MOSKVADA AZƏRBAYCAN AİLƏSİ ƏNƏNƏLƏRİNƏ HƏSR EDİLMİŞ TƏDBİR KEÇİRİLMİŞDİR
Moskva, 17 fevral (AZƏRTAC). Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) Moskva regional bölməsi “Müxtəlif millətlərin Moskva ailələri” layihəsi çərçivəsində Moskva Millətlər Evində (MME) “Azərbaycan ailəsi. Ənənələr və adətlər” mövzusunda gecə təşkil etmişdir.
MME-nin direktoru Pyotr Lempert giriş sözündə qeyd etmişdir ki, çoxəsrlik tarixə malik olan zəngin Azərbaycan milli mədəniyyəti dünya mədəniyyətinin tərkib hissəsidir. O, bu tədbirin keçirilməsini dəstəkləmiş Azərbaycanın Moskvadakı səfirliyinə təşəkkürünü bildirərək demişdir ki, Azərbaycanın Rusiyadakı səfiri, məşhur bəstəkar və musiqiçi, yaradıcılığının pərəstişkarlarının sayı-hesabı olmayan Polad Bülbüloğlu Azərbaycan mədəniyyətinin parlaq nümayəndələrindən biridir.
Azərbaycanın RF-dəki səfirliyinin beynəlxalq hüquq məsələləri və diasporla iş üzrə müşaviri Ağalar Atamoğlanov tədbirin iştirakçılarına və qonaqlara səfir Polad Bülbüloğlunun salamını çatdıraraq qeyd etmişdir ki, hər bir azərbaycanlı ailəsində milli ənənələr müqəddəs bir dəyər kimi qorunub saxlanır və nəsildən-nəslə keçir. Onun sözlərinə görə, bizim diasporun əsas vəzifələrindən biri də öz üzvlərinin yaşadığı ölkədə milli ənənələri qoruyub saxlamaqdır.
Ümumrusiya Azərbaycanlılar Konqresinin icraçı direktorunun müavini İlqar Hacıyev vurğulamışdır ki, ÜAK-ın və onun Moskva bölməsinin əsas missiyalarından və fəaliyyət istiqamətlərindən biri bizə dost və qardaş olan Rusiyada yaşayan azərbaycanlıların adət və ənənələrini qoruyub saxlamaqdır. Gənc nəslin bu dəyərləri unutmaması və nəsildən-nəslə ötürməsi, eləcə də başqa millətlərin və mədəniyyətlərin nümayəndələrini bu dəyərlərlə tanış edərək çoxmillətli Rusiya mədəniyyətinin qarşılıqlı zənginləşməsinə kömək etməsi çox vacibdir. İlqar Hacıyev ÜAK adından Moskva Millətlər Evinə xatirə hədiyyəsi və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev haqqında kitablar bağışlamışdır.
Moskvadakı “Dərviş” teatrının yaradıcı kollektivi və Azərbaycan etnik-mədəni komponentli 157 nömrəli ümumtəhsil məktəbinin “Odlar yurdu” ansamlı “Azərbaycan toyu” mövzusunda səhnələşdirilmiş tamaşanı qonaqlara təqdim edərək onları Azərbaycan toyu ilə əlaqədar mərasim, adət və ənənələrlə tanış etmişlər. Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin məşhur “Arşın mal alan” əsəri əsasında qurulmuş tamaşada Azərbaycan mahnı və rəqsləri ifa edilmişdir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva