MODERNLƏŞMƏ XƏTTİ YENƏ DƏ GÜNDƏLİKDƏDİR (4)
Məsuliyyət daşıyan nəsil
“İnsan vətənpərvər ola bilər və olmalıdır. Lakin onun bilikləri və ya peşəkarlığı lazımi səviyyədə olmaya bilər. Bu halda onun Vətənə sədaqəti bizi tam qane edə bilməz. Peşəkarlıq, Vətənə sədaqət və yüksək insani keyfiyyətlər bir-birini qarşılıqlı tamamlamalıdır”.
İlham ƏLİYEV
Azərbaycan öz tarixi inkişafının tamamilə yeni bir dövrünü yaşayır. Ümumdünya miqyasında transformasiya və regional proseslərin intensivləşməsi şəraitində qlobal iştirakda dövlətin rolu və yeri dəyişir. Yeni dünya nizamı təkcə qarşılıqlı münasibətlərin sərhədlərini və formalarını dəyişmir, həm də fərdlər arasında münasibətlərin yeni mədəniyyətini xeyli dərəcədə formalaşdırır. İnformasiya-kommunikasiya texnologiyaları ünsiyyət, qarşılıqlı münasibətlər və dostluq üçün hər gün yeni imkanlar və perspektivlər açır. Tamamilə aydındır ki, XXI əsrin sonunda insanlar müasir insanlarla müqayisədə qat-qat məhsuldar olacaqlar. Bu, xeyli dərəcədə innovasiya texnologiyalarının insanların həyatına və şüuruna təsirinin artmasının nəticəsi olacaqdır. Artıq bu gün özünün elektron poçtu olmayan, yaxud informasiya-kommunikasiya texnologiyalarının bu və ya digər növlərindən istifadə etməyən insanları təsəvvür etmək çətindir. XXI əsrdə dünya informasiya texnologiyaları ilə sıx bağlı olan yeni təşəbbüslər məkanıdır, bu isə Post-Modern cəmiyyətini, “biliyə əsaslanan cəmiyyəti”, başqa sözlə desək, “informasiya cəmiyyəti”ni formalaşdırır.
Bəşəriyyət artıq öz inkişafının informasiya cəmiyyəti deyilən mərhələsinə qədəm qoymuşdur. İnformasiya cəmiyyəti tədricən Post-Modernin, adət etdiyimiz norma və dəyərləri sürətlə dəyişdirən postindustrial cəmiyyətin bir hissəsi kimi həyatımıza daxil olur. Kompyuter texnologiyalarının, kosmik rabitənin, informasiya yeniliklərinin misli görünməmiş inkişafı, dəyər oriyentirlərində aksentlərin dəyişməsi, yeni biotexnologiya və nanotexnologiya kəşfləri və s. buna sübutdur. Beləliklə, qlobal inteqrasiya yeni dünya nizamının prinsiplərini, qaydasını formalaşdıran universal kateqoriyaların müəyyən şəklə düşməsinə şərait yaradır. Lakin çox vaxt qlobal inteqrasiya bu prinsiplərin kimin müəyyən etdiyi qaydalar əsasında seçilməsi sualına cavab vermir. Bütün bunlar bəşəriyyətin artıq yeni bir eraya qədəm qoyduğunu, bu eranın qarşıdakı bir neçə onillikdə bizim inkişaf strategiyamızı müəyyən edəcəyini göstərir. Baş verən transformasiyaların əsas mənası ondan ibarətdir ki, qlobal inteqrasiya artıq öz mahiyyətini dəyişməyəcəkdir. Gələcəkdə fərdlərin həyatının yalnız iki amili - proseslərin sürəti və tez sovuşması, davranışın norma və stereotipləri dəyişikliklərə məruz qalacaqdır. Dünya “sürətlərin toqquşması” (E.Toffler) həddindədir, deməli, sosial gerçəkliyin bu iki cəhəti dəyişəcək, bütün digər cəhətlər isə artıq özünün son məqsədinə çatmışdır. Bu halda insan praktik olaraq, hər sahədə çoxprofilli fəaliyyətə qoşulmuş olur. Qlobal proseslər bizi eyni vaxtda müxtəlif məsələlərlə məşğul olmağa, getdikcə daha çoxsaylı məsələləri həll etməyə məcbur edir. Sürət və tezsovuşma bizim həyat tərzimizi getdikcə daha çox təcəssüm etdirir - internetdə 5-6 saniyəyə səhifə yüklənmədikdə, üç dəqiqə bizə bir əsr kimi görünür, ABŞ-da kabel televiziyasında təsvirlər isə hər 3,5 saniyədən bir dəyişir. Bununla əlaqədar Elvin Toffler yazır: “Biz bu gün elə ifrat sürətlər şəraitində yaşayırıq ki, qədimdənqalma “vaxt pul deməkdir” kəlamına yenidən nəzər salmaq tələb olunur. İndi zamanın hər bir anı əvvəlkindən daha qiymətlidir” (Э.Тоффлер, Х.Тоффлер. «Революционное богатство». М., 2007, c.87). Kondratyev dalğası kimi, bu qloballaşma dalğası da hələ bir neçə onillik ərzində davam edəcəkdir. Qloballaşma şəraitində insanların əksəriyyəti üçün gerçəkliyin xeyli dərəcədə kənardan, KİV-lərin köməyi ilə qəbul etdirilmiş və qəbul etdirilməkdə olan postulatlaşdırılmış qavrayışı səciyyəvidir. İnternet informasiyanın istənilən növlərindən istifadə imkanlarını genişləndirməklə bərabər, bu informasiyanın süzgəcdən keçirilməsi problemini də yaradır. İctimai mühit, sosial matrisa bu məsələyə çox böyük əhəmiyyət verir. İnternet əyalət təfəkkürünü və pərakəndəliyi aradan qaldırmaq üçün yeni imkanlar açır. Eyni zamanda, internet getdikcə daha incə aləmlər yaradılmasını stimullaşdırır, lakin bu aləmlərə daxil olmaq çətindir. Yeni daxilolma və xaricolma sistemi səs-küyə, çirklənməyə, zorakılığa müqavimət göstərməyə çalışır və bu halda “elektron sədlərdən” istifadə edir, onlar isə çox həssasdır və asanlıqla dağıdılır.
Paradoksal olsa da faktdır ki, güclənməkdə olan tərəqqi, maddi nemətlər istehsalının artması və ümumi “sivilizasiya” insanın vəziyyətinə çox mənfi təsir göstərir. V.V.Parsvaniya yazır: “İnsan dayaq nöqtəsini itirir. Konkret “Mən” mücərrədləşməyə və ümumi “Mən”in içində əriyib itməyə meyil edir. Fərdin köməksizliyi artır, onun mövcudluğunun mənasız olması hissi kəskinləşir. İctimai münasibətlərin məcmusu ən əsas dəyər olan insanı yaratmır və onu özünün əsas məqsədi hesab etmir” (Парцвания В.В. Россия и Грузия: диалог и родство культур: сборник материалов симпозиума. Сборник статей. Выпуск 1/Под ред. Парцвания В.В. СПб.: Санкт-Петербургское философское общество. 2003, c.255).
Eyni zamanda, informasiya cəmiyyətinin “fəlsəfi əsası” barədə danışsaq, “açıq cəmiyyət” ideoloqlarından Jan Bodriyar, Karl Popper və başqalarının, eləcə də öz əsərlərində sənaye cəmiyyətini əvəz edəcək “postindustrial” cəmiyyətin, başqa sözlə desək, “informasiya” və “koqnitiv” cəmiyyətin (öz tərəqqisini idarə etməyə qadir olan cəmiyyətin - qeyd müəllifindir) yaranması tezisini irəli sürmüş Zbiqnev Bjezinskinin, Frensis Fukuyamanın, Daniel Böllün, Elvin Tofflerin adlarını çəkməliyik.
