MOSKVADA ÜMUMDÜNYA İNFORMASİYA AGENTLİKLƏRİ KONQRESİ KEÇİRİLƏCƏK
İTAR-TASS agentliyi baş direktorunun birinci müavini Mixail Qusman AZƏRTAC-ın xüsusi müxbirinə bildirmişdir ki, Konqres İTAR-TASS-ın təşəbbüsü ilə keçirilir. Onun sözlərinə görə, bu tədbirin keçirilməsi ideyası çoxdan yaranmışdır. İnformasiya agentliklərinin hələ iki il əvvəl Anadolu informasiya agentliyinin təşəbbüsü ilə İstanbulda təşkil olunmuş forumunda birinci konqresin keçirilməsinin mümkünlüyü müzakirə edilmişdi. Budəfəki tədbir İTAR-TASS-ın 100 illiyinə həsr olunmuşdur.
M.Qusman qeyd etmişdir ki, hazırda informasiya agentliklərinin fəaliyyət göstərdiyi müxtəlif ölkə və qitələrdə onları müxtəlif regional qurumlar - Avropa İnformasiya Agentlikləri Alyansı, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Alyansı, Aralıq dənizi hövzəsi, Ərəb dövlətləri, Balkan yarımadası regionu ölkələri informasiya agentliklərinin birlikləri və sair birləşirlər. Lakin bir sıra qitələrdə, məsələn Latın Amerikasında belə regional qurumlar mövcud deyil. M.Qusman demişdir: “Müasir dünyada bütün informasiya agentlikləri XXI əsrin eyni tələbləri - yeni texnologiyalar, onların informasiya məkanına fəal tətbiqi, quldurluqla, informasiya terrorizmi ilə mübaizə, müəllif hüquqları uğrunda mübarizə, reklam bazarında qaşılıqlı fəaliyyət və bir çox digər oxşar problemlərlə qarşılaşdığına görə, belə bir Konqresin keçirilməsi zərurəti meydana çıxmışdır. Odur ki, zənnimizcə, bu cür məşvərətçi qurumun yaradılması, informasiya agentliklərinin yaxın perspektivdə fəaliyyətinin strateji istiqamətinin müəyyənləşdirilməsi çox mühüm vəzifədir”. Onun sözlərinə görə, Konqresin yekunlarına əsasən, müxtəlif qitələrin informasiya agentliklərini müasir dövrün irəli sürdüyü problemlərin qarşılıqlı surətdə dərk edilməsində birləşdirəcək hər hansı bir qurumun, – Şuranın və ya Forumun yaradılması zərurəti meydana çıxa bilər.
M.Qusman, həmçinin vurğulamışdır ki, Konqresdə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin, habelə YUNESKO-nun baş direktoru K.Matsuuranın iştirak və çıxış edəcəkləri, BMT-nin baş katibi Kofi Annanın təbrik məktubunun oxunacağı gözlənilir. Belə ki, Konqres YUNESKO-nun və BMT-nin himayəsi ilə keçiriləcəkdir.
M.Qusman demişdir: “Təbii ki, AZƏRTAC-ın rəhbərliyi də Konqresə dəvət edilmişdir və biz həmkarlarımızı salamlamaqdan məmnun olacağıq.