ORDU
Müdafiə naziri azad olunmuş ərazilərdə bir neçə yeni hərbi hissədə olub
Bakı, 4 avqust, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrdə tikinti-quruculuq işləri davam etdirilir.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov azad olunmuş ərazilərdə yerləşən yeni inşa edilmiş və əsaslı təmirdən çıxmış bir neçə hərbi hissədə olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir şəxsi heyətin döyüş hazırlığının səviyyəsini yoxlayıb, döyüş qabiliyyətinin artırılması ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.
General-polkovnik Zakir Həsənova məruzə olunub ki, komplekslər müasir avadanlıq, mebel və inventarlarla təchiz edilib. Hərbi hissələrdə silah otağı, yataqxana, yeməkxana, mətbəx, tibb məntəqəsi, ərzaq və əşya anbarları, hamam-sanitar qovşağı və ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar mövcuddur.
Şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirən müdafiə naziri xidmətdə fərqlənən bir qrup hərbi qulluqçunu qiymətli hədiyyələrlə təltif edib.
Nazir azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrin şəxsi heyətinin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması barədə müvafiq tapşırıqlar verib.
Sonda general-polkovnik Zakir Həsənov şəxsi heyətlə birgə nahar edib.