“Moskva-Bakı-Ankara geosiyasi oxu. Ticari-iqtisadi əməkdaşlığın perspektivləri” mövzusunda dəyirmi masa keçirilib
Moskva, 1 fevral, AZƏRTAC
Moskvadaki Avrasiya İnteqrasiyası Elmi Mərkəzində “Moskva-Bakı-Ankara geosiyasi oxu. Ticari-iqtisadi əməkdaşlığın perspektivləri” mövzusunda dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın və Türkiyənin Moskvadakı səfirliklərinin nümayəndələri, hər üç ölkəni təmsil edən politoloqlar, ekspertlər iştirak ediblər.
Rusiya Siyasi Tədqiqatlar Mərkəzinin direktoru Sergey Markov tədbiri açaraq qeyd edib ki, bu ilin əvvəli Türkiyənin Rusiyada yeni təyin olunmuş səfiri Mehmet Samsarın Moskvaya gəlməsi, Prezident Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri, xarici işlər naziri Sergey Lavrovun Rusiya-Azərbaycan-İran üçtərəfli sammitinin keçiriləcəyi barədə anonsu, eləcə də Moskva-Bakı-Ankara geosiyasi xətti ilə qarşılıqlı əlaqələrin genişlənməsi ilə əlamətdardır.
Son illərdə Samur çay üzərindən avtomobil körpüsünün inşası, TANAP və TAP qaz kəmərlərinin, Şimal-Cənub dəhlizinin, “Akkuyu” AES-in tikintisi, Şahdəniz qaz yatağının işlənilməsi və həyata keçirilən digər mühüm ticarət və infrastruktur layihələri Rusiya xarici siyasətinin mühüm istiqamətlərindəndir. Moskva-Bakı-Ankara oxunun formalaşdırılması hər üç ölkənin siyasi və iqtisadi mövqeyini möhkəmləndirəcək.
S.Markov vurğulayıb ki, belə bir üçlüyün uğurlu fəaliyyətində Rusiya, Azərbaycan və Türkiyə liderləri arasındakı dostluq münasibətlərinin rolu böyükdür. Politoloq deyib ki, Rusiya-Azərbaycan-Türkiyə formatı Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli üçün də imkanlar yaradır. Onun sözlərinə görə, hazırda Rusiya və Türkiyə münaqişənin həlli istiqamətində əməkdaşlıq edirlər.
Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Şövqi Mehdizadə qeyd edib ki, ölkəmiz həm Rusiya, həm də Türkiyə ilə bütün istiqamətlərdə sıx əməkdaşlıq edir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi məsələsini önə çəkən diplomat Rusiyanın bu sahədə vasitəçilik missiyasını yüksək qiymətləndirib.
Türkiyə səfirliyinin müşaviri Zetnəb Savaş Suca hər üç ölkənin energetika sahəsində uğurlu əməkdaşlığını diqqətə çatdıraraq, Bakı-Tbilisi-Kars, Şimal-Cənub, “Türk axını” kimi layihələrin əhəmiyyətini vurğulayıb, ölkələrin qarşılıqlı fəaliyyətinin perspektivlərindən danışıb.
“Avrasiya ideyaları emalatxanası” Elmi Tədqiqatların Dəstəklənməsi Fondunun Ekspertlər Şurasının sədri Qrirori Trofimçukun fikrincə, ötən il Rusiya-Azərbaycan əlaqələri son dövrün ən yüksək nöqtəsinə yüksəlib. Moskva-Bakı-Ankara üçlüyünün Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin qorunmasında rolunu qeyd edən ekspert üçlük formatında əməkdaşlığa Rusiyadakı Azərbaycan və Türkiyə diasporlarının da qatılmasının əhəmiyyətini vurğulayıb.
Müasir Türkiyənin Öyrənilməsi Mərkəzinin rəhbəri Yuri Mavaşev də üç ölkənin ictimaiyyətləri arasında əlaqələrin möhkəmlənməsi fikrini dəstəkləyib. O, diasporların və ictimai təşkilatların birgə fəaliyyətinə daha çox diqqət yetirilməsinin vacibliyini bildirib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva