MÜSTƏQİL AZƏRBAYCANDA VERGİLƏR NAZİRLİYİ YARADILMASININ 6 İLLİYİ TAMAM OLMUŞDUR
İslahatların ilkin mərhələsi vahid vergi qanunvericiliyinin yaradılmasından ibarət olmuşdur. 1999-2000-ci illərdə beynəlxalq maliyyə qurumları, yerli və xarici sahibkarlar, mütəxəssislərlə birgə ölkədə vahid vergi qanunvericiliyi - Vergi Məcəlləsi hazırlanmışdır. Bu sənəd Milli Məclisdə də geniş müzakirə olunaraq 2000-ci ilin iyul ayında qəbul edilmiş və 2001-ci il yanvarın 1-dən qüvvəyə minmişdir. Bununla da Azərbaycanda tətbiq olunan vergilərin dəqiq siyahısı, vergi ödəyicilərinin və vergi orqanlarının hüquq və vəzifələri, vergilərin ödənilməsi üzrə öhdəliklərin yaranmasının əsasları və icrasının qaydaları, vergi güzəştlərinin miqyasları müəyyənləşdirilmişdir. Məsələn, aqrar sahədə inkişafı stimullaşdırmaq məqsədi ilə dövlətimizin başçısının Fərmanı ilə kənd təsərrüfatı istehsalçıları, sonradan daha 5 il olmaqla, 5 il müddətinə, banklara əmanətlərin cəlb olunmasını stimullaşdırmaq məqsədi ilə əmanətlərdən əldə edilən faiz gəlirləri vergilərdən azad edilmişdir. Ölkədə vergilərin sayı azaldılmış, vergi dərəcələri aşağı salınmış, kiçik sahibkarlıq subyektləri üçün sadələşdirilmiş vergi sistemi tətbiq edilmişdir. Hökumət vergi kreditləri və vergi təhlili kimi iqtisadi mexanizmlərdən istifadə etməyə başlamışdır.
Vergi qanunvericiliyinin müasirləşdirilməsi və təkmilləşdirilməsi istiqamətində tədbirlər hər il davam etdirilmişdir. Bununla bağlı, mütəmadi olaraq, Vergi Məcəlləsinə vergi ödəyicilərinin hüquqlarının qorunması, vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi nəzarətinin gücləndirilməsi, əlverişli vergi mühitinin yaradılması, optimal vergi dərəcələrinin müəyyənləşdirilməsi və qanunvericiliyin sadələşdirilməsi istiqamətində dəyişikliklər edilmişdir. Bu proses ötən il də davam etdirilmiş və mənfəət vergisinin dərəcəsi daha 2 faiz aşağı salınmış, fiziki şəxslərdən gəlir vergisinin tutulması mexanizmi təkmilləşdirilmiş, əlavə dəyər vergisi (ƏDV) fırıldaqçılığı ilə mübarizənin gücləndirilməsi məqsədi ilə qeydiyyat qaydaları sərtləşdirilmiş, vergi ödəyicilərinin hüquqları genişləndirilmişdir.
Vergilər Nazirliyi fəaliyyətə başlayandan ötən dövr ərzində yeni qanunvericilik bazasının yaradılması ilə paralel olaraq vergi inzibatçılığının təkmilləşdirilməsi prosesi də uğurla həyata keçirilmişdir. 2002-ci ilin ortalarında dövlətimizin başçısının yerli və xarici iş adamları ilə keçirdiyi görüşlərdan sonra sahibkarlığa dövlət qayğısının artırılması və onun inkişafına mane olan müdaxilələrin qarşısının alınması ilə bağlı fərmanlarda vergi orqanlarının üzərinə bir sıra mühüm vəzifələr qoyulmuş və bunun nəticəsində həmin ilin sonunda Vergilər Nazirliyinin strukturunda əsaslı dəyişikliklər edilmişdir. Aparılan məqsədyönlü islahatlar nəticəsində vergi orqanlarında çalışan işçilərin sayı 40 faizədək ixtisar olunmuşdur.
Bununla yanaşı, vergi xidmətində yeni iş prosesləri tətbiq edilmiş, vergi ödəyiciləri ilə vergi xidməti əməkdaşları arasında münasibətlərin müasirləşdirilməsi, vergi bəyannamələrinin poçtla qəbul edilməsi və bütün ödəmələrin banklar vasitəsilə həyata keçirilməsinə başlanmışdır.
Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, 2003-cü il yanvarın 1-dən vergi orqanları tərəfindən vergi ödəyicilərinin bank hesabları üzrə əməliyyatlarının məhkəməsiz dayandırılması barədə müddəa ləğv edilmiş, bank hesablarından vergilərin dövlət büdcəsinə cəlb olunması qaydaları sadələşdirilmiş və dəqiqləşdirilmiş, vergi orqanlarına gəlmədən hesabatların təqdim edilməsi üsulları, o cümlədən poçt vasitəsilə göndərilməsi qaydası müəyyənləşdirilmiş, sadələşdirilmiş verginin tətbiqi bazası daha da genişləndirilmiş, son nəticədə kiçik və orta sahibkarlıq subyektləri üçün əlverişli vergitutma mexanizmlərini özündə cəmləşdirən daha optimal bir sistem yaradılmışdır.
Ötən dövrdə vergi nəzarətinin təkmilləşdirilməsi istiqamətində də mühüm işlər görülmüşdür. Bundan əsas məqsəd əsassız, çox vaxt bir-birini təkrarlayan və intizamlı vergi ödəyicilərində haqlı narazılıq doğuran yoxlamaları aradan qaldırmaq, eyni zamanda, aparılan yoxlamaların səmərəliliyini yüksəltmək və operativliyini təmin etmək olmuşdur.
Qanunvericiliyə səyyar vergi yoxlamalarının dövrilik prinsipi əsasında deyil, qanun pozuntusuna yol verən, vergidən yayınan intizamsız vergi ödəyicilərində aparılmasını nəzərdə tutan müvafiq dəyişikliklər edilmişdir. Qanunvericiliyin vahid bazasının yaradılması məqsədi ilə operativ nəzarət qaydaları üzrə əsas müddəalar - gəlirlərin uçota alınması, qanunsuz sahibkarlıq fəaliyyətinin aşkar olunması, 2004-cü il yanvarın 1-dən Vergi Məcəlləsinə daxil edilmiş, operativ nəzarətin fəaliyyət sərhədləri dəqiqləşdirilmişdir.
Vergi nəzarətinin təkmilləşdirilməsi zamanı əsas diqqət səyyar vergi yoxlamalarının sayının azaldılması və keyfiyyətinin yüksəldilməsinə yönəldilmişdir. Məsələn, 2005-ci ildə aparılmış səyyar vergi yoxlamalarının sayı 1999-cu ildəkinə nisbətən 4 dəfə azalmış, yoxlamalar nəticəsində əlavə hesablanmış vəsaitin həcmi isə, əksinə, 5 dəfə artmışdır.
Vergi sistemində aparılan islahatların mühüm istiqamətlərindən biri də vergi ödəyicilərinə xidmətin yüksək səviyyədə təşkilindən ibarətdir. Bu məqsədlə 2002-ci il dekabrın 12-də nazirliyin mərkəzi aparatında Vergi Ödəyicilərinə Xidmət İdarəsi yaradılmışdır. Vergilər Nazirliyi tərəfindən MDB üzrə ilk dəfə olaraq, Bakı şəhərində “195” nömrəli vahid telefon-məlumat xidmətinin yaradılması vergi ödəyiciləri ilə operativ ünsiyyət baxımından çox faydalı və mütərəqqi tədbir kimi qiymətləndirilmişdir.
Ötən 6 ildə beynəlxalq vergi münasibətlərinin inkişaf etdirilməsi, digər dövlətlərin oxşar qurumları ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində xeyli iş görülmüş, xarici sərmayədarlar üçün əlverişli mühitin yaradılması məqsədi ilə təqribən 15 ölkə ilə “Gəlir və əmlak vergisinə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında” dövlətlərarası Beynəlxalq Sazişlər imzalanmışdır.
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən TASİS Proqramı əsasında “Vergi sisteminin müasirləşdirilməsi” layihəsi çərçivəsində bir sıra uğurlu tədbirlər həyata keçirilməkdədir.
Bu layihə 3 prioritet istiqaməti əhatə edir:
- vergi sistemində kadr potensialının təkmilləşdirilməsi üçün Tədris Mərkəzinin fəaliyyətinə yardım edilməsi, tədris planlarının tərtibi, treninqlərin keçirilməsi;
- TASİS Proqramı çərçivəsində vergi ödəyicilərinə xidmət sahəsinin metodiki təminatı layihəsinin reallaşdırılması;
- mərkəzi aparatla Bakı şəhərində yerləşən departament və filiallar arasında operativ informasiya mübadiləsini təmin etməyə imkan verən korporativ şəbəkənin qurulması.
