Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsindəki hərbi hissələrdə olub
Bakı, 31 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə müdafiə naziri, general-polkovnik Zakir Həsənov və birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqov cəbhəboyu rayonlarda yerləşən birlik, birləşmə və hərbi hissələrdə olublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin rəhbərliyi ön xətdə yerləşən hərbi hissələrdə düşmənlə üz-üzə səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşüb, onların sosial məişət şəraiti ilə maraqlanıb, hərbi qulluqçuları bayramlar münasibətilə təbrik edərək onlara hədiyyələr təqdim edib.
Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin göstərişinə əsasən, yeni tikilmiş və müasir avadanlıqla tam təchiz edilmiş hərbi hissələrin açılış mərasimləri keçirilib.
Müdafiə Nazirliyinin rəhbərliyi yeni istifadəyə verilmiş hərbi hissələrin qərargahı, əsgər yataqxanaları, tədris kompleksləri, döyüş texnikaları üçün saxlanclar, qarovul şəhərciyi, sıra meydanı, yeməkxanalar, tibb məntəqəsi, qazanxana, camaşırxana və hamamxana kompleksi və digər obyektlərlə tanış olublar.
Şəxs heyət qarşısında çıxış edən nazir Zakir Həsənov Ali Baş Komandanın ordu quruculuğuna göstərdiyi yüksək diqqət və qayğının nəticəsi olaraq son vaxtlar döyüş və mənəvi-psixoloji hazırlığın daha da gücləndirilməsi, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması, maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində görülən işləri diqqətə çatdırıb.
Başa çatmaqda olan ilin Silahlı Qüvvələr üçün uğurlu olduğunu qeyd edən nazir düşmənin bütün təxribatlarının qarşısının müvəffəqiyyətlə alındığını, cəbhədə tam üstünlüyün ordumuzun tərəfində, düşmənin isə qorxu içində olduğunu, erməni əsgərlərinin və zabitlərinin xidmətdən boyun qaçırdıqlarını qeyd edib.
Ali Baş Komandan və Azərbaycan xalqının Silahlı Qüvvələr qarşısında tələbinin birmənalı şəkildə işğal altındakı torpaqlarımızın düşməndən azad edilməsi olduğunu xatırladan müdafiə naziri 2015-ci ildə ordunun bu vəzifəni yerinə yetirməsi üçün daim döyüş hazırlığı vəziyyətində olmasının zəruriliyini vurğulayıb.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə şəxsi heyəti təbrik edən müdafiə naziri gələcək xidmətlərində onlara uğurlar diləyib.
Sonra cəbhə bölgəsində yerləşən hərbi hissədə şəxsi heyətin daimi istiliklə təmin olunması məqsədilə ön xətdə yerləşən bölmələrə çəkilən təbii qaz xəttinə mavi yanacağın verilməsinin rəmzi olan məşəl alovlandırılıb. Həmçinin şəxsi heyətin iştirakı ilə uzunömürlülüyün rəmzi olan çinar ağacı əkilib.
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçularla birlikdə nahar edib.
Zakir Həsənov yeni işə başlayan mülki işçilərlə görüşüb, onları dinləyib və müvafiq tapşırıqlarını verib.
Səfər zamanı Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində yerləşən hərbi hospitala baş çəkib, tibbi personalla görüşüb və müalicə olunan hərbi qulluqçulara bayram sovqatları təqdim edib.
Müdafiə naziri yüksək döyüş hazırlığının, vətənpərvərlik ruhunun, əzmkarlığın, nizam-intizamın möhkəmləndirilməsində və qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsində əldə etdikləri nailiyyətə görə şəxsi heyətə təşəkkürünü bildirib, onları fəxri fərmanla mükafatlandırıb, xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya isə qısamüddətli məzuniyyət elan edib.
Eyni zamanda, nazirliyin rəhbərliyi cəbhə bölgəsində yeni inşa edilən təlim mərkəzində və hərbi hissə şəhərciyində olub, tikinti-quruculuq işləri ilə bağlı müvafiq tapşırıqlar verib.
Bildirilib ki, 2015-ci ildə müasir standartlara uyğun, tam təmin edilmiş 10-a yaxın hərbi şəhərciyin istifadəyə verilməsi nəzərdə tutulub.
Zakir Həsənovun göstərişinə əsasən, bayram günlərində müdafiə nazirinin müavinləri və qoşun növləri komandanları da birlik, birləşmə və hərbi hissələrdə olub, şəxsi heyəti təbrik ediblər.
Cəbhə bölgəsində yerləşən hərbi hissələrin şəxsi heyəti Müdafiə Nazirliyinin rəhbərliyini əmin edib ki, göstərilən diqqət və qayğıdan, xidmət üçün yaradılan ən müasir şəraitdən ruhlanaraq bundan sonra da Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmrlərinə hər an hazırdır.