İnformasiya cəmiyyətinin problemlərinin milli səviyyədə - bizim mətbuatda, elmi-praktik konfranslarda və idarəçilər arasında müzakirə edilməsi çox vacib və aktualdır. Bu problemlərin dərk edilməsi bizim cəmiyyətin inkişafına, yeni davranış normaları və stereotiplərinin təşəkkülünə əhəmiyyətli dərəcədə təsir edə bilər və deməli, bütövlükdə ictimai münasibətlərə müsbət təsir göstərər. İnformasiya cəmiyyəti ideyalarının təbliğ edilməsi, onun tərkib hissələrinin ayrı-ayrı atributlarının bizim gündəlik həyatımıza tətbiqi postindustrial cəmiyyətin sürətlə mənimsənilməsi və informasiya cəmiyyətinə keçid üçün mühüm ilkin şərait olacaqdır. İnformasiya cəmiyyətində yaşamaq arzusu o qədər cəlbedicidir ki, insan ailə qarşısında, cəmiyyət qarşısında və hətta özü qarşısında üzərinə yeni öhdəliklər götürməyə məcburdur, çünki o, qlobal tamın bir hissəsinə çevrilir, burada prosesin adi iştirakçısı kimi deyil, onun inteqratoru kimi çıxış edir.
İnformasiya istehsal fəaliyyətinin yeni sahəsinin, təkcə maddi həyatın deyil, insanın mənəvi həyatının da simasını tədricən dəyişən yeni mədəniyyətin yaranmasına gətirib çıxarmışdır. Bu isə savadlı mütəxəssislər hazırlanması ehtiyacını doğurur. Əgər əmək qabiliyyətli əhalinin xeyli hissəsi bu cür mütəxəssislərdən ibarətdirsə, onda bütün ictimai prosesləri sürətləndirən müsbət əks-əlaqə yaranır. Cəmiyyətin oriyentasiyasını və strukturunu əhəmiyyətli dərəcədə dəyişdirən bir sıra nəticələr meydana çıxır. Sosial oriyentasiyada dəyişikliklər baş verir. Müasir elmi və texniki ideyalar irəli sürən və həyata keçirən, keyfiyyətcə yeni, daha mükəmməl sənaye məhsulu yaradan dövlətlər ön mövqelərə çıxır. Bunun üçün isə çoxlu alim, mühəndis, xüsusən bilavasitə əmtəə yaradan və ali texniki təhsilli mütəxəssislər olmalıdır. Postindustrial cəmiyyətdə savadlı mütəxəssislər hazırlanması ən mühüm milli vəzifəyə çevrilir.
Tayvan postindustrial sivilizasiyanın ön sıralarına təsadüfən çıxmamışdır. Uzun illər boyu bu ölkədə orta məktəb məzunlarının 30 faizindən çoxu ali məktəb tələbələri olurdu. Tayvanı tərəqqi edən müasir regional mərkəzə çevirən iqtisadiyyat deyil, təhsil, dünyanın inkişaf meyillərinin düzgün başa düşülməsi olmuşdur.
Bütün bunlar bizim ölkəyə də aiddir. Əməyin informasiyalaşdırılmasına və əmək mədəniyyətinə əsaslanan yüksək texnologiyaların inkişafı qabaqcıl ölkələr sırasına çıxmaq üçün bizim yeganə şansımızdır, yeganə real imkandır. Xalqın təhsili və tərbiyəsindən, bilavasitə əmtəə, maddi nemətlər yaradan yüksək ixtisaslı mütəxəssislər hazırlanmasından daha vacib problem yoxdur. Əsas təbii resursa - xalqın intellektinə və təhsil səviyyəsinə güvənmək postindustrial cəmiyyətə və deməli, informasiya cəmiyyətinə də keçidin ən mühüm şərtidir.
Hər bir dövlətin yaradıcı ziyalıları onun gələcəyinin qurucuları hesab edilir. Əslində, ziyalıların istehsal və biznes, elm, təhsil, mədəniyyət sahəsində, o cümlədən siyasətdə bütün fəaliyyəti dövlətin inkişafını təmin etmək, onu rəqabətə davamlı etmək məqsədi ilə yeniliklər yaradılmasına yönəlmişdir. Millətin özünü yaradıcılığa həsr edən bu hissəsi mahiyyət etibarilə ölkənin dünya inkişafının mütərəqqi modellərinə inteqrasiyasını təmin edən ayrıca bir sosial qrupdur. Bütün peşələrin nümayəndələri ilə yanaşı, gənclər də millətin yaradıcı təbəqəsinin əsasını təşkil edir. Bəşəriyyətin can atdığı cəmiyyət yeni, yaradıcı cəmiyyətdir. Deməli, həmin cəmiyyət yaradıcı təfəkkürə malik şəxsiyyət, mədəniyyət və dünyagörüşü tələb edir. Çünki şəxsiyyətin bu tipinə zamanın nəbzini tutmaq bacarığı, yüksək peşəkar keyfiyyətlər xasdır. Elm müəyyən etmişdir ki, yaradıcı şəxsiyyətlər hadisələrin təhlilində milli mənafelər mövqeyindən çıxış etməklə, geniş şüura malik olmaqla inkişafın və tərəqqinin katalizatorlarına çevrilirlər. Bizim ən mühüm vəzifəmiz intellektual elita sıralarında gələcəyi qurmağa çalışan və yaradıcı fəaliyyət qabiliyyətinə malik olan insanları aşkar etməkdir. Son dərəcə mürəkkəb olan bu problemin həlli vəzifəsi siyasi elitanın, onu təmsil edənlərin üzərinə düşür.
Prezident İlham Əliyevin cavanlığı, istedadı və hadisələri qabaqcadan görmək bacarığı, Azərbaycanı modernləşdirməklə Qərbin inkişaf etmiş dövlətləri sırasına çıxarmaq istəyi onu liderin - XXI əsrin Azərbaycanının qurucusunun parlaq rəmzinə çevirmişdir. Beş il tarix baxımdan kiçik bir epizoddur. Lakin məhz İlham Əliyevin Prezident olduğu bu illərdə ölkə öz iqtisadi əhəmiyyətini artırmağa, siyasi mühitin sağlamlaşdırılmasında və müstəqil dövlətin vətəndaşının mənəvi-əxlaqi simasının formalaşmasında yeni mərhələyə çatmağa nail olmuşdur. Bu illər ərzində Prezident İlham Əliyev xalqa gələcək inkişafın cəlbedici mənzərəsini təklif etmiş, iqtisadi və siyasi tərəqqinin perspektivlərini göstərmişdir. Onun modernləşmə strategiyası millətin potensialının dərin qatlarını üzə çıxarmışdır. Uzaqgörən və bəsirətli siyasətçi olan İlham Əliyev postindustrial informasiya cəmiyyətinə keçid məsələlərinin həlli üçün cəmiyyətin yüksək intellektual-mənəvi ehtiyatlarını səfərbər etməyi qarşısına məqsəd qoymuşdur. Beynəlxalq ictimai rəydə Azərbaycanın yeni statusunun möhkəmlənməsinə kömək edən yüksək inkişaf sürətinə davamlı xarakter verməklə, İlham Əliyev innovasiya texnologiyaları dövrünün dövlət başçısı kimi tanınmışdır.
Biz çox yaxşı başa düşürük ki, təbii ehtiyatlar dövlətin maddi rifahının mühüm amilidir. Lakin bu, yeganə və ən birinci şərt deyildir. Avropanın inkişaf etmiş ölkələrinin çoxunun təbii sərvətləri yox idi. Hətta əhalinin böyük əksəriyyətinin ali təhsil diplomunun olması da ölkənin firavanlığının göstəricisi deyildir. Əsas məsələ insan resurslarını intellektual kapitala çevirməklə yeni keyfiyyət dəyişikliklərinə nail olmaqdan, insanların fəallığını konkret işlərə yönəltməkdən ibarətdir. Müəyyən edilmişdir ki, hazırda maddi sərvətlərin gətirdiyi mənfəət intellektual ixraca bərabərdir. Hindistanda kompyuter proqramçılarının ölkə üçün təmin etdiyi mənfəət Rusiyanın neft satışından əldə etdiyi mənfəətə bərabərdir. Göründüyü kimi, fərq çox böyükdür, çünki intellektual şüur bərpa edilir, o, demək olar ki, tükənməzdir, təbii sərvətlər isə əbədi deyildir.
