Naftalanlılar Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmişlər
Naftalan, 26 fevral (AZƏRTAC). Xocalı faciəsinin anım günündə Naftalanın “Şəhidlər abidəsi” kompleksinin qarşısına yüzlərlə şəhər sakini toplaşmışdır. Əllərində tər qərənfillər tutmuş şəhər ictimaiyyəti nümayəndələrinin üzündən kədərlə yanaşı, bir intiqam hissi də oxunurdu.
AZƏRTAC xəbər verir ki, mərasimdə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni cəlladlarının Xocalıda törətdikləri vəhşiliklərin qurbanlarına çevrilən şəhid soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov 21 il əvvəl erməni silahlı dəstələrinin keçmiş sovet ordusunun Xankəndidəki 366-cı motoatıcı alayının köməyi ilə dinc azərbaycanlılara qarşı törətdikləri soyqırımından danışmış və bildirmişdir ki, Xocalı şəhərinin işğalı zamanı bir gecədə vəhşi qətliamın qurbanı olan 613 dinc sakindən 63 nəfəri uşaq olmuşdur. Günahsız körpələr, yeniyetmələr amansızcasına, müxtəlif işgəncələrlə öldürülmüş, başları kəsilmiş, gözləri çıxarılmış, süngüyə taxılmışdır.
Anım mərasimində o da vurğulanmışdır ki, yalnız ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Xocalı faciəsi soyqırımı faktı kimi dünya ictimaiyyətinə çatdırılmış, bu hadisələrin dövlətlər tərəfindən tanınmasının əsası qoyulmuş və hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonra məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir. Anım mərasiminin iştirakçıları növbə ilə abidəni ziyarət etmiş, üstünə tər qərənfillər düzməklə şəhid xocalıların xatirəsinə ehtiramlarını bildirmişlər.