Bu vəzifələrin hamısı demək olar ki, yerinə yetirilmiş, bununla yanaşı, Vergi Məcəlləsinin tətbiqinə dair tövsiyələr hazırlanmışdır.
Hazırda ABŞ Xəzinədarlıq Departamenti, Vergi Administrasiyalarının Avropadaxili Təşkilatı, İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı ilə də münasibətlər uğurla davam etdirilir.
2002-ci ildə vergi xidməti işçilərinin peşə hazırlığının yüksəldilməsi məqsədi ilə Vergilər Nazirliyinin Tədris Mərkəzi fəaliyyətə başlamışdır. Hazırda burada vergi orqanı işçilərinin peşə hazırlığının təkmilləşdirilməsi və ixtisaslarının artırılması, eləcə də KİV nümayəndələrinin vergi sahəsində biliklərinin zənginləşdirilməsi üzrə yüksək səviyyədə kurslar, seminar-məşğələlər təşkil edilir.
Ötən il vergi orqanlarında tamamilə şəffaf və demokratik üsullarla işə qəbul kampaniyası keçirilmişdir. Avqustun 3-dən 23-dək müsabiqədə iştirak etmək istəyən 361 nəfərdən sənədlər qəbul edilmiş, onlardan 345 nəfər Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birgə keçirilən test imtahanında iştirak etmişdir. İmtahan suallarının 70 faizindən çoxunu düzgün cavablandıran 117 namizədin Vergilər Nazirliyində yaradılan işə qəbul komissiyasının üzvləri ilə görüş-müsahibəsi keçirilmişdir. Bu mərhələni 76 nəfər uğurla başa vurmuşdur. Artıq onlardan 50 nəfəri vergi orqanlarında müvafiq işlə təmin olunmuşdur. Qalanları “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 3 il müddətinə Vergilər Nazirliyinin kadr ehtiyatına götürülmüşlər. Həmin müddətdə boş iş yerləri yarandıqca, onların da işə qəbulu təmin ediləcəkdir.
Ötən il Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə “Azərbaycan Respublikasında vergi inzibatçılığının təkmilləşdirilməsi Dövlət Proqramı (2005-2007-ci illər)” təsdiq olunmuşdur. Bu proqram vergi orqanlarının texnoloji baxımdan yeniləşməsini, vergi ödəyiciləri üçün mükəmməl consalting və apellyasiya sisteminin formalaşdırılmasını və vergi nəzarəti mexanizmlərinin təkmilləşdirilməsini təmin edəcəkdir. Artıq Vergilər Nazirliyində proqramın icrası ilə əlaqədar müvafiq layihələr hazırlanmış və bu tədbirlərin həyata keçirilməsi ilə bağlı genişmiqyaslı işlərin görülməsinə başlanılmışdır.
Vergi sistemində həyata keçirilən islahatlar nəticəsində əldə olunan mühüm nailiyyətlərdən biri də vergi daxilolmalarının yüksək artım sürətinin təmin olunmasıdır. 2005-ci ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxil olmuş vəsaitin həcmi 1999-cu illə müqayisədə 3,5 dəfə artmışdır.
Qeyd edək ki, vergi islahatlarının bundan sonra da davam etdirilməsi və daha çevik vergi sisteminin yaradılması nəzərdə tutulur. Vergi orqanlarının müasirləşdirilməsi ilə bağlı bir sıra layihələrin hazırlanması və tətbiqi planlaşdırılır. Bundan başqa, gələcəkdə operativ vergi nəzarəti və vergi ödəyicilərinə xidmət işlərinin, eləcə də ƏDV sahəsində vergi inzibatçılığının təkmilləşdirilməsi və s. tədbirlərin həyata keçirilməsi də qarşıda duran vəzifələrdəndir.
Ümumiyyətlə, bu il vergi orqanları qarşısında mühüm vəzifələr qoyulmuşdur. Təsdiq edilmiş dövlət büdcəsində vergi daxilolmalarının həcmi 2,24 milyard manat səviyyəsində, yəni 2005-ci illə müqayisədə 57,7 faiz artımla müəyyənləşdirilmişdir. Vergilər Nazirliyi aparılan islahatları daha da dərinləşdirməklə büdcə daxilolmalarının tam həcmdə yerinə yetirilməsini təmin edəcəkdir.