MOSKVADA FİFA VƏ AFFA PREZİDENTLƏRİNİN GÖRÜŞÜ KEÇİRİLMİŞDİR
Moskva, 17 yanvar (AZƏRTAC). “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik Kuboku - 2009” Beynəlxalq futbol turnirinin keçirilməsi ilə əlaqədar Moskvada olan AFFA-nın prezidenti Rövnəq Abdullayev FİFA-nın prezidenti Yozef Blatterlə görüşmüşdür.
AFFA-nın baş katibi Elxan Məmmədov AZƏRTAC-ın xüsusi müxbirinə bildirmişdir ki, görüşdə Azərbaycan futbolunun indiki vəziyyəti və inkişafı perspektivləri müzakirə olunmuşdur. E.Məmmədov bildirmişdir ki, AFFA-nın prezidenti Rövnəq Abdullayev 2008-ci ildə görülmüş işlər, AFFA-nın yeni strategiyası, gənclər siyasəti, keçirilmiş çempionatlar, habelə milli futbolun inkişafı sahəsində əldə olunmuş digər nailiyyətlər barədə Blatterə ətraflı məlumat vermişdir. FİFA-nın prezidentinə bu yaxınlarda fəaliyyətə başlamış Futbol Akademiyası barədə kitabça, son üç ayda uşaqlar üçün tikilmiş 14 mini-stadionun kataloqu və AFFA-nın həyata keçirdiyi bir sıra digər layihələr nümayiş etdirilmiş, 2009-cu il üçün nəzərdə tutulmuş planlardan söhbət açılmışdır.
Yozef Blatter öz növbəsində AFFA-nın fəaliyyətindən razı qaldığını bildirmiş, onun rəhbərliyinin milli futbolun inkişafı və gənclər siyasəti sahəsində gördüyü işləri yüksək qiymətləndirmişdir. FİFA-nın başçısı demişdir ki, qısa müddətdə - 7-8 ay ərzində böyük iş görmüş, belə vacib layihələr həyata keçirmiş AFFA-nın fəallığı onu yaxşı mənada təəccübləndirmişdir. AFFA-nın böyük perspektivləri olduğuna inandığını vurğulayan Y.Blatter Azərbaycanın futbol təşkilatı ilə səmərəli əməkdaşlığı bundan sonra da davam etdirməyə hazır olduğunu bildirmişdir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva