REGİONLAR
Naftalanda xarici turistlərin də iştirakı ilə ağacəkmə aksiyası keçirilib
Naftalan, 15 fevral, AZƏRTAC
Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl dünya naminə həmrəylik ilinin elan edilməsi məqsədyönlü siyasətin məntiqi nəticəsidir” mövzusunda tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin şərəfli ömür yolunu əks etdirən fotoeksponatlarla tanış olub, daha sonra bitkilərdən ibarət sərgiyə baxış keçiriblər.
“Təbiəti qoruyaq” adlı videoçarxın nümayişindən sonra bildirilib ki, bu gün Azərbaycan dünyada gedən iqlim dəyişikliyi proseslərinə ən həssas yanaşan azsaylı ölkələrdəndir. Ötən il Prezidentin müvafiq Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi təkcə ölkəmiz üçün deyil, bütün dünya üçün qlobal çağırışdır.
Çıxış edən natiqlər “Qlobal İqlim Dəyişikliyinin həlli qlobal həmrəylik tələb edir”, “Yaşıl dünya naminə dövləti ilə həmrəy olan vətəndaş cəmiyyəti” mövzusunda ətraflı məlumat verərək qeyd ediblər ki, Azərbaycanda son 30 ildə Ermənistanın işğalçılıq siyasəti səbəbindən ekosistemə çox ciddi zərər vurulmuş və mühüm bir hissəsi dağıdılmış, ətraf mühit müxtəlif çirklənmələrə məruz qalmışdır.
Sonda tədbir iştirakçılarına maarifləndirici bukletlər və həmişəyaşıl bitkilər paylanılıb.
Tədbirin rəsmi hissəsindən sonra Naftalanda müalicə alan bir qrup xarici turistlə birgə şəhərin yeni Bayraq Meydanında ağacəkmə aksiyası keçirilib. Aksiyada 100-dən çox zeytun və Oleandr ağacları əkilib.