Muxtar respublikanın dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün keçirilən esse imtahanı yekunlaşıb
Naxçıvan, 22 dekabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının dövlət orqanlarında mətbuat xidmətlərinin fəaliyyətlərinin təşkili və qarşıda duran vəzifələrlə bağlı 2018-ci il mayın 19-da keçirilən müşavirədə qarşıya qoyulan tapşırıqların icrasının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət orqanlarında mətbuat və ictimaiyyətlə əlaqələr üzrə vakant vəzifələrin tutulması üçün keçirilən esse imtahanı başa çatıb.
Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, imtahan başlanmamışdan əvvəl iştirakçılar imtahan qaydaları haqqında məlumatlandırılıb, esse yazmaq üçün onlara 90 dəqiqə vaxt verilib.
İmtahanda iştirakçılara müstəqil mühakimə yürütmək və əsaslandırmaq bacarığını nümayiş etdirməyə imkan verən “Ötən 25 ildə müasir Naxçıvan” mövzusu təqdim edilib. İştirakçılar esse yazarkən fikirlərini məntiqi ardıcıllıqla ifadə edib və abzaslarla fərqləndirib, təhliletmə, tətbiqetmə, ümumiləşdirmə və məntiqi nəticəçıxarma qabiliyyətini nümayiş etdirib, fikir və düşüncələrini anlaşıqlı, məntiqli və aydın, ədəbi dilin normalarına uyğun şəkildə ifadə etməyə çalışıblar.
Yazı işləri yoxlanılarkən yuxarıdakı meyarlar nəzərə alınıb və iştirakçıların yaradıcılıq qabiliyyətləri qiymətləndirilib. Esse mərhələsində iştirak etmək üçün sənəd təqdim edən 12 nəfərdən 12-si imtahanda iştirak edib, onlardan 8-i müvafiq keçid balını toplayaraq müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb.
İmtahanın nəticələri Dövlət İmtahan Mərkəzinin rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilib.