəssisləri Səhiyyə Nazirliyinin mükafatlarına layiq görülüblər

Əməkdar müəllim Ənvər Abbasovun 75 illik yubileyi BSU-da qeyd olunub

Müşfiqsevərlər Xızıda ölməz şairin xatirəsini anıblar

Dövlət Xidmətinin rəisi Ağsuda vətəndaşların müraciətlərini dinləyib

Altıncı “Yüksəliş” müsabiqəsinin analitik təhlil imtahanının nəticələri açıqlanıb

BTQ-nin modernləşdirilməsi: Logistika səmərəliliyi və strateji perspektivlər

MEDİA: CNN-in Azərbaycanla bağlı iddiaları kobud informasiya manipulyasiyasıdır

Elşad Ağayev: Əmək münasibətlərinin qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilməsi xüsusi əhəmiyyət daşıyır

Türk ekspert: Ankara və Bakının qlobal nəqliyyatda əhəmiyyəti durmadan artacaq

Məcburi köçkünlərin mülkiyyət hüquqlarına dair qanun layihəsi yeni reallığın təzahürüdür - Ekspert

Süni intellektin hazırladığı ilk peyvənd gələcək pandemiyaların qarşısını ala bilər

Serbiyalı nazir: Təbiətin gücündən ilham almaqla çağırışları fürsətlərə çevirə bilərik VİDEO

Serbiyalı nazir: Təbiətin gücündən ilham almaqla çağırışları fürsətlərə çevirə bilərik VİDEO

Güləş üzrə Azərbaycan yığmaları mötəbər yarışlara bölgələrdə hazırlaşır

Gülşən Paşayeva: Azərbaycanın strategiyasının iqtisadi mahiyyəti nəqliyyat dəhlizlərinin inteqrasiyasıdır

Çinli tələbələr “Bizim Cəbiş müəllim”dən fraqmentlər səsləndiriblər VİDEO

Çinli tələbələr “Bizim Cəbiş müəllim”dən fraqmentlər səsləndiriblər VİDEO

Ekspert: Süni intellekt və robot texnologiyaları üzrə ayrıca qanunlara ehtiyac var

Ankara aeroportunda təyyarə salonunda yanğın baş verib

®  “Baku Steel Company” QSC Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisində Gold Sponsor statusunda iştirak edib VİDEO

® “Baku Steel Company” QSC Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisində Gold Sponsor statusunda iştirak edib VİDEO

UN-Habitat-ın icraçı direktoru: Şəhərlərimiz təbii sistemlərlə ahəngdar şəkildə inkişaf etməlidir VİDEO

UN-Habitat-ın icraçı direktoru: Şəhərlərimiz təbii sistemlərlə ahəngdar şəkildə inkişaf etməlidir VİDEO

“İşıqlı planetin sakinləri”: Xeyirxahlıq və Mədəniyyət Festivalı çərçivəsində sərgi

Admiral Riçard Nayton: Böyük Britaniya “Soyuq müharibə”dən bəri ən təhlükəli dövrdən keçir

Gecikdirilmiş 378,3 min manat vəsaitin işçilərə ödənilməsi təmin olunub

Ağdam Sosial Xidmət Mərkəzində 100-dən çox şəxs qayğı ilə əhatə olunub

Cari ildə Milli Observatoriyanın Təlim və İnkişaf Mərkəzində 2700-dən çox əməkdaş üçün təlimlər təşkil olunub VİDEO

Cari ildə Milli Observatoriyanın Təlim və İnkişaf Mərkəzində 2700-dən çox əməkdaş üçün təlimlər təşkil olunub VİDEO

XİN Azov dənizində Azərbaycan vətəndaşlarının olduğu gəmilərə hücumla bağlı açıqlama yayıb VİDEO

XİN Azov dənizində Azərbaycan vətəndaşlarının olduğu gəmilərə hücumla bağlı açıqlama yayıb VİDEO

MOK-un vitse-prezidenti: Təhlükəsiz idmanla bağlı heç bir məsələ gizli qalmayacaq

BMT-nin nümayəndəsi: Ölkələr öhdəlikləri konkret layihələrə çevirmək üçün birlikdə çalışmalıdır VİDEO

BMT-nin nümayəndəsi: Ölkələr öhdəlikləri konkret layihələrə çevirmək üçün birlikdə çalışmalıdır VİDEO

Zaqatalanın zəngin cüdo irsi və Olimpiya çempionlarının yetişdiyi "uğurlu zal" -  REPORTAJ  VİDEO

Zaqatalanın zəngin cüdo irsi və Olimpiya çempionlarının yetişdiyi "uğurlu zal" - REPORTAJ VİDEO

® “Azercell” və AWS süni intellekt modellərinin Azərbaycan dilində öyrədilməsi üçün texnoloji platforma yaradıblar

Tokayev: Qazaxıstanda iyulun 1-də yeni Konstitusiya qüvvəyə minir

Murat Kurum: COP31 Sədrliyi olaraq COP29-da irəli sürülmüş öhdəliklərin yerinə yetirilməsinə nəzarət edəcəyik VİDEO

Murat Kurum: COP31 Sədrliyi olaraq COP29-da irəli sürülmüş öhdəliklərin yerinə yetirilməsinə nəzarət edəcəyik VİDEO

Cüdoçular Avropa çempionatına Şamaxıda hazırlaşırlar

Saymon Stil: Azərbaycanın davam edən liderliyini yüksək qiymətləndirirəm VİDEO

Saymon Stil: Azərbaycanın davam edən liderliyini yüksək qiymətləndirirəm VİDEO

“Azərbaycan” qəzetinin 1918-1920-ci illərdə çap olunmuş tam külliyyatından XIV cildi işıq üzü görüb

Fransa Senatı ordu üçün nəzərdə tutulan əlavə 36 milyard avroluq büdcəni ləğv edib

İyirmi dörd federasiyanın nümayəndələri təhlükəsiz idman proqramına cəlb olunublar

ƏƏSMN-in tabeliyindəki qurumlarda vakant vəzifələrin tutulması məqsədilə keçirilən müsabiqənin imtahan mərhələsi təşkil olunub

Səyyar "ASAN xidmət"in növbəti ünvanı Tbilisidir

Avropada və ABŞ-də təbii qaz qiymətləri artıb

Qərbi Azərbaycanın etnoqrafik mühiti və qızılbaş inancının folklora təsiri

Mali hökuməti “Əl-Qaidə”nin Sahel bölgəsindəki liderinin tutulmasına görə mükafat vəd edib