MOSKVANIN ÇERKİZOVO BAZARINDA PARTLAYIŞI MİLLƏTÇİLƏR TÖRƏTMİŞLƏR
Prokuror demişdir ki, bu dəhşətli cinayəti Udmurtiyanın Qlazovo şəhərinin sakini, Moskva Dövlət Sosial Universitetinin tələbəsi İlya Tixomirov, moskvalılar - Mendeleyev adına Rusiya Akademiyasının tələbəsi Oleq Kostıryov və Moskva Dəmir Yol Nəqliyyatı Mühəndisləri İnstitutunun birinci kurs tələbəsi Valeri Jukovtsev törətmişlər.
Y.Syominin sözlərinə görə, Çerkizovo bazarında partlayış törətmək ideyası Kostıryova və Tixomirova məxsusdur. Prokuror demişdir: “Kostıryov yataqxanada internetdən götürdüyü resept əsasında partlayıcı qurğu, Tixomirov isə partladıcı düzəltmişlər. Əldəqayırma bombanın komponentlərini, demək olar, asanlıqla tapmaq mümkündür. Ləngidici rolunu oynayan zəngli saatdan, məftillərdən və batareyalardan ibarət partladıcı da mürəkkəb qurğu deyildir”.
Məlum olmuşdur ki, Kostıryov və Tixomirov hadisəni törətməzdən əvvəl öz planları barədə Jukovtsevə danışmışlar. O isə, öz növbəsində, müşahidə aparmalı və aradan çıxmağı təmin etməli idi. Cinayət ərəfəsində üçlük kəşfiyyat aparmış və bombanın qoyulacağı yeri müəyyən etmişdir. Təyin olunmuş gün onlar metroya minərək, komponentlərlə dolu iki çantanı bazara gətirmiş və partladıcı qurğunu hazır vəziyyətə gətirmişlər. 55 saniyədən sonra partlayış baş vermişdir. Jukovtsev yoldaşlarının aradan çıxmasını təmin etmək əvəzinə, özü qaçmış, Kostıryovu və Tixomirovu isə bazarın mühafizəçiləri digər adamlarla birlikdə yaxalamışlar.
Prokurorun sözlərinə görə, saxlanılan şəxslər vəkillərin yanında təqsirlərini boyunlarına almış, bombanı hazırladıqları və komponentlərin saxlandığı yeri göstərmişlər. Y.Syomin demişdir: “Komponentlər o qədər çox idi ki, hətta bir neçə partladıcı qurğu düzəltmək olardı. Axtarış zamanı bütün dəlillər aşkar edilmişdir”.
Sonda prokuror vurğulamışdır ki, cinayət törətmiş bu şəxslər millətçilik bəlasına tutulmuşlar, lakin onlar siyasi yönümlü mütəşəkkil qruplara daxil deyillər.