NARKOTİKLƏRLƏ MÜBARİZƏ MÜTƏŞƏKKİL APARILMALIDIR
Konfransın sonuncu - “nazirlik günündə” təxminən 50 ölkənin xarici siyasət idarələrinin başçıları iştirak etmişlər. Tədbirdə ölkəmizi təmsil edən mötəbər nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov, milli təhlükəsizlik nazirinin müavini Əli Nağıyev, Dövlət Sərhəd Xidməti rəisinin müavini Asif Cəbrayılov, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi rəisinin müavini Məzahir Əliyev daxil idilər.
Rusiya xarici işlər naziri Sergey Lavrov çıxışında bildirmişdir ki, onun ölkəsi bu konfransa dünyanı heroin təhlükəsindən müdafiə edən beynəlxalq koalisiyanı formalaşdıran bir vasitə kimi baxır. Narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə dünya birliyinin gündəliyində layiqli yer tutmalıdır və Əfqanıstanı narkotiklərin asılılığından qurtarmaq üçün ümumi səylərə və təşəbbüslərə gərgin işlə dəstək vermək lazımdır. S.Lavrov diqqəti narkobiznesin terrorizm və ekstremizmlə birləşməsi təhlükəsinə yönəldərək demişdir ki, bu, beynəlxalq və regional təhlükəsizlik üçün qorxuludur. Nazir bu bəşəri bəla ilə mütəşəkkil mübarizə aparmağa çağırmışdır. Bu fikir “nazirlik görüşünün” bütün iştirakçıları tərəfindən dəstəklənmişdir.
Konfransın yekunlarına əsasən qəbul olunmuş bəyanatda narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə bütün dövlətlərin və beynəlxalq təşkilatların səylərinin daha sıx əlaqələndirilməsinin vacibliyi vurğulanır.