Müasir Azərbaycan gəncliyi bu həqiqətləri başa düşməklə formalaşır. Dövlətin gələcəyi ölkənin texnoloji inkişafa doğru sıçrayışını təmin etməli, ötən əsrin 90-cı illərinin axırlarında başlanmış milli modernləşməni, informasiya cəmiyyətinə keçidi başa çatdırmalı olan yüksk təhsilli, təşəbbüskar gənclərdir. Prezident İlham Əliyev deyir: “Mən tam əminəm ki, yüksək təhsil səviyyəsi olmasa, peşəkarlıq olmasa, gənclər ən mütərəqqi texnologiyalara yiyələnməsələr, həqiqətən inkişaf etmiş dövlət qurmaq mümkün deyildir” (“Azərbaycan” qəzeti, 25 may 2008-ci il).
Görkəmli Amerika sosioloqu Daniel Böllün fikrincə, müasir cəmiyyətin təbiətinə xas olan bir postulat sübut edir ki, “sosial tərəqqinin sürəti hakimiyyətin intellekt ilə uzlaşması dərəcəsindən asılıdır” (“Грядущее постиндустриальное общество". М.1999, с. 546-547).
Gənclik ölkəmizin həyatının bütün sahələrində fundamental dəyişikliklərin, modernləşmənin hərəkətverici qüvvəsinə, katalizatoruna çevrilməlidir. Milli dövlətçiliyin gələcəyi gənc nəslin çox mürəkkəb sosial-iqtisadi transformasiya vəzifələrini reallaşdırmağa hazır olub-olmamasından asılıdır. Məhz bu nəsil ölkənin modernləşmə xəttinin şəksiz uğurunu təmin edəcək siyasi, iqtisadi və ictimai transformasiyanın zəruri sosial elementi olacaqdır.
Mən dövlət qulluğunda işlədiyim illərdə tez-tez gənclərin nümayəndələri ilə ünsiyyətdə olmuşam. Bu, sovet dövründə də olub, müstəqil Azərbaycanda da belədir. Öz yaşıdları arasında yüksək intellekti, fəal həyat mövqeyi, əməksevərliyi və yüksək mədəniyyəti ilə seçilən gəncləri görəndə həmişə qürur hissi keçirmişəm. Yeri gəlmişkən deyim ki, vaxtilə Azərbaycan SSR-in gənclər siyasətinə görə məsuliyyət daşıyan cavanların əksəriyyəti indi dövlət hakimiyyəti sistemində çox məsul mövqelər tutur. Yadımdadır, o vaxtlar onların bəziləri təşəbbüskar, özlərinin iddialı, lakin eyni zamanda, səmərəli fikirlərini həyata keçirməyə hazır olan gənc insanlar idi.
Müstəqil Azərbaycanda uğurlu gələcəyin qurulmasına yönəlmiş layihələrin həyata keçirilməsinə eyni dərəcədə təşəbbüskarlıqla girişməyə hazır olan yeni müstəqil gənclər strukturları formalaşmağa başlamışdır. Qeyri-hökumət təşkilatları arasında, ölkənin siyasi elitasında və əks-elitasında təmsil edilmiş gənclər arasında Azərbaycanda demokratik cəmiyyət, açıq iqtisadiyyat qurmaq, yeni və fərdi dəyər oriyentirləri yaratmaq üçün qüvvə və səylərini əsirgəməyənlər çoxdur. Bu insanlar öz həyatının mənasını Vətənə xidmətdə görürlər. Biz yalnız onu arzu edə bilərik ki, ölkəmizdə belə gənclərin sayı daha çox olsun.
Bununla belə, bəzən eşidirik ki, bugünkü gənclər əvvəlkilər kimi deyil, indi tamam başqa nəsil yetişir; “atalar və oğullar” problemi gündəlikdə qalır. Bu cür bəyanatlarla çıxış edənlər unudurlar ki, bir vaxt onlar özləri də belə fikirlərin obyekti olublar. Zaman dəyişir, qlobal transformasiya şəraitində isə bu dəyişikliklər daha sürətlə və intensiv şəkildə baş verir. Dəyişən təkcə xasiyyətlər və adətlər deyil, tarixi prosesin sürəti də dəyişir. Dünyada baş verən hadisələrə diqqətlə nəzər salsaq asanlıqla görərik ki, bizim dövrümüz Neolit dövründən 100 dəfə qısa olsa da, tarixi proses elə bir bifurkasiya (ikiləşmə) nöqtəsinə, yəni sistemin inkişafında dönüş anına, böhranlı ana çatmışdır ki, daxili fluktuasiyalar (təbəddülatlar) onun adaptasiya imkanlarını üstələyir və dayanıqsızlıq vəziyyəti yaranır. Lakin məlum olduğu kimi, hər bir bifurkasiya nöqtəsində sistem öz inkişaf yolunu, öz hərəkət trayektoriyasını seçir. Bir sözlə, cəmiyyətdə baş verən proseslər Azərbaycanın - dinamik surətdə dəyişməkdə olan bir ölkənin gənclərinin dünyagörüşünə və fəaliyyətinə ciddi təsir göstərir.
Ölkəmiz əsrlər boyu mənafelərin toqquşduğu meydan olmuşdur. Mədəniyyətlərin və sivilizasiyaların tolerant dialoq və birləşmə məkanı olan Azərbaycan həmişə onu dinlərarası qarşıdurma və mübarizə zonasına çevirmək cəhdlərinə məruz qalmışdır. Müsəlmanlar, yəhudilər və xristianlar əsrlər boyu bizim ərazidə yaşamışlar və yaşayırlar, çiyin-çiyinə çalışmışlar və çalışırlar. Məhz vahid bir torpağa, eyni Vətənə mənsub olmaq əlaməti onları birləşdirir, dövlət quruculuğunda birgə iştirak etmək üçün imkan yaradır. Bu, bizim böyük sərvətimizdir, gələcək nəsillər bu sərvəti qoruyub saxlamağa və artırmağa borcludurlar.
Azərbaycan özünün yüksək mənəviyyatı ilə fərqlənən bir ölkədir. Bununla bərabər, o, bütün bəşəriyyətə xas olan universal keyfiyyətə malikdir. Bu mənəviyyat cəmiyyətin daxilində qarşılıqlı münasibətləri müəyyənləşdirir, Azərbaycanın hər bir vətəndaşının mənəvi-əxlaqi kodeksini təcəssüm etdirir, milli mənlik şüurunda üstün rol oynayır. Azərbaycanda məskunlaşan xalqların mənəvi qaynaqları təkcə dinlər vasitəsilə ifadə olunmur, hərçənd ölkə vətəndaşlarının əksəriyyətinin həyatında islam mühüm yer tutur. Lakin Azərbaycanda istər islam, istərsə də hər hansı başqa din yalnız dini konsept kimi nəzərdən keçirilə bilməz. Vətəndaşın mədəni-tarixi identikliyinin həlledici amili etiqaddır və onun həyatımızdakı yerini və rolunu məhz bu şəkildə başa düşmək lazımdır.
