MOLDOVA PREZİDENTİ VLADİMİR VORONİNİN NİTQİ
Hörmətli dostlar!
Mənim deyəcəyim sağlıqda da “əminəm” sözü çox işlədiləcəkdir, çünki bu gün baş verənlər və buraya gələrkən qarşımıza qoyduğumuz məqsədlər məhz əminlik üzərində, münasibətlərimizin inkişaf perspektivləri, gələcəyə inam, müstəqil dövlət kimi öz ölkələrimizin vətəndaşları üçün nail olmaq istədiyimiz yüksək həyat səviyyəsi üzərində qurulur. Dediyim kimi, ölkələrimiz arasında münasibətlərin Heydər Əliyev və Moldova Prezidenti tərəfindən qoyulmuş əsası, münasibətlərimizin baza və normativ sənədi olan dostluq və əməkdaşlıq haqqında imzalanmış dövlətlərarası müqavilə, şəxsi ünsiyyətimiz, şəxsi əlaqələrimiz, qarşımızda duran problemlərin başa düşülməsi – bizi bax, bütün bunlar birləşdirir. Təəssüf ki, bizim xoşagəlməz ümumi problemimiz də var. Bu, ölkələrimizin ərazi bütövlüyünün pozulması ilə bağlıdır. Lakin özümüzə arzuladığımız perspektivlər, əlbəttə, inam yaradır ki, bu məsələ də həll ediləcəkdir.
Cənab Prezident, burada bizə göstərdiyiniz diqqətdən və səmimi qəbuldan çox məmnunuq və buna görə Sizə təşəkkürümüzü bildiririk. Düşünürəm ki, münasibətlərimiz ölkələrimizdə məşğul olduğumuz problemlərin həllinə kömək edəcəkdir.
Biz burada məsləhətləşirdik və xatırladıq ki, Sizin Prezidentliyə başlamağınızdan artıq bir il keçmişdir. Bizi belə yaxşı qəbul etdiyinizə görə burada oktyabrın 31-dək – vəzifəyə başladığınız günədək qalmağı qərara aldıq. Buna baxmayaraq, Sizi bu ildönümü münasibətilə artıq bu gün təbrik edirik. Bu münasibətlə öz Moldova şərabımızı da gətirmişik. İstəyirik ki, işləriniz həmişə uğurlu getsin, müstəqil, suveren Azərbaycanın Prezidenti vəzifəsində Heydər Əliyeviç Əliyevin işlərinin davamçısı təki bir ildə əldə etdiyiniz nəticələr kimi həmişə sanballı nəticələr olsun.
Azərbaycan Prezidentinin sağlığına!
Müstəqil, suveren, ərazicə bütöv Azərbaycanın şərəfinə!
X X X
Rəsmi qəbulda Milli Məclisin sədri Murtuz Ələsgərov, Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, deputatlar, nazirlər, xarici ölkələrin Azərbaycandakı səfirləri və ictimaiyyətin nümayəndələri iştirak edirdilər.