Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların sayı nəzərəçarpacaq dərəcədə azalıb
Ordubad, 14 mart, AZƏRTAC
Muxtar respublikada ana və uşaqlara göstərilən qayğının və aparılan maarifləndirici tədbirlərin nəticəsində sağlamlıq imkanları məhdud uşaqların sayı ötən illərlə müqayisədə nəzərəçarpacaq dərəcədə azalıb.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Ordubad rayonunun Vənənd kəndində “Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda keçirilən tədbirdə bu barədə ətraflı danışılıb.
Tədbirdə çıxış edən Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Hüseynli belə tədbirlərin əhəmiyyətini vurğulayıb.
Muxtar respublikanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxışında bildirib ki, milli dəyərlərin, adət-ənənələrin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsində ailənin böyük rolu vardır. Ailədə hər iki tərəf ailənin bütövlüyünün qorunması, övladlarının hərtərəfli və sağlam böyüməsi üçün çalışmalıdır. Həmçinin qadınların sağlamlığının qorunması, yeni nəslin sağlam böyüməsi üçün ailə planlaşdırılması məsələsinə xüsusi diqqət yetirilməli, nikahdan əvvəl irsi qan xəstəlikləri yoxlanılmalıdır.
Ramilə Seyidova qeyd edib ki, Ordubad rayonu üzrə 17 min 921 uşaq vardır. Həmin uşaqlardan 143-ü sağlamlıq imkanları məhduddur. Bu da ümumi uşaqların 0,79 faizini təşkil edir. Muxtar respublika üzrə 1847 sağlamlıq imkanları məhdud uşaq vardır ki, bu uşaqların da 7,74 faizi Ordubad rayonunun payına düşür. Görülən tədbirlər deməyə əsas verir ki, sağlamlıq imkanları məhdud uşaqların sayı bundan sonra da aşağı düşəcəkdir.
“Qadınlarda virus hepatitlərinin fəsadları, bətndaxilindəki uşağın xəstəlikləri və onlarla mübarizə yolları” mövzusunda çıxış edən Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin həkim ginekoloqu, tibb elmləri üzrə fəlsəfə doktoru Gültəkin Əliyeva qadınların sağlamlıqlarının qorunması yolları, reproduktiv sağlamlıq, həmçinin Ordubad rayonu üzrə doğulan sağlamlıq imkanları məhdud uşaqların əsas xəstəliklərinin yaranma səbəbləri barədə slayd vasitəsilə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Sonda iştirakçıların sualları cavablandırılıb, onlara müvafiq mövzularda maarifləndirici broşürlər paylanılıb.