Mövsümün ilk cıdır yarışlarının qalibləri məlum olub
Bakı, 7 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) bu ilin cıdır mövsümünə start verib.
AZƏRTAC xəbər verir ki, mövsümün ilk cıdır yarışı aprelin 7-də Binə Atçılıq Mərkəzi ərazisindəki hippodromda keçirilib.
Beş qaçışdan ibarət olan yarışda üç yaş və yuxarı ərəb atları 1000 metr, üç yaş ingilis atları 1600 metr, üç yaş Qarabağ və Dilbaz atları 1000 metr, dörd yaş və yuxarı Qarabağ və Dilbaz atları 1600 metr, dörd yaş və yuxarı ingilis atları isə 2000 metr məsafədə güclərini sınayıb.
Üç yaşlı Qarabağ və Dilbaz atlarının yarışında jokey Orxanbəy Hacıyev “Laləzar” ləqəbli atla birinci, jokey Vüsal Nəzərov “Yalçın qız” ləqəbli atla ikinci, jokey Hilal Nəzərov “Zirvə” ləqəbli atla üçüncü yerə çıxıb.
Üç yaş və yuxarı ərəb atlarının yarışında jokey Azər Əliyev “Pamir” ləqəbli atla birinci, jokey Rauf Tahirov “Ekru” ləqəbli atla ikinci, jokey Hilal Nəzərov “Renessans-tersk” ləqəbli atla üçüncü yerə yüksəlib.
Dörd yaş və yuxarı Qarabağ və Dilbaz atlarının yarışında jokey Azər Əliyev “Dəmir” ləqəbli atla birinci, jokey Nazim Azayev “Qaradaq” ləqəbli atla ikinci, jokey Rəşad Həsənov “Qalxan” ləqəbli atla üçüncü yeri qazanıb.
Üç yaşlı ingilis atlarının yarışında jokey Rauf Tahirov “Atilla” ləqəbli atla birinci, jokey Orxanbəy Hacıyev “Sweet turf” ləqəbli atla ikinci, jokey Vüsal Nəzərov “Mavritaniya” ləqəbli atla üçüncü yeri əldə edib.
Dörd yaş və yuxarı ingilis atlarının yarışında isə jokey Orxanbəy Hacıyev “Majestic Warrior” ləqəbli atla birinci, jokey Azər Əliyev “Cherry grey” ləqəbli atla ikinci, jokey Səxavət Azayev isə “Mr.Tornado” ləqəbli atla üçüncü yerin sahibi olub.