Lakin təəssüflə deməliyik ki, dinə münasibət bəzən heç də birmənalı olmayan reaksiya doğurur. Məsələn, görürük ki, Qərb aləminin demoqrafik islamlaşmasının nəticəsi kimi, bəzi dini qüvvələr radikallaşma, siyasi rəqabət və çirkin mübarizə vasitəsinə çevirməyə çalışırlar. Azərbaycan müstəqillik əldə edəndən sonra müəyyən xarici qüvvələr siyasi islamı Azərbaycanın da ictimai həyatına yeritməyə cəhdlər göstərmişlər. Lakin iqtidar bizim əsrlərin sınağından çıxmış yüksək mənəviyyatımızı bu cür cəhdlərə qarşı qoymağa nail oldu, həmin cəhdlərin qarşısı vaxtında və qətiyyətlə alındı. İnsanların etiqadları dindən siyasi amil kimi istifadə olunmasını qəbul etmir. Hər bir din sülh və həmrəylik, tolerantlıq və dözümlülük amilidir, buna görə də dinlərdən kütləvi şüura təzyiq vasitəsi kimi istifadə edilməsi, bu və ya digər siyasi sifarişin yerinə yetirilməsinə istiqamətlənmiş mühit formalaşdırılması dinlərin fəlsəfi mahiyyətinə ziddir. Din radikal niyyətlərin obyektinə çevrilməməli, sosial təzyiq amili kimi çıxış etməməlidir. Azərbaycanda dünya dinlərinin roluna və cəmiyyətdəki yerinə yüksək ehtiram bəslənilir, eyni zamanda, tolerantlıq məkanı olan bu diyarda qeyri-ənənəvi dini cərəyanlara da yer verilir. Lakin heç bir dindən və ya dini cərəyandan siyasi, iqtisadi və ya sosiomədəni qaydaların dəyişdirilməsi amili kimi istifadə edilə bilməz.
Dini etiqad Azərbaycan sosiumunun milli identiklik, mentalitet elementi və sabit cəmiyyət, dinc yanaşı yaşama strukturunun qurulması ideyasına xidmət edən arxetipidir. Bununla bərabər, yaxşı başa düşürük ki, dini etiqad və biliyin sintezi olmasa, biz millətin zəngin mənəvi resurslarından total modernləşmə üçün tam şəkildə istifadə edə, millətin daha bir resursunun - onun intellektinin əhəmiyyətini tam dərk edə bilmərik. Etiraf etmək lazımdır ki, materializmin hökmranlıq dövrü XX əsrdə başa çatmışdır, onun qalıqları cəmiyyətin irəliyə doğru hərəkətinə mane olur, çünki onlar inkişafın ən mühüm resursu olan intellektin və mənəviyyatın rolunu kiçildir.
Bu cür qlobal dəyişikliklər və dünyamiqyaslı transformasiyalar şəraitində bizim vətəndaşların təzə nəsli yeni, çox məsul məsələləri həll etməli olacaqdır.
Əvvələn, bu nəslin qarşısında duran prioritet məsələlərdən biri Azərbaycan cəmiyyətinin demokratikləşməsi prosesində onun fəal iştirakından ibarətdir. Tədricən demokratikləşməkdə olan Azərbaycan cəmiyyətinin sosiomədəni obrazı gənclərin demokratikləşmə prosesinə fəal qoşulmasını tələb edir. Lakin bu prosesdə iştirak etməyi hüquqa zidd siyasi hərəkətlərə çağırış kimi başa düşmək və bu cür qəbul etmək lazım deyildir. Bu iştirakın məqsədi açıq vətəndaş cəmiyyətinin inkişafına kömək etmək, şəffaf mühitin inkişafını stimullaşdırmaq, tələbə təşkilatlarını fəallaşdırmaqdır. Bu təşkilatların fəaliyyəti tələbələrin təhsilinin keyfiyyətinin artırılmasına, onların informasiya-kommunikasiya texnologiyalarının və elmin nailiyyətləri ilə tanış olmasına, ölkənin vətənpərvər övladlarının tərbiyə edilməsinə yönəldilməlidir.
İkincisi, bizim gənclərin intellektual səviyyəsinin yüksəldilməsi mühüm məsələdir, çünki Y.Norberqin qeyd etdiyi kimi, “şəxsiyyətin inkişafını təmin etməyin və daha çox qazanmağa kömək etməyin ən səmərəli üsullarından biri ona təhsil verməkdir” (Ю.Норберг "В защиту глобального капитализма". М.2007, с.33). Lakin təəssüflə deməliyik ki, son illərdə təhsilə maraq bir qədər azalmışdır. Gənc alimlərin elmi tədqiqat işləri yeniliyi ilə fərqlənmir, elmi baxımdan maraq doğurmur, bütövlükdə, qəbul edilmiş elmi standartlara uyğun gəlmir. Əlbəttə, bu vəziyyət müəyyən dərəcədə sosial-iqtisadi amillərlə bağlıdır. Lakin indi ölkəmiz maliyyə və iqtisadi baxımdan xeyli möhkəmlənmişdir. Buna görə də ölkənin elmi həyatında vəziyyəti yaxşılaşdırmaq üçün 2008-ci il aprelin 10-da Prezident İlham Əliyev Azərbaycan elmində islahatlar aparılması üzrə Dövlət Komissiyasının yaradılması haqqında Sərəncam imzalamışdır. Biz Azərbaycanın intellektual baxımdan gələcək inkişafının qeydinə daha çox qalmalı, milli gənclərin intellektual və ümumtəhsil səviyyəsinin artırılmasına əlavə zəruri şərait yaratmaq üçün daha nələr etmək barədə düşünməliyik. “Mütaliə edən gənclər - mütaliə edən xalq” - bu, çox mühüm sosial və siyasi sifarişdir. Həm də unutmamalıyıq ki, siyasət, iqtisadiyyat, yaxud yeni nəslin gələcək inkişafının təmin edilməsi sahəsində hansı vəzifələri həll etməyimizdən asılı olmayaraq, onların yerinə yetirilməsinin ən səmərəli yollarını və metodlarını axtarmalı, artıq qeyd etdiyimiz kimi, bunun üçün müasir elmin və tətbiqi texnologiyanın nailiyyətlərindən istifadə etməliyik.
Görkəmli və nüfuzlu Amerika iqtisadçılarından biri Con Helbreyt yazır: “Sənaye sistemi özünün tələblərini və maraqlarını məharətlə və təkidlə irəlilədir… Əmin olduğumuz kimi, sənaye sistemi ilə dövlət arasında sərhəd getdikcə daha süni və seçilməz olur” (Дж.Гелбрейт. “Новое индустриальное общество”. М., С-Пб. 2004, с.537). İndustrializmin və dövlətin bu cür birləşməsi ilə əlaqədar informasiya texnologiyalarının ölkədə fəal tətbiq edilməsi inkişafın mühüm amilinə çevrilir. İndi dünya nizamını internetsiz, məlumatların ani mübadiləsi olmadan təsəvvür etmək mümkün deyildir. Bütün bunlar bizim həyatımızın, varlığımızın, sosial gerçəkliyin tərkib hissəsi olub, maye kristallı ekran arxasında getdikcə daha yeni məna və “səslənmə” kəsb edir. Azərbaycan gəncliyinin gələcəyinin ən yeni informasiya texnologiyalarından fəal istifadə edilməsi ilə bağlı olduğunu çox gözəl başa düşən Prezident “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”nı qəbul etmişdir.
Bu cür proqramların əsas vəzifəsi informasiya cəmiyyəti dövründə elmi yanaşmaların köməyi ilə milli inkişaf strategiyasını formalaşdırmaqdır. Hələ 2003-cü ildə Prezident Heydər Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya” ölkənin texnoloji sıçrayışının məqsəd və vəzifələrini müəyyən etmişdir. Son illərdə biz “elektron hökumət” yaradılması istiqamətində mühüm işlər görmüşük, lakin bu proses hələ də davam edir. Buna baxmayaraq, artıq bu gün veb-texnologiyalar dövlət ilə vətəndaş arasında birbaşa əlaqə, “dialoq” təşkil edilməsi yolu ilə milli iqtisadiyyatın liberallaşması prosesində mühüm rol oynayır. Hazırda bir sıra icra hakimiyyəti orqanları öz işlərini informasiya-kommunikasiya texnologiyaları vasitəsilə təşkil etmişdir ki, bu da həll olunan məsələlərin sürətini və səmərəsini artırmağa imkan verir. Azərbaycanda informasiya texnologiyalarının inkişafı təhsil mühitini yeni səviyyəyə transformasiya etməyə imkan verir - abituriyentlərdən sənədlərin qəbulu, sınaq imtahanlarının keçirilməsi və başqa tədbirlər veb-texnologiyalar vasitəsilə həyata keçirilir. Son bir neçə ildə Azərbaycan məktəblərində geniş kompyuterləşmə həyata keçirilir. Bu, kompyuter savadsızlığı problemini yaxın illərdə tam həll etməyə və beləliklə, Azərbaycan gənclərinin inkişaf səviyyəsini yeni pilləyə qaldırmağa imkan yaradacaqdır.
