ORDU
Müdafiə Nazirliyi 8 Noyabr – Zəfər Günü münasibətilə videoçarx yayımlayıb VİDEO

Bakı, 8 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi 8 Noyabr - Zəfər Günü münasibətilə hazırlanmış videoçarxı ictimaiyyətə təqdim edib.
AZƏRTAC Müdafiə Nazirliyinin saytına istinadla xəbər verir ki, videoçarxda 2020-ci il sentyabrın 27-də düşmənin genişmiqyaslı təxribatlar törədərək mülki şəxsləri atəşə tutmasına cavab olaraq, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusunun əks-həmlə əməliyyatına başladığı qeyd edilib. Real döyüş görüntülərinin, o cümlədən düşmənə vurulan sarsıdıcı zərbələrin əks olunduğu videoçarxda Ordumuzun şəxsi heyətinin peşəkarlığı və qəhrəmanlığı sayəsində darmadağın edilən Ermənistan silahlı qüvvələrinin bölmələrinin atıb qaçdığı silah-sursat və döyüş texnikası izləyicilərə təqdim olunub.
Videoçarxda Azərbaycan Ordusunun işğaldan azad etdiyi şəhər və kəndlərimizdə üçrəngli bayrağımızın ucaldılmasını, o cümlədən dünya hərb tarixində qeyri-adi döyüş əməliyyatlarından biri kimi xüsusi yer tutan Şuşa əməliyyatı barədə ətraflı məlumat verilib. Videoçarxda Şuşa əməliyyatından sonra döyüş ruhu çökən düşmənin kapitulyasiya aktını imzalamaq məcburiyyətində qaldığı xüsusi vurğulanıb, dekabrın 10-da Bakıda Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Zəfər paradının keçirilməsinə dair görüntülər yer alıb.
Xüsusi vurğulanıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Zəfər yürüşü tarixə qızıl hərflərlə həkk olundu.