SİYASƏT
Müstəqil Azərbaycanın gələcəyi daha parlaqdır
Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul olunsa da, ölkəmiz özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin qayıdışından sonra əldə etdi. 1993-cü ildə Ulu Öndərin hakimiyyətə qayıdışı ilə Azərbaycanın tarixində yeni mərhələ başlandı. Bugünkü uğurlarımız isə tam deməyə əsas verir ki, Azərbaycanın gələcəyi daha parlaqdır.
Bu sözləri oktyabrın 18-də Dövlət Müstəqilliyi Günü ilə əlaqədar Suraxanı rayonunda keçirilmiş konfransda rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov deyib.
İcra hakimiyyətinin və YAP Suraxanı rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə İ.Abbasov bildirib ki, məhz Ümummilli Liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı.
İcra başçısı Azərbaycan xalqının uzun illər müstəqillik uğrunda apardığı mübarizədən, bu müstəqilliyin qorunub saxlanmasında və möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin xidmətlərindən danışıb.
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatı Sevinc Fətəliyeva və başqaları müstəqillik yolunda Azərbaycan xalqının çoxillik mübarizə tarixindən, müstəqilliyin bərpasında və onun qorunmasında ümummilli lider Heydər Əliyevin xidmətlərindən danışıblar.
Çıxışlarda bildirilib ki, Prezident İlham Əliyevin praqmatik siyasəti və yüksək idarəçilik qabiliyyəti sayəsində Azərbaycan dinamik inkişafını davam etdirir, zaman keçdikcə ölkəmizin siyasi çəkisi artır, iqtisadi cəhətdən qüdrətlənir və zəngin mədəni irsini dünyaya tanıdır.
Tədbir iştirakçıları “Müstəqillik” filminə də baxıblar.