Moskvada Azərbaycanın Kursk döyüşündəki qələbədə rolundan bəhs ediblər
Moskva, 30 avqust, AZƏRTAC
Moskvada azərbaycanlı zabitlərin İkinci Dünya müharibəsində göstərdikləri rəşadətdən və Kurs qabarığında qələbədə Bakı neftinin rolundan bəhs ediblər.
AZƏRTAC xəbər verir ki, Moskvadakı Poklonnaya Qoroda yerləşən Qələbə Muzeyində “Kursk alovlu qabarığında hərbi şərəfi itirmədilər” mövzusunda elmi-tarixi forum təşkil edilib. Tədbirin təşkilatçıları qismində Moskva Hökuməti və RF Silahlı Qüvvələri Baş Qərargahı Hərbi Akademiyasının Hərb Tarixi İnstitutu çıxış ediblər.
Forumun işində hərb tarixçiləri, RF Müdafiə Nazirliyi, “Rosqvardiya”nın nümayəndələri, həmçinin Moskvanın qanunverici və icra hakimiyyətlərinin, Rusiya paytaxtının veteran, ictimai və gənclər təşkilatlarının təmsilçiləri iştirak ediblər.
Tibb elmləri doktoru, professor, tanınmış rusiyalı kardioloq, “Azərbaycan İkinci Dünya müharibəsinin arenasında” kitabının müəllifi Mehman Məmmədov məruzə ilə çıxış edib. O, İkinci Dünya müharibəsində azərbaycanlı zabitlərin rəşadətindən və Kurs qabarığında qələbədə Bakı neftinin rolundan bəhs edib.
M.Məmmədov Kursk döyüşündə azərbaycanlı qəhrəmanların - Azərbaycanın ilk hərbi təyyarəçisi Züleyxa Seyidməmmədova və pilot Cahangir Bağırovun igidliyini xatırladıb. O qeyd edib ki, Xəzər nefti Kursk qabarığında “motorların müharibəsində” başlıca rol oynayıb. 1943-cü ildə Bakı cəbhəyə, ilk növbədə Kursk qabarığında döyüşən qoşunlara 5 milyon tondan çox müxtəlif neft məhsulları göndərib.
Moskva Hökumətinin təşəbbüsü ilə Kursk döyüşü haqqında elmi əsərlərin məcmuəsi dərc ediləcək. Bu nəşrə M.Məmmədovun “Motorların müharibəsi və Xəzər nefti” və “Azərbaycanlıların Kursk qabarığında qəhrəmanlığı” adlı iki kitabı daxil ediləcək.
Moskva