Biz Azərbaycanda informasiya cəmiyyətinin bütün sahələrinin planauyğun inkişafını zəruri hesab edirik. Bununla əlaqədar ölkə daxilində qarşılıqlı informasiya mübadiləsi sisteminin yaradılmasına yönələn tədbirlər kompleksi həyata keçirilməlidir. Bu, icra hakimiyyəti orqanlarının fəaliyyətinin səmərəsini artırmağa imkan verəcəkdir.
Üçüncüsü, qlobal transformasiyalar şəraitində milli mənliyin, Azərbaycan xalqının ənənələrinin, dilinin, tarixinin, sosiomədəni fonunun qorunub saxlanmasına xüsusi əhəmiyyət verilir. Unutmamalıyıq ki, indi dünya məkanı yeni, daha təhlükəsiz və sabit dünya nizamının bərqərar olması üçün axtarışdadır. İştirakçı aktorlar dəyişir, qlobal şərait transformasiyaya uğrayır, transmilli maliyyə yerdəyişmələrinin təzyiqi ilə dövlətlər arasında sərhədlər silinir. Bütün bunlar sosiumun həyatında fərdin roluna və yerinə mühüm təsir göstərir. Qlobal mədəniyyəti formalaşdıran xarici amillərin bizim cəmiyyətə təsiri göz qabağındadır. Bunun nəticəsində milli mədəniyyət, tarix və ənənələr bütün lokal amilləri əvəz edən və milli sosiomədəni amilləri vahid qlobal amilə transformasiya edən koordinatlar sisteminin törəməsinə çevrilir. Görünür, bundan yaxa qurtara bilməyəcəyik. Lakin biz ümumbəşəri dəyərlərə doğru irəliləməyə kömək edən milli xüsusiyyətlərimizin qorunub saxlanması uğrunda mübarizə aparmalıyıq. Buna görə hesab edirəm ki, milli mədəniyyətin və milli ənənələrin təkcə qorunub saxlanması deyil, onların inkişafı üçün şərait yaradılması və gələcək nəsillərin varisliklə bunu davam etdirməsi də vacibdir. Milli mənliyin gələcəyin əsas inteqratoru kimi çıxış edən müasir gəncliyin ümdə vəzifələrindən biri bundan ibarətdir.
Öz tarixinin və mədəniyyətinin əhəmiyyətini dərk etməyən millət inkişaf yolu ilə irəliləməyə hazır deyildir. Çox ziddiyyətli, lakin Rusiyada populyar olan “Rusiya layihəsi” kitabının müəllifləri haqlı olaraq deyirlər: “Planeti içərisinə müxtəlif rəngli və müxtəlif həcmli, yüksək təzyiq altında üfürülmüş şarlarla dolu otaqla müqayisə etmək olar. Bu şarların hər biri öz yerini tutur və eyni zamanda, o biriləri saxlayır. Şarlardan birində təzyiq düşən kimi, qonşu şarlar onu əzməyə başlayır. Təzyiqi müəyyən edən nə iqtisadiyyatdır, nə də ordu, təzyiqi mənəvi dəyərlərin olması müəyyən edir. İstehlakçı sivilizasiya şarları biz kimi deşir. Vəziyyət belə davam etsə, günlərin birində otaq boşalacaqdır. Rəngbərəng şarlar rəngbərəng əski parçaları kimi döşəmədə yığılıb qalacaqdır” ("Проект Россия". Вторая книга. М., 2008, с.121).
Dördüncüsü, Azərbaycan xalqının son bir əsrdə keçdiyi yolun mənasını yenidən dərk etməyə çalışaraq, milli tarix barədə daha tez-tez danışarkən millətin inkişaf strategiyasını müəyyən etmiş və bundan sonra da müəyyən edəcək məsələlərə xüsusi diqqətlə yanaşmaq lazımdır. Yeni nəsil bizim milli sərvətimiz olmuş və sərvətimiz kimi qalan hər şeyi, Azərbaycan xalqının tarixi olan, uzun illər, əsrlər boyu həyatımızın ayrılmaz hissəsi olan dəyərləri qiymətləndirməyi bacarmalıdır. Sovet İttifaqının tərkibində keçirilmiş illəri hesabdan silmək olmaz. Bu, bizim tariximizdir, onu yadda saxlamaq və öyrənmək son dərəcə vacibdir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixinə də çox diqqətlə yanaşmalı, Şərqdə ilk demokratik respublikanın banilərini hörmətlə yad etməliyik. İstiqlal Bəyannaməsini imzalamış insanların adlarını yadda saxlamaq və əziz tutmaq lazımdır. Bu, bizim gələcək inkişafımızı müəyyənləşdirmiş tariximizdir.
Tarix barədə danışanda biz müxtəlif siyasi möhtəkirliyə və sayıqlamalara uymamalıyıq. Tarix konkret faktların təsdiqi deməkdir. Burada bu və ya digər proseslərin, yaxud şəxsiyyətlərin rolu korporativ maraqlar güdən mifoloji uydurmalara deyil, reallığa əsaslanmalıdır.
Bu gün bizim tariximiz gerçəkliyi əks etdirən dəqiq və konkret faktların toplusundan ibarət olmalıdır. Məsələyə məhz bu cür yanaşma bizim səmərəli dövlətçilik qurmağımıza imkan verər.
Beşincisi, Azərbaycan cəmiyyətinin qarşısında yeni menecerlər, gənc idarəçilər, texnokratlar, dövlətçiliyin qorunub saxlanmasına, inkişaf strategiyasının səmərəliliyinə, təməli bu gün qoyulan modernləşmə ideyalarının həyata keçirilməsinin uğuruna, ölkənin gələcəyinə görə cavabdeh olacaq insanlar yetişdirmək vəzifəsi durur. Bütün bu məsələləri bəlkə də indi hələ məktəbli və ya tələbə partası arxasında əyləşənlər həll etməli olacaqdır. Lakin artıq aşkar görünür ki, onlar konkret və məsul vəzifələr yerinə yetirməli olacaqlar. Bunun üçün cəmiyyətdə Azərbaycan xalqının mənafelərinə cavab verən və milli demokratik modelin yaradılması üçün kifayət qədər potensialı olan siyasi mədəniyyətin formalaşdırılması zəruridir. Biz inkişaf strategiyamızı özümüz yaratmalı və təkmilləşdirməliyik, dövlətin inkişafının başqa mühitdə yaradılmış bu və ya digər modelini kiminsə hazır şəkildə bizə təqdim etməsini gözləməməliyik. Eyni zamanda, biz həmişə hazır olmalıyıq ki, inkişaf yolumuz kimisə qane etmir, ölkəmizin müstəqil siyasəti kimisə narahat edir, bizim iqtidarın həyata keçirdiyi müstəqil siyasət kimlərisə özündən çıxarır. Yaxşını pisdən ayırmağı bacarmaq, bizə ünvanlanmış tənqidin harada real nöqsanlara əsaslanmasını və harada geosiyasi, geoiqtisadi təzyiq xarakteri daşımasını başa düşmək lazımdır. Bu baxımdan Rusiya siyasətçilərindən birinin dəqiq söylədiyi fikirlə razılaşmamaq çətindir: “Bizim daxili işlərimiz barədə xaricdən eşidilən dedi-qodulara sakit yanaşmaq lazımdır: dedi-qoduçulara ölkəmizdə elə demokratiya lazımdır ki, onların işləri yaxşı getsin”.
