Murmanskda Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü qeyd ediləcəkdir
Bakı, 6 may (AZƏRTAC). Murmansk vilayət hökumətinin rəsmi saytında mayın 6-da Azərbaycanın böyük oğlu Heydər Əliyev haqqında məqalə dərc edilmişdir. Məqalədə xalqımızın ümummilli liderinin anadan olmasının 88-ci ildönümünün qəhrəman şəhər Murmanskda necə qeyd ediləcəyi barədə söhbət açılır. Rəsmi portal yazır ki, Azərbaycanda hər il may ayında görkəmli siyasi xadim Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş bayram tədbirləri keçirilir.
Ümumrusiya Azərbaycanlılar Konqresinin regional bölməsinin, diaspor fəallarının və Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) təşkilati dəstəyi ilə bu il Murmanskda da Heydər Əliyevin 88 illiyinə həsr edilmiş tədbirlər keçiriləcəkdir.
Mayın 7-də Murmansk vilayət rəsm muzeyində bayram tədbiri olacaqdır.
Tədbir iştirakçıları Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş kitablar, albomlar, fotoşəkillərlə tanış olacaq, filmə tamaşa edəcəklər. Tədbirdə Murmansk vilayətinin müxtəlif diasporlarının, ictimai təşkilatlarının nümayəndələri, Kandalakşa, Kola, Severomorsk, Polyarnıye Zori, Oleneqorsk, Monçeqorsk, Apatit şəhərlərindən jurnalistlər və qonaqlar iştirak edəcəklər.
2011-ci il mayın 8-də bayram tədbirləri “Jemçujina Vostoka” özfəaliyyət ansamblının, həmvətənlərimiz qarşısında çıxış etmək üçün Murmanska dəvət edilmiş məşhur Azərbaycan musiqi ulduzlarının iştirak edəcəyi konsert proqramı ilə davam edəcəkdir.