Moldovalı nazirlər səfirliyimizdə keçirilən ağacəkmə aksiyasında iştirak ediblər
Kişineu, 2 noyabr, AZƏRTAC
Kişineu şəhərində Azərbaycanla Moldova arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, ölkəmizin Moldovadakı səfirliyində keçirilən ağacəkmə aksiyasında Moldovanın xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popesku, infrastruktur və regional inkişaf naziri Andrey Spınu, eləcə də Baş nazirin xarici siyasət məsələləri üzrə müşaviri Dorin Fresınyanu və Aparat rəhbəri Stela Cemna iştirak ediblər.
Aksiya çərçivəsində bu ölkənin rəsmiləri tərəfindən səfirliyin həyətində Azərbaycandan gətirilmiş Moldovada olmayan 3 ədəd piramida formalı sərv ağacı əkilib.
Sonra səfirlikdə keçirilmiş görüşdə iki ölkə arasında müxtəlif sahələr üzrə münasibətlərin dinamik inkişafı müzakirə edilib. Moldovalı nazirlər Azərbaycana səfərlərini məmnunluqla xatırlayaraq, ölkəmizin sürətli inkişafının şahidi olduqlarını bildiriblər.
Səfir Qüdsi Osmanov qonaqlara 8 Noyabr - Zəfər Günü ilə bağlı məlumat verib. Bildirib ki, bu münasibətlə Moldovada silsilə tədbirlər keçiriləcək. O qeyd edib ki, 2022-ci ilin “Şuşa İli” elan edilməsi ilə əlaqədar səfirliyin önündəki bağçada Şuşaya aid elementlərin əks olunduğu, ölkəmizin mədəniyyət paytaxtına həsr edilmiş barelyefin açılış mərasiminin keçirilməsi də nəzərdə tutulub. Q.Osmanov həmin gün Moldova parlamentində Şuşaya həsr edilmiş fotoşəkillərdən ibarət sərginin keçirilməsi, orada bu ölkənin ictimai-siyasi xadimləri, parlament nümayəndələri, həmçinin diplomatik korpusun üzvlərinin iştirakının nəzərdə tutulduğunu diqqətə çatdırıb.
O, həmçinin Moldova parlamentinin sədri İqor Qrosu ilə görüşəcəyinə dair məlumat verib.
“Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli tədbirlərdə iştirak etmək üçün noyabrın 8-də Moldovada səfərdə olacaq”,- deyə səfir bildirib.
Kişineu