Bizə inkişaf yolu, modernləşmə strategiyası göstərməyə tez-tez cəhd edirlər və bundan sonra da edəcəklər, daim təkrarlayacaqlar ki, biz nəyi etməli və nəyi etməməliyik. Bunlar unilateral, lakin artıq heç də birqütblü olmayan dünya nizamının təsiri ilə formalaşan zamanın qüsurlarıdır. Qlobal inteqrasiya dünyanı həm siyasi, həm də iqtisadi baxımdan rəngarəng etmişdir, sosiomədəni aspektdə isə o, ənənəvi arxetipləri təhlükə qarşısında qoyan yeni şərait yaradır. Bütün bunlara baxmayaraq, milli siyasi mədəniyyət suverenliyin qorunub saxlanmasını, inkişafın səmərəliliyini və dövlətçilik ideologiyasını təmin edəcək üç amilə əsaslanmalıdır.
Birincisi. Sistemin açıqlığı və şəffaflığı ölkənin yeni siyasi məkanının formalaşmasının əsası olacaqdır. Elə bir məkan ki, burada rəqabətə davamlılıq və ictimai maraqların real təcəssümü uğrunda bəhsləşmə siyasi qüvvələrin prioritet vəzifəsi olacaqdır. Etiraf etmək lazımdır ki, son illərdə ölkədə cəmiyyətin və dövlətin mənafelərini tam şəkildə əks etdirə biləcək siyasi qüvvələr formalaşmamışdır. Müxalifət yönümlü partiyalar indi yalnız öz liderlərindən, onların fikirlərindən və bəyanatlarından asılıdır. Bizdə siyasi təsisatların şəxsləndirilməsi baş vermişdir. Siyasət səhnəsində neçə şəxs varsa, bir o qədər də partiya var. Əgər nəzərə alsaq ki, ölkədə mövcud olan müxalifət partiyalarının heç biri sosial və iqtisadi modernləşmə konsepsiyasını irəli sürməmişdir, onda bu qənaətə gəlmək olar ki, bizim siyasi mədəniyyətimizdə şəxsiyyət elə siyasi təsisat deməkdir. Yeganə olmasa da, ən vacibidir. Hərçənd, unutmaq olmaz ki, plüralist cəmiyyətdə partiyaların və siyasi təşkilatların rolu əvəzsizdir. Onlar siyasi sabitliyin, inkişafın və demokratik transformasiyanın ən mühüm amilidir.
İkincisi, Azərbaycan cəmiyyətində demokratiya inkişaf etdikcə, mərhələlər üzrə formalaşan liberal ideyalar ölkənin siyasi mədəniyyətinin gələcəyini müəyyən edəcəkdir. Lakin liberallaşmanı yalnız “gecə gözətçisi dövləti” qurmaq kimi başa düşmək lazım deyildir. Azadlığa zəmanət verilən, vətəndaşların hüquq və azadlıqlarının təmin edildiyi güclü dövlət bizim dövlətçiliyimizin birinci dərəcəli məqsədidir. Frensis Fukuyama haqlı olaraq yazır: “Asayişin təmin edilməsi qüvvələrini yalnız və yalnız dövlətlər birləşdirməyə və məqsədyönlü şəkildə yerləşdirməyə qadirdir. Bu qüvvələr ölkə daxilində qanunun hökm sürməsini təmin etmək və beynəlxalq qaydanı qoruyub saxlamaq üçün zəruridir. “Dövlətçiliyin qürubu”nun tərəfdarları, - istər azad bazarın tərəfdarları olsunlar, istərsə də çoxtərəfli müqavilələr ideyasına sadiq olsunlar, - izah etməlidirlər ki, müasir dünyada suveren milli dövlətlərin gücünü məhz nə əvəz edəcəkdir... Əslində, bu uçurumu cürbəcür beynəlxalq təşkilatların, cinayətkar sindikatların, terrorçu qrupların və s. toplusu doldurmuşdur, onlar müəyyən dərəcədə hakimiyyətə və legitimliyə malik ola bilər, lakin bunların hər ikisinə eyni vaxtda malik olmaları çox nadir haldır. Bu suala aydın cavab olmadığı üçün biz yenidən suveren milli dövlətə qayıtmalı və onun güclü və uğurlu dövlətə necə çevrilməli olduğunu başa düşməyə çalışmalıyıq” (Ф.Фукуяма. Сильное государство. М., 2006, c.199).
Bizim siyasi mədəniyyətimiz postsovet məkanında üzləşdiyimiz bir sıra geosiyasi və geoiqtisadi amillərdən törənmişdir və hazırda milli inkişafın o aspektlərini əks etdirir ki, onlar neokonservatizmin və neoliberalizmin birləşməsinin təzahürüdür. Bu iki ideoloji konseptin qarşılıqlı sintezi müasir dünya sistemində yeni ideyanın inikasıdır. Bu cür birləşmə indi dünya nizamında baş verənlərin əsasını təşkil edir. İmmanuil Vallerstayn yazır: “On ildən sonra neoliberal qloballaşma haqqında kapitalizm dünyası iqtisadiyyatının tarixindəki dövrü sapma kimi yazacaqlar. Məsələ bu fazanın başa çatıb-çatmamasında deyil, məsələ ondadır ki, bu sapma dünya sistemində əvvəllər mövcud olmuş nisbi tarazlığı bərpa edə biləcəkmi?” (Год 2008: Смерть неолиберальной глобализации. И.Валлерстайн. Scepsis.ru).
Hazırda Azərbaycan cəmiyyəti qarşılıqlı ictimai münasibətlərin mahiyyətini və mənasını transformasiya edən qlobal proseslər nəzərə alınmaqla inkişaf edir. Bizim gözümüzün qarşısında geniş miqyas almış, maliyyə və siyasət sahələrini bürümüş qlobal böhran göstərir ki, qlobal idarəetmə təsisatları sistemi özünnn qarşısında duran tələblərin öhdəsindən gələ bilmir. Biz dünya institusionallaşmasındakı boşluğu görürük, hazırda çox kəskin olan konkret problemlərin həllinə görə cavabdeh beynəlxalq məkanlar yoxdur. Eyni zamanda, “qlobal qarşılıqlı asılılıq” bu proseslərin suveren dövlətlərə təsirini üstələyir. Nəticədə inkişaf haqqında təsəvvürlər çox vaxt kənardan birgə iştirak amilinə çevrilir, suverenlik isə qeyri-real yeni iqtisadi qayda şüarı altında mənasını itirir. Tamamilə aydındır ki, son onillik ərzində yaranmış dünya nizamı bəşəriyyətin təhlükəsiz və davamlı inkişafını təmin edə bilməmişdir. İkinci Dünya müharibəsindən sonra təklif edilmiş qlobal siyasi və iqtisadi təhlükəsizlik təsisatları hazırda bəşəriyyətin qarşısında tam kəskinliyi ilə duran təhdid və çağırışlara davam gətirə bilmir. Buna görə də ənənəvi olmayan təhdidlərə ənənəvi cavablar axtarmaqdansa, qlobal sabitliyin formalaşması məsələsinə yeni yanaşmalar zəruridir.
Hazırda dünya birliyi milli suverenliyin itirilməsini yolverilməz hesab etsə də, müstəqilliyin məhdudlaşdırılmasını dinməzcə qəbul edir. İnformasiya texnologiyalarının inkişafı, təhsilin beynəlmiləlləşməsi, öz siyasi və iqtisadi maraqlarının gerçəkləşdirilməsində “bu dünyanın qoluzorlularından” asılılıq indi bizim, adətən, “qloballaşma” adlandırdığımız vəziyyəti formalaşdırmışdır. Əslində isə, qloballaşma ümumdünya inteqrasiyası amili adı altında məharətlə pərdələnmiş ekspansiyanın başqa, yeni bir formasıdır. Qloballaşma nəzəriyyəçiləri əbəs yerə demirlər ki, bu yarışda yalnız güclülər qalib gəlir, zəiflərin yeri isə bucaqda əvvəlcədən hazırdır.
