MOSKVADA DİNİ LİDERLƏRİN ÜMUMDÜNYA SAMMİTİ KEÇİRİLİR
Birinci gün forumun işində Rusiyanın xarici işlər naziri Sergey Lavrov, RF hökuməti sədrinin müavini Dmitri Medvedev, Azərbaycanın Moskvadakı səfiri Polad Bülbüloğlu, dini konfessiyaların və dövlət qurumlarının nümayəndələri də iştirak etmişlər.
Rusiya Prezidenti Vladimir Putin forumda çıxış edərək demişdir ki, zirvə toplantısı konfessiyalar və dünya xalqları arasında daha sıx dialoq yaradılmasına təkan verəcəkdir. Onun fikrincə, bu dialoqu dünyanın üzləşdiyi yeni təhdidlərə qarşı qoymaq olar. Dünyanı dini və etnik əlamətlər üzrə parçalamağa, ilk növbədə, xristian və müsəlman birliklərinin aralarına rəxnə salmağa cəhdlər göstərildiyini vurğulayan V.Putin sivilizasiyaların münaqişəsinin mümkün nəticələrini və bu qarşıdurmanın nəyə gətirib çıxara biləcəyini dərk etməyə çağırmışdır.
Moskvanın və bütün Rusiyanın patriarxı II Aleksinin sədrlik etdiyi forumda İranın, İsrailin dini liderləri və başqaları çıxış etmişlər. Onlar indiki dünyada əxlaqi və mənəvi dəyərlərin yüksəldilməsi ilə bağlı mühüm məsələlərdə mövqeləri uyğunlaşdırmağın, dindən terrorizm və ekstremizm məqsədləri ilə istifadə olunmasına qarşı vahid cəbhə ilə çıxış etməyin zəruriliyindən danışdılar.
Şeyxülislam Allahşükür Paşazadə AZƏRTAC-ın müxbirinə demişdir ki, dini liderlərin belə mötəbər məclisinin keçirilməsi əlamətdar hadisədir. Bu toplantını keçirmək ideyasını Rusiya Dinlərarası Şurasının həmsədrləri kimi mən və həmkarım patriarx II Aleksi ilə irəli sürmüşdük. Forumun başlıca məqsədi belə bir yekdil fikri dini liderlərə və xalqlara çatdırmaqdır ki, dindən terrorizm və ekstremizm məqsədləri ilə istifadə oluna bilməz, din insanların rifahına xidmət etməli, mənəvi və əxlaqi dəyərlərin yüksəlməsinə təkan verməlidir.