“MÜSTƏQİL AZƏRBAYCAN HEYDƏR ƏLİYEVİN ŞAH ƏSƏRİDİR” MÖVZUSUNDA İNŞA MÜSABİQƏSİNİN QALİBLƏRİ MÜKAFATLANDIRILMIŞDIR
AZƏRTAC xəbər verir ki, aprelin 30-da “Gülüstan” sarayında ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 85-ci ildönümü münasibətilə Təhsil Nazirliyi, Yeni Azərbaycan Partiyası və Həmkarlar İttifaqları Konfederasiyasının məktəblilər arasında keçirdikləri “Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir” inşa müsabiqəsinin qaliblərinə mükafatların təqdimetmə mərasimi keçirilmişdir.
Təhsil naziri Misir Mərdanov bildirmişdir ki, onun müvafiq əmrinə əsasən təşkil olunmuş inşa müsabiqəsi artıq ikinci dəfədir ki, keçirilir. Müsabiqənin məktəb, rayon, şəhər mərhələsində respublikamızın ümumtəhsil, texniki peşə məktəbləri və liseylərinin 7-11-ci siniflərinin 800 mindən artıq şagirdi iştirak etmişdir. Birinci mərhələdə qalib olmuş inşa yazıları rayon, şəhər turuna keçmiş, burada seçilmiş işlər isə Respublika mərhələsinə vəsiqə almışdır. Bakının Heydər Əliyev adına liseyində keçirilən yekun mərhələsində 126 şagird iştirak etmişdir. Məktəblilərin yazı işləri şəxsən nazirin özü tərəfindən kodlaşdırılaraq, tərkibi respublikanın ən yaxşı müəllimlərindən və nazirliyin məsul əməkdaşlarından formalaşmış komissiya tərəfindən qiymətləndirilmişdir.
Yekun mərhələ iştirakçılarının inşa yazıları “Heydər Əliyev məktəblilərin gözü ilə” adı altında kitab şəklində nəşr edilmişdir. Nəfis tərtib olunmuş kitaba Naxçıvan MR-də keçirilmiş 10 müsabiqə qalibinin inşa yazıları da daxil edilmişdir.
Tədbirdə Təhsil Nazirliyinin mətbuat xidməti tərəfindən hazırlanmış “Heydər Əliyev və Azərbaycan təhsili” filmi nümayiş etdirilmişdir.
İnşa müsabiqəsinin qaliblərini təbrik edən YAP sədrinin müavini, partiyanın icraçı katibi, Milli Məclisin deputatı Əli Əhmədov qeyd etmişdir ki, xalqımızın tarixində böyük şəxsiyyətlər çox olmuşdur. Lakin Azərbaycan xalqı yalnız Heydər Əliyevi ümummilli lideri kimi qəbul edir. Çünki ulu öndər Azərbaycan tarixinin, dövlətçiliyinin formalaşmasına və inkişafına əvəzsiz töhfələr vermişdir. Ulu öndərin missiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ümummilli liderin yubileyinin hər yerdə təntənəli şəkildə qeyd olunduğunu söyləyən Əli Əhmədov, inşa yazı müsabiqəsinin bu tədbirlər sırasında xüsusi yer tutduğunu vurğulamışdır. Bu müsabiqəni dövlətçilik, vətənpərvərlik, yaradıcılıq və intellekt məktəbi adlandıran YAP sədrinin müavini onun ənənəyə çevriləcəyini, hər il təşkil ediləcəyini bildirmişdir.
Yekun turda iştirak etmiş 63 şagirdə içərisinə qeyd olunan kitab qoyulmuş çanta və fəxri fərman təqdim olunmuşdur. Müsabiqədə birinci yeri tutmuş 5 nəfərə noutbuk, ikinci yeri tutmuş 5 nəfərə videokamera, üçüncü yeri tutmuş 10 nəfərə isə fotoaparat, fəxri diplom və çanta təqdim olunmuş, sürətlə inkişaf edən Azərbaycanın gələcəyi naminə təhsillərində müvəffəqiyyətlər arzulanmışdır.
Əli Əhmədov YAP rəhbərliyinin müsabiqə qaliblərinin gələcəkdə qəbul olunub təhsil aldıqları ali məktəblərdə onlara fəxri təqaüdlərin verilməsi barədə qərarını diqqətə çatdırmışdır.
######