Hazırda yeni müstəqil dövlətlərin qarşısında duran vəzifə onların öz imkanlarını və əhəmiyyətini eynilə qiymətləndirməkdən ibarətdir. Burada söhbət, bir tərəfdən, dövlətin innovasiyalı inkişafına, digər tərəfdən, onun mühafizəkar mənəvi-əxlaqi və dini dəyərlərinin qorunub saxlanmasına kömək edən modernləşmə yolunun seçimindən gedir. Bununla bərabər, Rusiya Prezidenti D.Medvedevin bu yaxınlarda haqlı olaraq dediyi kimi, “modernləşmə çərçivəsində səmərəli davranış - risklərin tarazlaşdırılmış qiymətləndirilməsinə və əldə edilən imkanların qiymətləndirilməsinə əsaslanan davranış üçün səmərəli stimullar sistemi yaradılmalıdır”.
İntensiv dəyişməkdə olan dünya reallıqları şəraitində dövlətlərin inkişafının strategiyasını və sürətini onların özlərinin müəyyən etməyə haqqı olması barədə fikirlər getdikcə daha aktual səslənir. Burada əsas rol “beynəlxalq jandarmlara” deyil, bilavasitə demokratik ənənələri və təsisatları formalaşdırmalı və keçilmiş tarixi yola, sosiomədəni inkişafa uyğun olaraq həmin şəraitdə yaşamalı olan cəmiyyətlərə məxsusdur. Məhz cəmiyyətlər özləri dövlətin uzun illər inkişafını təcəssüm etdirəcək müvafiq demokratik mühit yaratmağa qadirdirlər.
Suveren dövlət kimi Azərbaycanın sabit, şəffaf, açıq demokratik sistemin və liberal iqtisadiyyatın formalaşması üçün zəruri potensialı vardır. Bizim uzunmüddətli strateji vəzifəmiz ondan ibarətdir ki, Azərbaycan inkişaf etmiş demokratik dövlətlər silsiləsində mühüm bir bəndə çevrilsin və gözlənilən yeni sivilizasiyanın çağırışlarına cavab verə bilsin. Şərqdə qurulmuş ilk demokratik respublikanın tarixi keçmişi belə bir demarş üçün bizim qarşımızda geniş perspektivlər açır. Lakin təkcə siyasi elita bu vəzifənin öhdəsindən gələ bilməz, burada vətəndaş cəmiyyəti təsisatlarının, daha dəqiq desək, bütövlükdə Azərbaycan cəmiyyətinin fəal köməyinin mühüm rolu vardır. Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyinə həsr edilmiş mərasimdə Prezident İlham Əliyev demişdir: “Mən bizim qarşımızda heç bir maneə görmürəm, sadəcə, qəbul olunmuş bütün qərarlar vaxtlı-vaxtında icra edilməli və ciddi ictimai nəzarət olmalıdır. Biz siyasi islahatlar aparmaqla yanaşı, güclü ictimai nəzarətə də diqqət göstəririk ki, dövlətin, hökumətin bütün addımları xalq tərəfindən izlənilsin, ona güclü təhlil verilsin. Lazım gələrsə, müəyyən islahatlarda düzəlişlər də edilməlidir. Geniş müzakirələr keçirilmədən biz buna nail ola bilmərik. Ona görə Azərbaycanda bütün qəbul edilmiş əsas qərarlar həm ictimaiyyətdə, həm Milli Məclisdə, həm də hökumətdə, ictimai təşkilatlarda geniş müzakirə predmetinə çevrilir. Azərbaycan xalqının və Azərbaycan iqtidarının o istiqamətdəki baxışları, yanaşmaları, mövqeyi üst-üstə düşür” (“Azərbaycan” qəzeti, 28 may 2008-ci il).
Prezident İlham Əliyevin ictimai nəzarəti gücləndirmək çağırışı Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və inkişaf etdirilməsi strategiyasının təcəssümüdür. İndi Azərbaycan cəmiyyəti elə mərhələyə çatmışdır ki, dövlət ilə cəmiyyət arasında heç bir ayırıcı xətt olmamalıdır. Cəmiyyət milli məkanın demokratikləşməsində və liberallaşmasında fəal iştirak etməlidir və biz yalnız bu yolla demokratik konsolidasiyaya doğru hərəkətdən danışa bilərik.
İctimai nəzarətlə yanaşı, biz qanunçuluğun və hüquq qaydasının, icra hakimiyyəti orqanlarının demokratik inkişafının və şəffaflığının, hər bir məmurun hakimiyyət iyerarxiyasına və cəmiyyətə hesabat verməsinin təmin edilməsində dövlətin rolunu daha da gücləndirməliyik. Bununla bərabər, Azərbaycanın hər bir vətəndaşı dövlət qarşısında onun üzərinə düşən bütün məsuliyyəti dərk etməlidir. Dünyanın inkişaf sürəti xalqları yeni sınaqlardan keçməyə məcbur edir. Buna görə də yalnız məsuliyyətli yanaşma müəyyən məqsədlərə çatmağımıza imkan verər. Nəzarət sisteminin formalaşmasında bizim əsas meyarlarımız dövlət hakimiyyətinin mahiyyətini təcəssüm etdirən üç prinsip olacaqdır - qanunun aliliyi, məsuliyyət və hesabat. Bu amillərin başa düşülməsi dövlət aparatının, icra hakimiyyəti orqanlarının maksimum səmərəli işinə şərait yaradacaq, gerçəkliyimizə xas olan mənfi amillərə qarşı mübarizədə bizə kömək edəcəkdir.
Ciddi dövlət nəzarətindən danışarkən biz özümüzü heç də avtarkiyalı (qapalı) sistemin məddahlarına və təbliğçilərinə oxşatmırıq. Əsla. Dövlət nəzarəti sistemi inkişaf etmiş demokratik dövlətlərin hamısında fəal tətbiq olunur. Dövlət nəzarətini gücləndirməkdə bizim məqsədimiz dövlətin sabit, təhlükəsiz və demokratik inkişafını təmin etməkdən ibarətdir. Bizim prioritetimiz öz dövlətinə və sabahkı günə inanan azad şəxsiyyətlər və dövlətin mənafeyini həyatının mənası hesab edən idarəçilərdir. Ona görə də modernləşmənin uğurları və Azərbaycanda səmərəli dövlətçilik qurulması hər bir dövlət qulluqçusunun onun qarşısında qoyulmuş vəzifələrə necə yanaşmasından, dövlətimizin başçısı tərəfindən müəyyən edilmiş vəzifələrin nə dərəcədə məsuliyyətlə həyata keçirilməsindən və bizim hər birimizin cəmiyyət qarşısında nə dərəcədə hesabat verəcəyimizdən asılıdır. Başa düşməliyik ki, dövlət - biz hamımızıq, ciddi inkişafa, innovasiya sıçrayışlarına və yeniliklərə, Qərbin qabaqcıl texnologiyalarının səmərəli şəkildə mənimsənilməsinə can atan cəmiyyətdir və bu məqsəd XXI əsrdə bizim inkişafımızın strategiyasıdır. Bizim seçimimiz insan kapitalına sərmayə qoymaq və demokratik ənənələrin və təsisatların, liberal iqtisadiyyatın inkişaf etdirilməsi, təbii ehtiyatlardan səmərəli istifadə olunması, insanların maddi rifahının yaxşılaşdırılması yolu ilə dövlətçiliyi gücləndirmək arzusundan döğmuşdur. Bu, milli inkişafın Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş uzunmüddətli strategiyasıdır.
Nəhayət, Azərbaycanda yeni siyasi mədəniyyətin formalaşmasının üçüncü mühüm tərkib hissəsi Azərbaycan sosiumunun modernləşməsinin əsas elementi kimi milli ideya olacaqdır. İnsanın özünün və cəmiyyətin xeyrinə, daha dəqiq desək, millətin xeyrinə optimal davranışı ideyasının mövcud olduğu şəraitdə məhz milli ideya millətin intensiv inkişafının başlıca aspektidir. Həm də ona görə ki, milli ideya həmişə ictimai-siyasi amillərdən tutmuş, təbii-iqlim şəraitinə qədər müxtəlif amillərdən asılıdır. Milli inkişafın mühüm aspekti kimi, milli ideya bu və ya digər inkişaf strategiyasının müvəqqəti təcəssümüdür.
