Muxtar respublikanın 221 məktəbində videobağlantı vasitəsilə açıq dərs keçirilib
Naxçıvan, 31 mart, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə muxtar respublikanın 221 məktəbi ilə Naxçıvan şəhərindəki Xatirə Muzeyi arasında videobağlantı vasitəsilə açıq dərs keçirilib.
AZƏRTAC xəbər verir ki, “31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür” mövzusunda keçilən açıq dərsdə muzeyin direktoru Aytən Mikayılova muzey haqda şagirdlərə ətraflı məlumat verib.
Bildirilib ki, burada 400-ə yaxın eksponat nümayiş etdirilir. Ötən əsrin əvvəllərindən başlayaraq təcavüzkar erməni daşnaklarının xalqımıza qarşı törətdikləri dəhşətli cinayətlərin izləri eksponatlarda öz əksini tapıb. Muzeydə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan 365 naxçıvanlının xatirəsi əbədiləşdirilib ki, onlardan da 8 nəfəri Azərbaycanın Milli Qəhrəmanıdır.
Qeyd olunub ki, muzeydə milli faciə tariximizin unudulmayacaq səhifələrindən biri olan 31 Mart soyqırımını özündə əks etdirən müxtəlif fotoşəkillər, xəritələr və sənədlər nümayiş etdirilir. Ermənilərin azərbaycanlılara qarşı törətdikləri bu soyqırımı aktları və deportasiya ilə bağlı məsələyə ilk siyasi-hüquqi qiymət ümummilli lider Heydər Əliyev tərəfindən verilib. Ulu öndər Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman bu baxımdan mühüm tarixi sənəddir.
Açıq dərsdə vurğulanıb ki, görkəmli dövlət xadimi Heydər Əliyevin bu sahədəki fəaliyyətini Prezident İlham Əliyev prinsipiallıqla davam etdirməkdədir. Hazırda Azərbaycan dövləti erməni təcavüzünün nəticələrinin aradan qaldırılması, Dağlıq Qarabağ münaqişəsinin respublikamızın ərazi bütövlüyü çərçivəsində həll olunması, ölkəmizin ədalətli mövqeyinin dünyanın aparıcı dövlətləri və nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən dəstəklənməsi və müdafiəsi istiqamətində ardıcıl və məqsədyönlü iş aparmaqdadır.
Açıq dərsdə şagirdlərin sualları cavablandırılıb.