Qeyd etmək lazımdır ki, milli ideya - ictimai şüurun milli elmi araşdırmalar hüdudundan kənarda qalmış sahəsidir. Halbuki o, sosial proseslərin ən güclü katalizatorudur. Görkəmli Azərbaycan maarifçisi və ictimai xadim Əhməd bəy Ağayev hələ XX əsrin əvvəllərində millətçilikdən danışarkən, onu “milli ideya” kimi mənalandıraraq yazırdı: “O, tarixdə ən böyük qəhrəmanlıqların mənbəyi olmuşdur və yenə də olacaqdır. Onsuz xalqların çoxu hələ də yadellilərin ağır zülmü altında inləməkdə davam edərdi və onun sayəsində hələ çoxları məqbul çıxış yolu tapacaqdır” (Агаев А.Б. Наши националисты. «Каспий», №207, 25 сентября 1903г.).
Azərbaycan türklərinin tarixi minilliklərlə hesablanır, lakin azərbaycanlıların milli mənlik şüuru M.F.Axundov, H.B.Zərdabi, M.Kazımbəy, M.Ə.Topçubaşov, M.A.Şahtaxtınski və onlardan daha əvvəl A.Bakıxanov (1794-1846) həyatın özündən irəli gələn bir sualı qaldırdıqları vaxtdan başlanır: Azərbaycan nədir, onun etnogenezi, xalqların və dövlətlərin qarşılıqlı əlaqəsində onun nəsibi və yeri nədən ibarətdir? Bu suallar Birinci rus-burjua demokratik inqilabı və Rusiya-Yaponiya müharibəsi ərəfəsində və ondan sonra mətbuat səhifələrində çox fəal şəkildə qaldırılırdı. Azərbaycan ziyalıları (Ə.Ağayev, Ə.Hüseynzadə, M.Rəsulzadə, C.Məmmədquluzadə, Ö.F.Nemanzadə, N.Nərimanov və b.) yaxşı başa düşürdülər ki, cəmiyyətin irəliləyişini sürətləndirmək, onun enerjisini qabaqcıl millətlərin açdığı məcraya yönəltmək lazımdır. Lakin bu, xalqın oyanması və müxtəlif səpkidə, prinsipcə plüralist və prinsipcə ictimai maariflənməsi vasitəsilə mümkündür.
Heç şübhəsiz, Azərbaycanda ictimai fikir tarixinin öyrənilməsi istiqamətində ictimai şüuru və milli mənlik şüurunu oyatmış ilk “təkanın” dərk edilməsi elmi və praktik baxımdan maraq doğurur. Lakin başqa bir məsələni də bilmək lazımdır. Azərbaycan xalqının “milli ideyası” M.A.Şahtaxtınskinin (1891) “azərbaycanlılar”, “Azərbaycan dili”, daha sonra M.Ə.Rəsulzadənin işlətdiyi “Azərbaycan xalqı”, “azərbaycanlılar” ifadələri ilə özünü göstərsə də, “milli ideya” haqqında diskussiya öz trayektoriyasını dəyişərək, XX əsrin əvvəllərində türkçülüyün ideoloqları Ə.Hüseynzadə və Ziya Göyalp tərəfindən irəli sürülmüş “türkçülük, islamçılıq və müasirlik” triadasında ifadə olunmuşdur.
Beləliklə, 1905-1918-ci illərdə Azərbaycan milli hərəkatının xadimləri “milli ideya”nın məzmununu tarix, mədəniyyət elementlərini, ənənələri, etnik tərkib hissəni, yeni dövrün ab-havasını, Avropa təfəkkürünün və Avropa həyat tərzinin standartlarını əhatə edən “azərbaycançılıq” kimi ifadə etməyə müvəffəq olmuşdular. Gündəlikdə belə bir məsələ dururdu: “azərbaycançılıq”, yoxsa “türkçülük”? Milli inkişafın fəlsəfi və siyasi doktrinası kimi “türkçülük, islamçılıq və müasirlik” formulu əsas götürülmüşdü. Sonradan bu üçlük Azərbaycan Xalq Cümhuriyyətinin milli ideyası statusu almışdı. Bu, həmin dövrdə Cənubi Qafqaz və xüsusən Azərbaycan ətrafında coşan siyasi ehtiraslara kompromis cavab idi.
Hazırda “milli ideya” kimi “azərbaycançılıq” başqa, yeni keyfiyyətdə çıxış edir. Azərbaycanlıların müasir nəsli üçün bu ideya fəlsəfə, siyasət, ideologiya və sosial fəaliyyətdir. O, tarixin tamamilə yeni bir zaman kəsiyində millətin sosial və mənəvi-psixoloji gücünün mənbəyidir. Bu milli ideyada postindustrial dövrdə başlıca məsələnin həll edilməsi üçün sosiumu vahid tam şəklində birləşdirməyə qadir olan qüvvə, sosial enerji vardır. Milli ideya məqsədin məzmununu, ona nail olmağın yollarını və üsullarını müəyyənləşdirən əsas prinsipdir. Konkret milli ideyası olmayan vətənpərvərlər döyüşdə konkret taktikası və strategiyası olmayan əsgərlər kimidir.
Bəzilərimiz tez-tez belə suallar eşidirik: “Mən nə edə bilərəm?”, “Məndən heç nə asılı deyil”, “Bunu mənmi etməliyəm?”. Nəticədə cəmiyyətdə nə isə məğlubiyyətçilik sindromu formalaşır, yəni inkişafın bu və ya digər sosial, iqtisadi və ən pisi, siyasi uyğunsuzluqlarına görə heç kəs məsuliyyət daşımaq istəmir. Hətta məsələ məsuliyyətdən daha çox bu və ya digər problemin həllində birgə iştirakdadır. Hər kəs “yuxarı” baxmağı, yuxarılarda müvafiq qərar qəbul ediləndən sonra bu və ya digər problemin həllini gözləməyi özünə borc bilir. Məgər bu, dövlətimizi və cəmiyyətimizi sabit və davamlı inkişaf etdirməyə imkan verə bilərmi? Bu gün hər bir vətəndaş, cəmiyyətin hər bir üzvü, hər bir fərd cəmiyyətin formalaşmaqda olan sosial-siyasi və iqtisadi strukturunun qanunvericisidir. Bizi əhatə edən və yaxud bizimlə bağlı olan bu və ya digər proseslərə görə hər bir kəs məsuliyyət daşıyır. Biz birlikdə bu dövləti qururuq, demokratik rejimi formalaşdırırıq, Azərbaycanın iqtisadi perspektivlərini təkmilləşdiririk.
Milli modernləşmənin uğur qazanması xeyli dərəcədə gənclərin sosial fəallığından asılıdır. Məhz gənclik çox zaman yeni ideyaların, qeyri-standart qərarların müəllifidir. Buna görə də gənclərə xas olan maksimalizm dövlətçiliyin qurulmasına və möhkəmlənməsinə yönəldilməlidir. Yüksək təhsil, düşünmək qabiliyyəti, istedad, rasionalizm, elmi-texniki təfəkkür, vətənpərvərlik və yaradıcılıq ilhamı bizim müasir gəncləri fərqləndirən keyfiyyətlər olmalıdır. Yeni nəsillər gələcəkdə də milli dövlətçiliyin səmərəli inkişafını təmin etmək üçün bunu yadda saxlamalıdırlar.
Milli ideyada səmərəli və intensiv siyasi, iqtisadi və sosial inkişaf üçün zəruri mühit formalaşdırılması vəzifəsi vardır. Bununla bərabər, milli ideyanı millətçilik və ya şovinizm təzahürləri ilə qarışdırmaq lazım deyil, çünki milli ideyanın vəzifəsi cəmiyyətdəki qüvvələrin bir-birini məhv etməyə yönəlmiş mübarizəsini zəiflətməkdən ibarətdir.